Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Koronavirus xəstələri üçün tikilən modul xəstəxanaların aqibəti NECƏ OLDU?
Azərbaycanda hazırda xüsusi karantin rejimidir. Belə ki, mart ayında Nazirlər Kabinetinin qərarı ilə koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 iyul saat 06:00-dək uzadılıb.
Hazırda ölkədə koronavirusa neçə nəfərin yoluxması barədə məlumat yoxdur. Çünki Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvar ayına dair sonuncu statistikası fevral ayının 2-də yayılıb. O müddətdən sonra virusa yoluxma, xəstəlikdən sağalan və ölənlərin sayı ilə bağlı məlumat verilməyib.
Məlumdur ki, ölkədə koronavirusa yoluxma halı qeydə alındığı gündən bir çox mübarizə tədbirləri görülüb. Həmin tədbirlərdən biri də xəstələrin müalicəsi üçün modul tipli xəstəxanaların fəaliyyətə başlaması idi.
Maraqlıdır, koronavirus xəstələrinin müalicəsi üçün bir neçə modul tipli xəstəxana açılıb və hazırda koronavirusa yoluxanların sayının azlığını nəzərə alsaq, onlar fəaliyyətlərini davam etdirirlərmi?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bir modul tipli xəstəxanada COVID-19 virusuna yoluxmuş şəxslərin stasionar müalicəsi davam etdirilir:
"TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti tənzimlənib, bütün növ resurslar optimallaşdırılıb və zərurət yarandığı hallar üzrə həmin xəstəxanalar müalicə-müayinə prosesinə səmərəli şəkildə cəlb olunur.
Ötən il modul tipli xəstəxanaların bazasında Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında yaşayan əhaliyə vərəm əleyhinə göstərilən yardımın yaxşılaşdırılması məqsədilə dərmanlara həssas vərəmli xəstələrə stasionar yardım üçün 200 çarpayı fondu olan Saray modul tipli vərəm əleyhinə xəstəxana istifadəyə verilib.
Bundan əlavə, vətəndaşlara müasir standartlara uyğun tibbi xidmətin göstərilməsi məqsədilə Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması səbəbindən əsaslı təmirə ehtiyacı yarandığı üçün 6 terapevtik şöbəsinin müvəqqəti olaraq xəstəxananın inzibati binasından Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov küçəsi 65 ünvanında yerləşən modul tipli xəstəxanaya köçürülməsi həyata keçirilməkdədir.
Sabunçu Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Məhəmmədi modul tipli xəstəxanada isə COVID-19 virusuna yoluxmuş şəxslərin stasionar müalicəsi davam etdirilməklə yanaşı, infeksion xəstəliklərin diaqnostik müayinə və müalicəsi də bu modul tipli müəssisədə həyata keçirilir.
Sumqayıt modul tipli xəstəxanada hazırda Simulyasiya Mərkəzi yerləşdirilib".
O da bildirilib ki, COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərirdi:
"Bölgələrdə və Bakıda COVID-19-la mübarizəyə cəlb edilmiş xəstəxanalarda artıq uzun müddətdir ki, ənənəvi xidmət bərpa edilib".
"COVID-19" teqi üzrə xəbərlər
- Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
- COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
- Alimlər sosial canlıların əsas üstünlüklərini və çatışmazlıqlarını açıqladılar