Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyaya getmək istəyənlər üçün aeroportlarda yeni TƏLƏBLƏR
"Rusiyaya gələn miqrantlar aeroportlarda daktiloskopiyadan (barmaq izi) keçəcəklər və fotoları çəkiləcək".
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova bildirib.
Onun sözlərinə görə, hələlik eksperiment yalnız Moskvada aparılacaq - belə bir təkliflə şəhər rəhbərliyi çıxış edib.
DİN-dən vurğulanıb ki, barmaq izlərinin toplanması üçün məcburi prosedur tətbiq edildikdən sonra məlumat bazalarından istifadə etməklə iki mindən çox cinayətin üstü açılıb.
Qeyd edək ki, 2021-ci ilin dekabrında qanunvericiliyə edilən dəyişikliklərə görə əmək miqrantları və ölkəyə uzun müddətə daxil olan əcnəbilər mütləq daktiloskopiyadan və tibbi müayinədən keçməli, fotoları çəkilməlidir.
Əmək miqrantları 30 gün, digər əcnəbilər isə üç ay müddətində prosedurlardan keçməlidirlər.
İstisnalar Belarus vətəndaşları, altı yaşınadək uşaqlar, beynəlxalq təşkilatların vəzifəli şəxsləri, diplomatik və xidməti pasportlara malik olan şəxslər üçündür.
Xatırladaq ki, bundan əvvəl Rusiyada miqrantlar üçün qanunların sərtləşdirildiyi barədə məlumat vermişdik. Belə ki, qaydalardan birinə görə artıq vətəndaşlıq üçün təkcə nikah kifayət eləmir, mütləq uşaq da olmalıdır.
Mənbə: TASS
Rəylər