Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
50 manatdan üzüyuxarı: Qışda Azərbaycanın hansı bölgəsində dincələk?
Yeni ilə və qış turizminin canlanmasına sayılı günlər qalıb. Qarşıda bizi COP29 kimi mühüm və mötəbər tədbirin gözlədiyini də nəzərə alsaq, qış turizminin əvvəlki illərə nisbətən daha tələbatlı olacağını deyə bilərik. Ölkəmizi ziyarət edən turistlər üçün isə məkan seçimi mühüm rol oynayır. Sözügedən məkanlar turistlərin beynində Azərbaycanın turizm xəritəsini formalaşdırır.
Bəs maraqlıdır, ölkəmizə gələn turistlər Azərbaycanın hansı turizm nöqtələrini ziyarət etməlidirlər? Perspektivdə ölkəmizin hansı bölgələrində dağ-xizək kurortları və sanatoriyalar yaratmaq olar?
Oxu.Az sözügedən mövzu ilə bağlı ekspertlətin fikirlərini öyrənib.
Turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə, Azərbaycan müxtəlif turizm məhsulları yaratmaqla ilin bütün fəsillərində aktual turizm strategiyasını özünə hədəf götürüb:
"Ona görə də istər yayda, istər qışda, istərsə də digər fəsillərdə turistlər üçün maraqlı olan digər məhsullar təqdim olunur.
Ölkəmizə gələnlər arasında qış mövsümünü yaşamaq istəyən ərəb və Körfəz ölkələrinin turistləri kifayət qədərdir. Bundan əlavə, yerli turistlər qışda müxtəlif kənd yerlərində və ya regionlarda olan hotellərdə qalmaqla təbiətin gözəlliyinə şahid olurlar. Nümunə kimi Qəbələdə və Qusarda yerləşən "Şahdağ" və "Tufandağ" qış-yay turizm komplekslərini qeyd edə bilərik. Hər ikisi müasir standartlara cavab verir. "Şahdağ" və "Tufandağ" MDB ölkələrinin 10 ən yaxşı dağ-xizək kurortu sırasındadır. Qiymətlər fərqlidir, hər birinin ayrı-ayrı tarifləri var. Daxili bazar üçün qiymətlər yüksək dəyərləndirilir. Qış turizmi ilə əlaqədar olan alətləri, geyimləri və sairi kirayə götürmək mümkündür. Evlərin qiyməti də fərqlənir. 50 manatdan 500-600 manata qədər ev və villa tipli qalma yerləri təqdim olunur.
Turistlər bu məkanlara getməkdən əlavə, həm də bizim mətbəximizi bəyənirlər. Bu da bir cəlbedici faktordur. Çünki bizim yeməklərin inqrediyentləri daha təbii olur. Xüsusən də təqdim olunan ət yeməkləri turistlər tərəfindən ən çox bəyənilən nemətlərdir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, fəsildən asılı olmayaraq, turist bir yerə səfər edirsə, təkcə birməqsədli yox, eyni zamanda bir neçə turizm məhsulundan istifadə etmiş olur. Məsələn, qış turizmi ilə bağlı gələn turist eyni zamanda qastroloji turizm məhsullarını istehlak edir, beləliklə, qastroturist adlanır. Yaxud da onlar sağlamlıq turizmi elementlərindən də istifadə edə bilərlər".
C.Aşurov əlavə edib ki, ölkələr turistlərin hansısa bir mövsümdə gəlməsini yox, bütün mövsümlərdə ziyarət hədəfini prioritet götürürlər:
"Burada əsas hədəf turistin gəlişinin təqvim üzrə tam bölüşdürülməsidir. Fəsillərə görə yox, bütün təqvim ilinə görə paylanma daha effektivdir. Azərbaycanın da hədəfi odur ki, ilin bütün mövsümlərində ölkəyə gələn turistlərin sayı balanslı olsun".
Turizm üzrə ekspert Rəhman Quliyev qeyd edib ki, Azərbaycanda ilin bütün fəsillərində turistlərin gəlməsi üçün münbit şərait var:
"Şahdağ" və "Tufandağ"dan əlavə, Naxçıvanın Şahbuz rayonunda yerləşən "Ağbulaq" Xizək Mərkəzi dağ-xizək kurortu üçün əlverişlidir. "Ağbulaq" Kiçik Qafqaz dağlarında, 2 000 metr hündürlükdə yerləşir və qarlı dağ yamacları, lazımi infrastrukturu ilə qış idman növləri və aktiv istirahət həvəskarlarının istəklərini tam qarşılayır. Müasir hotel, rahat kotteclər, kafelər, 952 metrlik kanat yolu, geyim və ləvazimatların icarəsi, əyləncə və uşaq parkları, həmçinin süni göl mərkəzdə turistlərin məşğuliyyəti, istirahəti üçün yaradılan imkanlar sırasındadır".
R.Quliyev vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizdə, relyefə uyğun olaraq, zəngin turizm potensialı var:
"Zəngilanda Süsən dağı, Kəlbəcərdə Murovdağ, Laçında Minkənd və Şuşada, Cıdır düzündə dağ-xizək kurortunun yaradılması gələcəkdə Azərbaycanın qış turizmini daha da inkişaf etdirəcək. Qarabağ və Şərqi Zəngəzurda dörd böyük hava limanının tikilib istifadəyə verilməsi bölgəyə turist axınını intensivləşdirəcək. Zəngilan, Füzuli və Laçın hava limanlarının inşası, Xocalı aeroportunun təmir edilib yerli və xarici turistlərin ixtiyarına verilməsi, həmçinin beynəlxalq status almaları həmin bölgəyə turist səfərlərinə böyük təkan verəcək".
Ekspert qeyd edib ki, Azərbaycan sanatoriyalar üzrə böyük təcrübəyə malikdir. Naftalandakı sanatoriyaya çox sayda ölkədən turistlər üz tuturlar:
"Qala sanatoriyasını da vurğulaya bilərik. Qarabağ və Şərqi Zəngəzurdakı sanatoriyaları da unutmamalıyıq: İstisu, Turşsu və Zəngilandakı sanatoriyalardan söhbət gedir. Sovet dönəmində, bizim reklam bazarına çıxa bilmədiyimiz bir vaxtda ildə 80 min turist qəbul edirdik. Fikrimcə, növbəti 10 ildə bu sanatoriyaların tikilib istifadəyə verilməsindən sonra 500 mindən çox turist hədəfləmiş olacağıq. Qarabağda bu sanatoriyaların istifadəyə verilməsi böyük inqilab yaradacaq. Çünki Qarabağın havası da terapiyadır. Oranın çox zəngin yeraltı mineralları və bitki örtüyü var. Bu mineralların və bitki örtüyünün insan orqanizmi üçün əhəmiyyəti böyükdür. Bu sanatoriyaları dünya bazarında çox yaxşı formada reklam etməliyik. Təcrübə onu göstərir ki, sanatoriyalar bütün mövsümlərdə işləyir. Biz Azərbaycanımızı, Qarabağımızı şəfa ocağı kimi dünyaya tanıtmalıyıq. Belə olan təqdirdə, hər mövsüm turizm aktiv olaraq qalacaq. Dövlət başçısının uğurlu siyasəti nəticəsində ölkəmizdə COP29 kimi nəhəng tədbir keçiriləcək. Bu tədbir Azərbaycan turizminə mühüm töhfə verəcək, bu, danılmazdır".
Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycanda hazırda üç qış turizm mərkəzi fəaliyyətdədir:
"Qusarda "Şahdağ", Qəbələdə "Tufandağ", Naxçıvan MR-də "Ağbulaq" qış xizək mərkəzlərində, ənənəvi olaraq, yay turizm mövsümü başa çatdıqdan sonra turistləri qəbul etməyə hazırlıq işləri aparılır.
Ölkəmizdə qış mövsümü, hava şəraitindən asılı olaraq, 10-15 dekabr tarixlərində başlayır və mart ayının sonlarınadək davam edir.
Dövlət Turizm Agentliyi tərəfindən beynəlxalq sərgi və tədbirlərdə ölkəmizin qış turizm imkanları haqqında daimi olaraq təbliğat və marketinq işləri aparılır. "Şahdağ", "Tufandağ" və "Ağbulaq" kimi qış turizm destinasiyalarının təbliği əsas marketinq istiqamətləri sırasındadır.
Qış turizm destinasiyalarına daha çox MDB ölkələri, həmçinin Yaxın Şərq və Asiya regionlarından turistlər üz tuturlar. Bu istiqamətdə Avropa bazarından da turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır.
İlboyu qış turizminin, həmçinin ölkəmizdə mövcud xizək mərkəzlərinin çoxsaylı beynəlxalq sərgi və tədbirlərdə tanıdılması işi davam etdirilir. Bu ilin 26-29 sentyabr tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilən "Tourism Expo Japan" (TEJ) sərgisi, 5-7 noyabr tarixlərində Böyük Britaniyanın London şəhərində keçiriləcək "Dünya Səyahət Bazarı" (WTM) sərgisi, həmçinin 21-23 noyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçiriləcək Daşkənd Beynəlxalq Turizm Sərgisində (TITF) qış turizm potensialının təbliğ edilməsi nəzərdə tutulub.
Həmçinin, Səudiyyə Ərəbistanı Krallığının Ciddə, Mədinə, Dammam və Ər-Riyad şəhərlərində, Çin Xalq Respublikasının Şenzen, Çenqdu, Şanxay, Pekin şəhərlərində, Yaxın Şərq üzrə Küveytin Əl-Küveyt, Bəhreynin Manama, Omanın Məsqət, Qətərin Doha və BƏƏ-nin Əbu-Dabi şəhərlərində təşkil olunacaq silsilə B2B tədbirləri zamanı, o cümlədən Cənubi Koreyanın Seul şəhərində keçiriləcək şəbəkələşmə tədbirində qış turizminin geniş təbliğ edilməsi planlaşdırılır.
Bununla yanaşı, ilin sonunadək Rusiyanın Moskva şəhərində Azərbaycan Turizm Bürosunun nümayəndəlik ofisinin açılışı, açılış çərçivəsində ölkəmizin aparıcı turizm şirkətlərinin iştirakı ilə şəbəkələşmə tədbiri və ölkəmizin qış turizm imkanlarının tanıtımı nəzərdə tutulur".
Məlumatda bildirilib ki, üç əsas xizək mərkəzindən əlavə, Şəkidə "Şəki yaylası" Xizək İstirahət Mərkəzi də son illərdə daha çox yerli turistlərin diqqətini cəlb etməkdədir:
"Bütövlükdə, qış turizmi potensialı ilə fərqlənən ərazilər kimi, şimal-qərb turizm dəhlizi üzrə Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşən ərazilərdə, xüsusən Oğuz rayonu, cənub turizm dəhlizi üzrə Talış dağlarının şimal ətəklərində, əsasən Yardımlı rayonu, qərb turizm dəhlizi üzrə Kiçik Qafqaz dağlarının ətəklərində Gədəbəy və Daşkəsən rayonları qış turizmi fəaliyyətləri üzrə investisiya qoyuluşları üçün əlverişli coğrafi xüsusiyyətlərə malikdir.
Qeyd edilənlərlə yanaşı, işğaldan azad edilmiş ərazilər üzrə də qış turizmi fəaliyyətlərinin inkişafı üçün potensial mövcuddur. Aparılan qiymətləndirmələr nəticəsində, xüsusilə Kəlbəcər rayonunda müvafiq istiqamətdə imkanlar aşkarlanıb, burada İstisu-Minkənd yolu, Sultan Heydər dağı və Zod aşırımı yolu, Dəmirçidam-Seyidlər kəndlərinin yerləşdiyi ərazilər səmərəli destinasiyalar kimi təklif edilib. Həmçinin, Laçın rayonunun Minkənd kəndinin sıldırım-dağ ərazilərində də qış turizmi fəaliyyətləri üçün uyğun potensial mövcuddur. Ərazilər üzrə təbii coğrafi faktorlar burada xizəkçilik mərkəzlərinin rəqabətqabiliyyətli təşkili üçün imkan yaratmaqla işğaldan azad edilmiş ərazilərin iqtisadiyyata sürətli reinteqrasiyasına və dayanıqlı məskunlaşmanıın təmin edilməsinə dəstək vermə potensialına malikdir".
Məhərrəm Əliyev
Rəylər