Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
II Şuşa Qlobal Media Forumu başa çatıb
Şuşada iyulun 20-də öz işinə başlayan və üç gün davam edən "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" Forumu başa çatıb.
"Report"un məlumatına görə, Prezident İlham Əliyevin iştirak etdiyi Forum çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək", "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər", "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" və "İqlim hərəkatı və media" mövzularında dörd panel sessiya keçirilib.
Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar.
Eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib.
Qeyd edək ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" Forumunun açılış mərasimində iştirak edib və xarici jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.
II Şuşa Qlobal Media Forumunun sonuncu günü "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" mövzusunda panel müzakirələrlə başlayıb.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, müzakirələrə "Haber Global"ın aparıcısı Saynur Tezel moderatorluq edib.
"Pakistan Daily" qəzetinin redaktoru Hamza Azhar hesab edir ki, süni intellekt KİV-də yaxşı tətbiq oluna bilər.
"Jurnalistika süni intellektdən istifadə edə bilər, bu sahədə təlimlər çox vacibdir, lakin süni intellekt sahəsində təkcə jurnalistlər Davranış Kodeksi yaratmalı deyillər, BMT-nin bu məsələ ilə məşğul olması daha yaxşı olardı", - o qeyd edib.
Milli Layihələrin Strateji Araşdırmalar Agentliyinin direktor müavini və Koreya Siyasi Elmlər Assosiasiyasının vitse-prezidenti Gi Un Çjonun sözlərinə görə, süni intellektdən istifadə edərək yaradılan və yayılan dezinformasiya ilə mübarizə aparmaq üçün hər bir ölkə öz texnoloji müdafiəsini yaratmalıdır.
"Məsələn, biz Cənubi Koreyada "Microsoft"a alternativ proqram yaratmışıq. Hesab edirəm ki, hər bir ölkənin daxili ehtiyacları və xüsusiyyətləri nəzərə alınmaqla bu cür alternativləri olmalıdır. Dezinformasiyaya qarşı mübarizəyə gəlincə, süni intellektin köməyi ilə məlumatların istifadəsi çox vacibdir, lakin son məhsulun istehsalçıları məsuliyyət daşımalıdırlar", - o qeyd edib.
Daha sonra çıxış edən Qlobal Siyasət İnstitutunun prezidenti Paolo Von Şirah süni intellektin sənayedə və insan fəaliyyətinin digər sahələrində faydalarından danışıb.
"II Şuşa Qlobal Media Forumu" teqi üzrə xəbərlər
- Şuşada keçirilən mediaforum zamanı hansı bəyanatlar İrəvanı heyrətə gətirdi?
- Beynəlxalq səyyahlar Ağdama səfər ediblər
- Mariya Zaxarova II Şuşa Qlobal Media Forumunun əhəmiyyəti haqqında danışdı
- Fransanın keçmiş və hazırkı koloniyaları haqqında tədqiqat təqdim edilib
- İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər ərəbdilli mətbuatda