Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Yuxu" qrupunun Cəsuru: "Bizi hər an saxlayıb, ölkədən deportasiya edə bilərdilər"
"Bu barədə çox adam bilmir. Deməli, "Xəzərin sahilində" çıxandan və biz "Qızıl payız"da qalib gələndən sonra mənə "Parni iz Baku" komandasından təklif gəldi. Komanda həmin vaxt Moskvaya getməli idi. Rəhmətlik Anar Məmmədxanov təklif etdi ki, biz də musiqi tərəfindən bir işlər görək. Beləcə, 1992-ci ildə mən "Parni iz Baku"nun üzvü olaraq komanda ilə birlikdə Soçiyə, sonra isə Moskvaya getdim".
Bunu Oxu.Az-a müsahibəsində 1987-ci ildə Sumqayıt şəhərində yaradılan "Yuxu" rok qrupunun üzvlərindən biri, uzun müddətdir Rusiyada yaşayan Cəsur Nemətov deyib.
- Cəsur bəy, uzun zamandır ki, səhnədə yox idiniz. "Təki sən"lə geri dönüş etdiniz. Bu qərara necə gəldiniz?
- "Təki sən" mahnısı keçən ildən qaralama kimi qalmışdı. Yarım il bundan qabaq "Trino" ləqəbli reperin qarşısına çıxıb, çox xoşuna gəlib. O dedi ki, mən də layihəyə qatılıram və bir partiyanı oxuyaram. Sonra Ləman (Ilamuna) adlı gənc xanım da qatıldı layihəyə. O həm bəstəkardır, həm özü oxuyur. Mən nəqəratı oxudum, sonra hər kəs öz hissəsini. Belə daha yaxşı olur, çünki heç kim çərçivənin içində qalmır. Öz hiss etdiyi kimi oxuyur. İki-üç ay olardı ki, mahnı hazır idi. Qaralamaları düzəltdik, yazdırdıq və artıq bir həftədir ki, mahnı çıxıb. Düşünürəm ki, sosial şəbəkələrdə çox sevilib, çünki yüzlərlə insan o trekə video çəkib paylaşır. (gülür)
- Səmimi olsam, müsahibəni alandan sonra mən də çəkib paylaşmağı düşünürəm. Başlayaq ənənəvi suallardan - harada doğulmusunuz, harada oxumusunuz?
- Qusar rayonunda anadan olmuşam. Sonra Sumqayıtda yaşamışam. Sumqayıtda 17 nömrəli məktəbi bitirmişəm. Səkkizinci mikrorayonda yerləşirdi.
- Sizi "Yuxu" qrupunun üzvü kimi tanıyırıq. Qrupun digər üzvləri ilə necə tanış oldunuz?
- "Yuxu" qrupunun digər üzvləri İbrahim və Çingiz qonşu məhəllədə, Namiq isə başqa bir mikrorayonda qalırdı. Hamımız Sumqayıt uşaqları idik, bir sözlə. (gülür)
- Musiqi təhsiliniz varmı?
- Xeyr, yoxdur. O vaxt Politexnik İnstitutunu (hazırkı Azərbaycan Politexnik Universiteti - red.) bitirmişdim, sonra getdim Rusiyaya. Orada da iki ali təhsil aldım - biri hüquqşünaslıq, biri də bələdiyyə institutu. Orada qalıb işlədim, indiyə kimi də işləyirəm.
- Bəs "Yuxu" qrupundan əvvəl musiqi ilə məşğul olmuşdunuz?
- Qətiyyən. Dediyim kimi, heç musiqi təhsilim də yoxdur. Musiqi, sadəcə, mənim hobbimdir, sənətim deyil. Hüquqşünaslığı bitirmişəm, elə indi də hüquqşünas kimi çalışıram.
- "Yuxu"nun o biri iki üzvünün musiqi təhsili var idimi?
- "Yuxu" qrupundan tək Namiqin (qrupun gitaraçısı Namiq Nağdəliyev - red.) musiqi təhsili var idi, qalanlarımızın musiqi təhsili yox idi.
- Qrup haqqında başqa nə deyə bilərsiniz?
- Onu deyə bilərəm ki, əsgərlikdən təzə gəlmişdim. Qrup üzvləri ilə bir məhəllədə qaldığımız üçün axşamlar hamımız yığışırdıq, görüşürdük. Bir gün İbrahim (qrupun bas-gitaraçısı İbrahim Emin - red.) dedi ki, qrup yaratmaq istəyir. Dedi, bizə məşq etmək üçün yer də verirlər. Soruşdu ki, sən, yəni mən (gülür), vokalçı kimi özünü sınamaq istəməzsən? Cavan adam idim, razılaşdım. Beləcə, başladıq. Sonra beş-altı mahnı da bəstələdik.
O vaxt Bakıda məşhur bir müsabiqə vardı - "Qızıl payız". Yeni oxumağa başlayanlar, demək olar ki, birinci o müsabiqəyə çıxırdılar. O vaxt Faiq Ağayev, Aygün Kazımova, Azər Zeynalov da o müsabiqəyə qatılmışdılar. Biz də ilk dəfə orada "Xəzərin sahilində" mahnısını oxuduq. Hamının xoşuna gəldi, bəyəndilər.
- Sonra nə oldu?
- Sonra... Bir maraqlı məlumatı sizinlə bölüşə bilərəm. Bu barədə çox adam bilmir. Deməli, "Xəzərin sahilində" çıxandan və biz "Qızıl payız"da qalib gələndən sonra mənə Şən və Hazırcavablar Klubunun "Parni iz Baku" komandasından təklif gəldi. Komanda həmin vaxt Moskvaya getməli idi. Rəhmətlik Anar Məmmədxanov təklif etdi ki, biz də musiqi tərəfindən bir işlər görək. Beləcə, 1992-ci ildə mən "Parni iz Baku"nun üzvü olaraq, komanda ilə birlikdə Soçiyə, sonra isə Moskvaya getdim. İndi də Bəhram Bağırzadə ilə münasibətlərim var.
- Bəs sonra?
- Sonra heç nə. (gülür) Mən Rusiyaya getdim, uşaqlar isə Türkiyəyə. Uşaqlar Türkiyəyə gedəndən sonra məni də çağırdılar. Orada şirkətlərin biri ilə müqavilə bağlanmışdı. Müqavilə bağlayandan sonra onlar bizə həm yaşama, həm də iş icazəsi almalı idilər. Amma heç birini etmədilər. İki il qeyri-leqal yaşadım orada. Yəni müddət bitən kimi keçirdik Bolqarıstana, sonra yenidən dönürdük. Bizi hər an saxlayıb, ölkədən deportasiya edə bilərdilər. Sonra mən artıq qrupdan ayrıldım və qayıtdım Rusiyaya, qrup isə qaldı İstanbulda. Məndən sonra Zaur Abdullayev vokalçı kimi onlara qoşuldu. Daha sonra isə qrup dağıldı və hərə öz işinin arxasınca getdi.
- Neçə ildir Rusiyada yaşayırsınız?
- 30 ildən çoxdur.
- Maraqlıdır, Azərbaycanda hüquqşünas kimi işləmisinizmi?
- Xeyr, çünki Azərbaycanda olanda hüquq təhsilim yox idi. "Politexnik"i bitirmişdim və mühəndis idim. Hüquqşünaslığı isə Rusiyada oxumuşam.
- Heç toylarda musiqiçi kimi oxumusunuzmu?
- Toylarda heç zaman oxumamışam. (gülür) İnşallah, heç oxumaram da.
- Ailənizlə bağlı da bir sual vermək istərdim. Neçə övladınız var? Oxumaq həvəsləri varmı?
- Ailə məsələsi mənim üçün qapalı mövzudur. Ona görə də bu barədə nəsə demək istəmirəm. Qoy bu sual cavabsız qalsın. (gülür)
- Qalsın. Heç bir problem yoxdur. Həmsöhbət olmağa razılıq verdiyiniz üçün təşəkkür edirəm!
- Mən də təşəkkür edirəm!
Əzizə İsmayılova
Rəylər