Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Aleksandr Tarakanov: "Bir gündə üç dəfə Azərbaycan himni səsləndi, hər kəsi heyrətləndirdik"
"Hamımız Paris-2024-də yüksək nəticə qazanacağımıza ümid edirdik".
Bunu "Report"a müsahibəsində yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov deyib. Müsahibəni təqdim edirik:
- Paris Olimpiadasında komandanızdan yüksək nəticə gözlənilirdi. Ancaq cəmi bir bürünc medal qazandınız. Üç ay keçməmiş, dünya çempionatında üç qızıl medalla tarixi uğura imza atdınız. Bu kəskin fərqi necə izah edə bilərsiniz?
- Bəli, hamımız Paris-2024-də yüksək nəticə qazanacağımıza ümid edirdik. Yarışa hazırlıq yüksək səviyyədə keçmişdi. Federasiya tərəfindən bununla bağlı hər bir şərait yaradılmışdı. İstər ölkə daxilində, istərsə də ölkə xaricində olduqca keyfiyyətli təlim-məşq toplanışları keçmişdik. Dövrə boyunca əldə etdiyimiz nəticələr də uğura inam yaratmışdı. Ancaq müəyyən səhvlər və nüanslar daha yaxşı çıxış etməyə imkan vermədi. Həmçinin, komanda keçid dövrünü yaşayır. Olimpiadadan sonra bir qədər dincəldik, yenidən məşqləri bərpa etdik. Həm Qubada, həm də Bakıda təlim-məşq toplanışı keçməklə komandanın hazırlığını optimal vəziyyətə gətirdik. Nəticə də istədiyimiz kimi oldu.
- Qeyri-olimpiya çəkiləri arasında keçirilən dünya çempionatındakı bu uğuru yüksək qiymətləndirmək olarmı?
- Sözdə asan görünə bilər. Həqiqətdə isə bu yarışda kifayət qədər güclü rəqabət var idi. Çünki son olimpiadada iştirak etməyən bir çox olimpiya, dünya və Avropa çempionları və mükafatçıları çəkilərini dəyişib, bu dünya çempionatına qatılıblar. Onların arasında ikiqat olimpiya, beşqat dünya və beşqat Avropa çempionu Abdulrəşid Sadulayev, olimpiya və altıqat dünya çempionu Cordan Barrouz, olimpiya və üçqat dünya çempionu Devid Teylor, olimpiya və ikiqat dünya çempionu Zaur Uquyev də var idi.
Ümumiyyətlə, hər üç növdə kifayət qədər güclü güləşçilər var idi. Ancaq güləşçilərimiz əsl xarakter göstərib, bu ağır rəqabətdən üzüağ çıxmağı bacardılar. Eldəniz Əzizli (55 kq) Azərbaycan güləş tarixinin ilk dördqat dünya çempionu oldu. Bu uğur illərin zəhmətinin nəticəsidir. 32 yaşlı güləşçimiz gənc və yeniyetmə idmançılarımız üçün ilham mənbəyidir. Nihat Məmmədli karyerasının ən yaxşı ilini keçirdi. Avropa çempionatında 60, dünya çempionatında isə 63 kq-da qızıl medal qazandı. Onun hələ cəmi 22 yaşı var. Belə davam etsə, böyük uğurlar qazana bilər.
Ülvi Qənizadə (72 kq) iki il əvvəl yarımçıq qalmış işini tamamladı və gümüşü qızılla əvəzlədi. Yalnız Qurban Qurbanov (82 kq) medalın bir addımlığında qaldı. İlk dəfə böyüklər arasında dünya çempionatında çıxış edirdi. Onun necə böyük perspektivə malik olduğunu güləş aləmi yaxşı bilir. İnanıram ki, Qurban gələcəkdə bizi qələbələri ilə sevindirməyi bacaracaq. Bütün hallarda son illər dünya güləşində artan rəqabət fonunda bir komandamızın dünya çempionatında üç qızıl medal qazanması tarixi uğurdur. Bir gündə üç dəfə Azərbaycan himni səsləndi. Hər kəsi heyrətləndirməyi bacardıq. Ardıcıl ikinci dəfə komanda hesabında dünya çempionu olduq.
Onu da qeyd edim ki, Nihat Məmmədli, Ülvü Qənizadə və Qurban Qurbanovun növbəti dövrdə olimpiya kateqoriyasında çıxış etmələrini planlaşdırırıq. Qeyri-olimpiya çəkilərində isə daha gənc güləşçilərin çıxış edərək püxtələşməsini, olimpiya kateqoriyalarına hazırlaşmalarını düşünürük.
- Artıq yeni olimpiya tsiklinə start verilib. Əsas heyətin bazası sayılan yeniyetmə və gənclərin potensialını necə qiymətləndirirsiniz?
- Bu baxımdan heç bir sıxıntımız yoxdur. Bizdə hazırda nəsildəyişmə prosesi gedir. Bir çox ölkələrdə bu proses ağrılı keçir. Çempionları onların səviyyəsində idmançılar əvəzləmirlər. Ancaq bizdə bu baxımdan problem yoxdur. U-15, U-17, U-20 və U-23 yaş qruplarında Avropa və dünya çempionatlarında qazandığımız uğurlar milli komandanın güclü və geniştərkibli bazaya sahib olduğunu göstərir. Yeri gəlmişkən, bu yarışdan əvvəl eyni məkanda U-23 dünya çempionatı keçirildi. Azərbaycan iki qızıl, üç gümüş və üç bürünc medal qazandı. Bu da kifayət qədər böyük nəticədir. Xüsusən də Azərbaycan qadın güləşində ilkə imza atan Jalə Əliyevanın uğuru ölkədə güləşin bu növünün də yetərincə perspektivə sahib olduğunu göstərir.
- Dəfələrlə görmüşük ki, aşağı yaş qrupunda uğurlar qazanan idmançılar böyüklər arasında eyni nailiyyətləri əldə edə bilmirlər. Sizdə bu baxımdan vəziyyət necədir?
- Etiraf edim ki, güləşdə də bəzən müəyyən səbəblərdən belə itkilərlə üzləşirik. Kateqoriyanı dəyişərkən idmançı xarakteri üzə çıxır. Daha əzmkar olan güləşçilər keçid dövrünü uğurla keçirlər. Xüsusən də çəkidəyişmə mərhələsində öz üzərində işləmək, çətinliklərə sinə gərmək çox vacibdir. Bu mənada istər milli komandanın, istərsə də şəxsi məşqçilərin də üzərinə böyük yük düşür. Güləşçilərin inkişaf prosesini düzgün tənzimləmək və nəzarətdə saxlamaq çox vacibdir. Ümumi götürsək, bizdə yeniyetmə və gənclərin əsas komandaya inteqrasiyası yaxşıdır.
- Sonda qarşıdakı yaxın planlarla bağlı fikirlərinizi bilmək istərdik.
- İlin sonunda milli komandaya seçim xarakteri daşıyan Azərbaycan çempionatı keçiriləcək. Ölkənin bütün aparıcı güləşçilərinin bu yarışda iştirakı nəzərdə tutulub. Çempionatın nəticələrinə uyğun olaraq, heyəti formalaşdırıb, dərhal 2025-ci ildə keçiriləcək yarışların hazırlıqlarına start verəcəyik.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- "Ustadına əhsən!" - Olimpiya mükafatçısı Həsrət Cəfərovdan master-klas
- Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub
- Çingiz Hüseynzadə: "Hakimlər də insandır, səhv edirlər"
- Ukraynalı atlet Yaroslava Maquçixin dünya rekordu təsdiqlənib
- Gender testindən keçə bilməyən İman Xəlif peşəkar boksa üz tutacaq
Rəylər