Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Müharibə qəhrəmanları: "Bizdən xəbər ala bilməyən kiçik qardaşımız könüllü cəbhəyə yazıldı"
"Yanımızda olan zabitin qardaşı ölmüşdü, amma ona bildirmirdilər ki, döyüş meydanında sarsılmasın. Bu fikir də ağlımın bir tərəfində məni incidirdi. Nicatı yenə soruşdum, atam dedi ki, yaxşıdır. Ancaq bu ağlıma gəldi, dedim: "De, sən öl, yaxşıdır?!" Atamın dilinə gəlmədi o söz. Mən sonradan başa düşdüm ki, bir atanın müharibənin ortasında olan oğluna "Sən öl!" deməsi, bəlkə də, ən ağır söz idi".
Bunu Zəfər Günü ərəfəsində Oxu.Az-a müsahibəsində Vətən müharibəsi iştirakçıları, Füzuli, Xocavənd və Şuşanın azad olunmasına görə və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuş iki qardaşdan biri Əşrəf Quliyev deyib. Əşrəf və Nicat Quliyevlərin Oxu.Az-a müsahibəsini təqdim edirik:
- Bir evdən, bir ocaqdan iki qardaş müharibəyə getdiniz. Valideynləriniz bunu necə qarşıladılar?
Nicat - Bizdə olan bu vətənpərvərliyin özəyi elə valideynlərimizdən qaynaqlanır. Bizi onlar belə - torpağa, vətənə, xalqa bağlı böyüdüblər. Lap kiçik yaşımızdan 20 Yanvar, Xocalı faciələri, torpaqlarımızın işğal günlərində efirə gedən verilişləri valideynlərimiz bizə izlədir, hadisələr barədə məlumat verirdilər. Yəni bu bizim beynimizə, ruhumuza uşaqlıqdan hopub. Ona görə elə Aprel döyüşlərində də, daha sonra 44 günlük müharibədə də cəbhəyə könüllü yazıldıq.
Əşrəf - Bizi sentyabrın 21-də təlimə çağırdılar. Əvvəl mənə zəng gəldi, sonra qardaşıma. Onda hələ müharibə başlamamışdı, amma cəbhədə gərginlik vardı. Valideynlərimiz bir az narahat oldular. Dedik ki, təlim də olsa, müharibə də olsa, gedəcəyik. Pirəkəşküldə hərbi hissədə bir həftədə təlimlərdə olduq. 27-si səhər Füzuli istiqamətində döyüşlərə başladıq.
- Savaşın həyəcan, gərginlik dolu ilk günlərində hansı hissləri keçirirdiniz?
Nicat - İlk anlarda çətin oldu. Çünki gördük ki, bu, Aprel döyüşləri kimi deyil. Amma mənim üçün ən çətini qardaşımın da haradasa orada - o müharibənin içində olması fikri idi. İxtisaslarımız fərqli idi və fərqli istiqamətlərdə döyüşürdük. İlk dörd gün çox ağır döyüşlər oldu. O günlər ərzində Əşrəfi görə bilmədim. Dörd gündən sonra onu gördüm, səsini eşitdim, qucaqlaşdıq. Bircə bunu deyə bildim ki, özündən muğayat ol, Allaha əmanət ol. Sonra yenə də döyüşlər davam edirdi, bir-birimizi görə bilmirdik, ancaq xəbər tuta bilirdik ki, sağıq. Orada bu, ən böyük sevinc idi. Çünki həmin vaxt mən özümdən çox, Əşrəfə, Əşrəf isə özündən çox, mənə görə narahat idi.
Əşrəf - Tez-tez əlaqə saxlaya bilmirdik. İmkan olanda evə zəng vururduq. Ev vasitəsilə bilirdik ki, salamatlıqdır. Amma Şuşa ətrafında döyüşlər gedəndə rabitə itmişdi. Həmin müddətdə - haradasa 10 gün evlə əlaqə saxlaya bilmədim. Nicatdan da çox nigaran idim. Sonra şəbəkə qoşulan kimi evə zəng vurdum. Atamla, anamla danışdım, sonra Nicatın nişanlısı ilə danışdım, ağladı. Pis oldum. Nə olduğunu demədilər. Mən də narahat qaldım. Ürəyimdən keçən sualı dilimə gətirə bilmirdim. Dilim dönmədi ki, soruşum. Amma içim-içimi yedi. O ki deyirlər e, nitqim qurudu, mən də elə oldum. Bilmədim, Nicatı necə soruşum. Atamın da səsi narahat idi, anam da kövrəlmişdi. Axırda özümü birtəhər cəmləyib Nicatı soruşdum. Dedilər ki, yaxşıdır. Bu "yaxşıdır" sözü məni qane etmədi. Olmuşdu ki, yanımızda olan zabitin qardaşı ölmüşdü, amma ona bildirmirdilər ki, döyüş meydanında sarsılmasın, pis olmasın, motivasiyası düşməsin. Bu fikir də ağlımın bir tərəfində məni incidirdi. Nicatı yenə soruşdum, atam dedi ki, yaxşıdır. Ancaq bu ağlıma gəldi, dedim: "De, sən öl, yaxşıdır?!" Atamın dilinə gəlmədi o söz. Mən sonradan başa düşdüm ki, bir atanın müharibənin ortasında olan oğluna "Sən öl!" deməsi, bəlkə də, ən ağır söz idi. Amma and içdi ki, Nicat sağ-salamatdır.
Buna baxmayaraq, yenə də ürəyimdə narahatlıq qaldı. Dedim, Nicat zəng vursa, deyin, bu nömrəyə yığsın, səsini eşidim. Haradasa bir saatdan sonra (bu bir saat mənim üçün çox uzun çəkdi, rahatlıq tapa bilmirdim) Nicat mənə tanımadığım bir nömrədən zəng vurdu. Səsi mənə dəyişik gəldi, şübhələndim. Ona ancaq ikimizin bildiyi şeyləri sual verməyə başladım. Mənə cavab verəndən sonra əmin oldum. Müharibə bitib evə dönəndən sonra atam danışdı ki, onlar, sən demə, məndən nigaran qalıblarmış. On gün xəbər çıxmayınca, hətta morqlara qədər axtarışa çıxıblar. Və mən zəng vuranda ağlamalarının səbəbi bu imiş.
Nicat - Əşrəfdən on gün xəbər çıxmadığını görən balaca qardaşımız da evdən xəbərsiz könüllü cəbhəyə yazılıb. Evə zəng gələndə biliblər evdəkilər. Amma biz iki qardaş döyüşdüyümüzə görə onu aparmamışdılar.
- Müharibə ağırdır. Bəs müharibənin içində ən ağırı nə idi?
Nicat - Bircə fikir var idi beynimdə ki, müharibədən necə qayıdacağıq? Axı ikimiz də sağ-salamat getmişdik. Birdən mən sağ-salamat olsam, qardaşım şəhid olsa, ya da əli-ayağı olmasa, ya da mən o cür qayıtsam, ondan sonra həyatımız necə davam edəcək? Ya da ikimiz də şəhid olsaq, ata-anamızın halı necə olacaq? Bu fikirlər mənim üçün çox ağır və ağrılı idi. Bir də ki, silah yoldaşlarımız vardı. Bir dəqiqə əvvəl oturub danışıb-güldüyün adam bir az sonra şəhid olurdu. Azalırdı yanımızdakı uşaqlar. Qorxum bircə itirmək idi. Amma özümlə bağlı bir qorxum yox idi. Onsuz da, şəhid olmağı gözə alıb cəbhəyə getmişdim.
Əşrəf - Nicatın dedikləri mənim üçün də ağır idi. Amma həm də ən çətini qərar vermək idi. Orada, həmin vaxtda, həmin şəraitdə qərar vermək çox çətindir. Məsələn, elə bir an oldu ki, yanımızda həddindən çox yaralı oldu. Və hər kəsin ancaq bir "jqut"u vardı. Onu kiməsə versən, sonra sən yaralansan, qan itkisindən özün ölə bilərsən. Amma yanımda ilk əsgər yoldaşım yaralanan kimi heç düşünməli olmadım, dərhal öz "jqut"umu ona bağladım. Fikirləşdim ki, əgər şəhid olacağamsa, qoy olum.
Aprel döyüşləri qısa çəkmişdi. Amma bu döyüşlər, doğrudan da, ağır idi. Qıraqdan baxana döyüş asan gələ bilər. Amma elə deyil. İnanın ki, ilk dəfə düşməni öldürəndə bunu başa düşə, qəbul edə bilmirsən. Amma onların bizim torpağa göz dikdiyi, bizə zülm etdiyi, Xocalıda insanlara qarşı soyqırımı törətdiyi və Ali Baş Komandanın əmri yada düşəndə bu addımının doğru olduğunu başa düşürsən.
Nicat - Oktyabrın 13-də yaralandım. Füzulidəki hospitala apardılar məni. Oktyabrın sonunda müraciət etdim və yenidən döyüşə yollandım. Əşrəf orada idi. Mən də getməli idim. Bir yerdə getmişik, axıra qədər də bir yerdə olmalıydıq. Şəhidlikdən yüksək zirvə yoxdur, fikirləşdim ki, şəhid də olsaq, bir yerdə şəhid olaq.
- Sizi müharibədə nə qorudu? Sizcə, sağ-salamat qayıtmağınıza səbəb nə oldu?
Nicat - İnsanı qoruyan bir qüvvə varsa, nə olursa-olsun, ona heç nə olmur. Əminəm ki, anamın-atamın duaları və o duaları qəbul edən Allah qorudu bizi. Orada Allahdan bircə dəfə bir şey istədim. Ya evdən çıxdığımız kimi ikimiz də evə bir yerdə sağ-salamat qayıdaq, ya da ikimiz də şəhid olaq. İnancım tək bir Allahdır. Orada Allahdan başqa heç nə yoxdur. Nə dost, nə tanış, nə qohum...
Əşrəf - Bir qorxum Nicatla bağlı idi ki, sağ-salamat olsun. Mən inanclı insanam. İnanclı insan üçün də şəhidlikdən yüksək zirvə, şəhidlikdən yüksək məqam yoxdur. Hərdən düşünürəm ki, mən, yəqin, yaxşı bəndə deyiləm ki, şəhid olmadım.
- Orada heç yuxu görürdünüz?
Əşrəf - Bir dəfə də çox ac idim. Səngərdə gecəyarı yuxuya getdim. Yuxuda gördüm ki, çörəyi qatılaşdırılmış südə batırıb ləzzətlə yeyirəm. Yuxudan ayıldım ki, əynimdəki buşlatın yaxalığını dişləyirəm, islanıb. Tez o yan-bu yana baxdım görüm ki, məni görən yoxdur?!. Həmin an çox pis oldum. İndi həmin xatirəni gülərək danışıram.
Nicat - Mən kəşfiyyatçı idim deyə yatanda da oyaq olurdum. Danışılanları eşidir, baş verənləri görürdüm. Amma yuxuları, əsasən, müharibədən sonra görməyə başladım. Elə gözümü yuman kimi müharibədən kadrlar görürdüm. Bəzən gözlərimi yummaqdan qorxurdum. Ayılanda da bilmirdim, yuxudayam, ya real müharibədə...
Əşrəf - Müharibədən öncə gördüyüm yuxular vardı, sanki müharibənin olacağını deyirdi. Mən ali təhsilli olduğum üçün bir il xidmət göstərmişdim. Amma gördüyüm yuxularda altı ay xidmətimin qaldığını deyirdilər. Çağırırdılar ki, gəl, xidmətini tamamla. Yəqin, elə buna işarə imiş.
- Müharibədən sonra ilk dəfə harada, necə görüşdünüz?
Nicat - Şuşada idim. Əşrəfin dəqiq orada olduğunu bilsəm də, yerini dəqiq bilmirdim. Orada heç cür bir-birimizi tapa bilmədik. Biz bir də Cəbrayılda görüşdük. Eyni hərbi hissədə olduğumuz üçün hissə-hissə aşağıya qayıdırdıq. Birinci biz gəldik. Amma Əşrəfdən hələ xəbər yox idi. Yol da pis idi. Bəzən maşınlar aşırdı. Çox hadisə baş verirdi. Əşrəf gəlib çıxanacan çox narahat idim. Gəldiyini biləndə artıq hava qaralmışdı. Adını çağıra-çağıra dolaşırdım adamların içində. Və müharibə bitəndən sonra ilk dəfə orada görüşdük.
- Orada heç nəyinsə peşmanlığını çəkmişdiniz?
Əşrəf - Mən yox. Yenə də deyirəm, bircə Nicata görə narahat idim.
Nicat - Mən cəbhəyə getməzdən üç gün əvvəl nişanlandım. Bircə buna görə peşmanlıq çəkirdim. Birdən şəhid olsaydım...
- Bəs gedəndə necə ümid verdiniz yarınıza?
Nicat - Bircə bunu dedim ki, hər şey yaxşı olacaq.
Xanım Aydın
Rəylər