Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xaricdə təhsil almaq əhəmiyyətlidirmi?
Aparıcı universitetlərdə təhsil alan gənclərin dövlətimizin inkişafına faydaları varmı, yoxsa bu sadəcə göstəriş üçün bir vasitədir? Təhsil və təcrübənin tətbiqi üçün Azərbaycanda münbit şərait varmı?
Oxu.Az-ın suallarını özəl və dövlət sektorlarının idarəçiliyi üzrə ekspert Samir Novruzov cavablandırıb.
Məlumat üçün qeyd edək ki, Samir Novruzov idarəçilik konsaltinq üzrə fəaliyyət göstərən "Management Consulting Group"un təsisçisi və baş icraçı direktorudur. Birləşmiş Krallıq İdarəçilik İnstitutunun xüsusi imtiyazlı, Sertifikasiyalı İdarəçilik Konsultantları Qlobal İnstitutunun tam, ABŞ-nin İctimai Siyasi Münasibətlər və İdarəçilik üzrə Qlobal Şərəf Cəmiyyətinin daimi fəxri üzvüdür. Birləşmiş Krallığın Kardif Universitetinin MBA, ABŞ-nin Merilənd Universitetinin Publik və Dövlət İdarəçiliyi üzrə Master dərəcələrini fərqlənmə diplomları ilə bitirib. Merilənd Universitetində bakalavr səviyyəsində Layihələrin İdarəolunması, master səviyyəsində İdarəçilik Konsaltinqi, Liderlik və Təşkilati Davranış, Qlobal Biznesdə Biznes Etiketi və Mədəniyyəti sahələrinin tədrisi ilə məşğul olmuş, Anadolu Universitetində eyni sahələrə aid mövzularda seminarlar təşkil etmişdir. İdarəçilik və Liderlik barədə məqalələri beynəlxalq elmi jurnallarda dərc olunub.
Həmin müsahibəni təqdim edirik:
- Samir Novruzov iki beynəlxalq dərəcəli menecment təhsilinə maliksiniz. Ümid edirik sonuncu deyil. Aparıcı dövlətlərin qabaqcıl universitetlərində təhsil almaq çoxmu önəmlidir?
- Aparıcı universitetlərdə təhsil almaq heç də həmin şəxslərin zəkasının üstünlüyünün göstəricisi yox, bu mövcud zamanda buna vaxt və imkanın olmasını bildirir. O qədər istedadlı və zəkası olan şəxslər var ki, bu və ya digər səbəblərə görə bu imkanları olmayıb, yaxud da, buna ehtiyaclarının olmadığına qərar veriblər. Xüsusən yaşadığımız dövrdə əksər resurslara, ədəbiyyatlara çıxış imkanları hamı üçün açıq və mövcuddur. Təbii ki, təhsil önəmlidir, amma o zaman əhəmiyyətli olur ki, təyinatı və mahiyyəti üzrə uyğunluq təşkil etmiş olsun və tətbiq edilsin.
- Aparıcı universitetlərdə təhsil almağın üstünlüklərini nədə görürsünüz?
- Aparıcı universitetlərdə alınan dərəcə və diplomlar label (leybol) yəni, üstünlük nişanı rolunu oynayır, müasir dünyada yüksək ödənişli iş qazanmaq üçün vasitədir və bundan bir çox aparıcı transmilli korporasiyalar bu tendensiyadan məharətlə yararlanır. Məsələn, dünyanın Menecment Konsaltinq üzrə nəhəngi "McKinsey" öz işə qəbul prosesində dünyanın top 10-20-liyinə daxil olan namizədlərə üstünlük verir. Belə deyək, bu bahalı oyunçular heyəti ilə xidmətlərinin baha qiymətə satmağa, fantastik məbləğlərdə kontraktlar imzalamağa əsasları olur.
- Bu cür yanaşma ölkəmizdə özünü necə göstərir?
- Hal-hazırda bizim dövlət vəzifələrində də buna uyğun gələn başqa çalarda bir tendensiyasının şahidi oluruq. Yüksək postlarda olan şəxslərin top onluğa daxil olan universitetlərdə təhsil almalarının şahidi oluruq. Bir növ kütləyə yeni təyinatların o posta daha layiq olduğunun mesajı verilmiş olur. Hələ bu görünən yaxşı tərəfdir. Fikrimcə, ən doğru olmayanı isə top universitetlərin aylıq onlayn kurslarını bitirib, özlərini həmin universitetin məzunu olduğu kimi təqdim etməkdir.
Ümumi götürdükdə isə, aparıcı ölkələrdə təhsil almaq, şəxsi və peşəkar inkişaf, bilik mübadiləsi və ideyaların sistemləşdirib alət halında gətirə bilməyin üçün inanılmaz müsbət imkanlar, dinamika yarada bilər.
Digər əsas müsbət tərəfi şəbəkələşmədir. Elm mühitində dünyanın müxtəlif ölkələrindən, əsaslı, rəngarəng təcrübəyə sahib professorlar, tələbələr və təhsil idarəçiləri ilə rastlaşıb, təcrübə və fikir mübadiləsi mühitinin, müxtəlif qrup və fərdi layihələrin iştirakçısı olmaq akademik və peşəkar cəmiyyətlərdə tanışlıqların, tərəfdaşlıqların yaranmasına və inkişafına təkan vermiş olur.
Hər zaman bildirmişəm ki, təhsil almaq heç bir zaman hədəf rolunu oynamalı deyil, təhsil almaq peşəkar hədəflərə çatmaq üçün bir vasitə, alət olmalıdır.
- Bildiyiniz kimi, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər. Bu barədə nə deyə bilərsiniz?
- Bu xəbər barədə yerli mediadan məlumatları oxudum. Maraqlısı odur ki, bu təklifin və ya qaydanın qəbulu ilə bağlı rəsmi dövlət qurumundan qaynaqlanan istinada rast gəlmədim. Müvafiq mövzu üzrə "Yüksək intellektə sahib" ifadəsi yerinə "xüsusi bilik və qabiliyyətə, təhsil nailiyyətlərinə malik" ifadəsinin işlədilməsi məqsədəuyğun olar. Akademik nailiyyətlərin yüksək intellektin göstəricisi olaraq qəbul olunması kimi bir qanunauyğunluq mövcud deyil və kökündən yanlışdır. Biri digərinə dəlalət etmir. Məqsəd Müdafiə Nazirliyimizin və ordumuzun sıralarına tələb olunan ixtisaslar üzrə müasir bilikli kadrların cəlb olunmasıdırsa, bunu müvəqqəti şəkildə bir ilə qədər həqiqi hərbi xidmətdə olan hərbi çağırışçıların hesabına təmin etmək nə dərəcədə effektiv olacaq?! Xüsusən nəzərə aldıqda ki, bu universitet məzunlarının əksəriyyətinin iş təcrübəsi yoxdur. Yox əgər, bu üsulla həmin çağırışçıların hərbi xidmətini başa vurduqdan sonra daimi xidmət yeri olaraq nazirlik və ordu sıralarına qatılması nəzərdə tutulursa, bunun üçün uyğun şərtlər və mühitin yaradılması barədə addımlar atmaq məqsədəuyğun olar.
- Nə kimi addımların atılmasını nəzərdə tutursunuz?
- Müvafiq təkliflə bağlı şərhçilərin fikirlərini oxuduqda ABŞ və Çin ordusuna istinad fikirlərini əsassız hesab edirəm. ABŞ və Çin ordusundakı yanaşma tam fərqlidir. Birincisi, ABŞ-də hərbi xidmət mandator deyil, Çin qanunvericiliyində isə de-yure mandator olmasına baxmayaraq geosiyasi vəziyyətdən asılı olaraq və əhali sayının çoxluğuna görə de-fakto tətbiqində fərqlər yaranır. Ümumiyyətlə, Azərbaycan mediasında tirajlanan bu təklifin bu iki ölkənin hərbi sistemi və şəxsi heyətin orduya cəlb olunması ilə bir əlaqəsini görmürəm və bu cür analogiyanın aparılmasının məntiqi əsaslarını tapmağa çətinlik çəkirəm.
Xüsusən də, ABŞ-də ordu sıralarına qatılmağın özü gənclər üçün arzu, şərəfli bir nailiyyət hesab olunmaqla karyera yolunda qapılar açır, iş imkanlarının əldə olunmasında üstün rəqabətlilik bəxş edir. Maddi təminatdan tutmuş, yüksəkdərəcəli təqaüd planları, özlərinə və ailə üzvlərinə sosial güzəştlər, müavinətlər və sosial rifahlarını yaxşılaşdıran imtiyazlar ayrılır. Hətta özlərinin və ailə üzvlərini ali təhsil xərclərini qarşılayan proqramlar və ən əsası orduda xidmət edənlərə böyük bir ehtiram var.
Hərbi qüvvələrimizin sıralarına yüksək bilik və xüsusi bacarıqlı istedadların və peşəkarların qatılması üçün bu cür əsaslı təşviqedici addımların atılması təmin olunmalıdır.
- Hazırkı durumda sizin dediyiniz kimi, xüsusi bilik və bacarıqlı gənclərin hərbi xidmətlərini xüsusi şəraitdə davam eləmələri amma gənclər üçün də faydalı olacaq. Belə hesab etmirsiniz?
- Təbii ki, ofis şəraitində xidmət aparmaq kimi seçimin yaradılması asanlıq və sadələşdirmə, ən əsası da təhlükəsiz xidmət növü olması baxımından yaxşı haldır. Xüsusi bilik və qabiliyyətli gənclərə hərbi xidmətləri zamanı bu şəkildə seçimin yaradılması, təhsilə, beynəlxalq müsabiqələrdə iştiraka həvəsin artmasına təsir edə bilər. Ümumiyyətlə, gənclərin hərbi xidmətə qatılmalarını çox önəmli hesab edirəm. Şəxsi təcrübələrimdən deyə bilərəm ki, əsaslı hərbi xidmətdə olmuş gənclər iş mühitində daha güclü komanda oyunçusu olur, komanda yoldaşlarına empatiya qurmağı bacarır və loyal olurlar, daha disiplinli, çətinliklərə daha dayanıqlı olurlar. İnanıram ki, təhsil səviyyəsindən asılı olmayaraq gənclərin hərbi xidmət keçmələri onların yumşaq bacarıqları əldə etməyində və iş mühitinə uğurlu inteqrasiyasında önəmli rol oynayır.
- Hansı hərbi islahatların aparılmasını nəzərdə tutursunuz?
- Bir çox araşdırmaçı alimlər və ekspertlər məcburi hərbi xidmətin iqtisadiyyat üçün zərərli olduğunu, ölkə gəlirində itkilər ilə nəticələndiyini əsaslandırırlar. Müvafiq islahatların aparılmasında qardaş ölkə Türkiyənin məcburi hərbi xidmət və çağırışcılarla bağlı qanunvericiliyinə nəzər yetirməmiz faydalı ola bilər. Türkiyədə məcburi hərbi xidmət 20 yaşı tamam olmuş kişi vətəndaşlara şamil olunur. Sıravi əsgər kimi hərbi xidmət müddəti 6 ay, ehtiyatda olan zabit və ehtiyatda olan gizir kimi tərxis olunanlar üçün məcburi hərbi xidmət müddəti isə 12 aydır, ödənişli hərbi xidmətdə bu müddət 1 aya qədər azaldıla bilər. Xəzinədarlıq və Maliyyə Nazirliyi 5 iyul 2024-cü il tarixli qərarı ilə 1 iyul - 31 dekabr 2024-cü il tarixləri üçün "Bedelli Asklerlik" adlanan ödənişli hərbi xidmət haqqının məbləğini 217.871.04 TL olaraq qəbul edib. Məbləğ dövlət qulluqçusunun cari aylıq əməkhaqqısı əmsalına görə hesablanır. Ödənişli hərbi xidmətdən yararlanan çağırışçılar kazarma şəraitində bir aylıq ibtidai hərbi hazırlığı keçdikdən sonra hərbi xidmətlərini başa vurmuş hesab olunurlar. Türkiyə Respublikası tərəfindən tanınan xarici ölkələrdə ölkə qanunvericiliyinə uyğun olaraq rəsmi oturum və iş izni olan və digər ölkələrin vətəndaşlığına mənsub olan Türkiyə vətəndaşları eyni məbləğ ödəməklə "Dövizli Askerlik" adlanan ödənişli hərbi xidmətdən yararlana bilərlər. Bu hərbi xidmət şərtinə uyğun olaraq çağırışçılar hərbi xidmətini "Ölkəmizi tanıyaq", "Türkiyə Silahlı Qüvvələrini tanıyaq" və "Əsas Hərbi Hazırlıq" başlıqları altında təşkil edilmiş distant təhsili bitirməklə tərxis olunurlar.
- Məcburi hərbi xidmət və çağırışçılarla bağlı qanunvericilikdə Türkiyə Respublikasının qanunvericiliyinə uyğun dəyişiklər edilməsi nə kimi faydalar verəcəyini düşünürsünüz?
- Ödənişli hərbi xidmət, Türkiyədə Osmanlı dövründən bəri fasilələrlə müxtəlif dövrlərdə tətbiq olunub. Məcburi hərbi xidmətə alternativ olaraq qısaldılmış müddət müqabilində büdcəyə nağd pul ödəməsi məntiqinə əsaslanan bir təcrübədir. Bu təcrübənin səbəbləri olaraq ordunun və dövlətin maddi ehtiyacları qarşılaması müqabilində fərdlərin işlərini və gəlirlərini qoruyub saxlaya bilməsi göstərilir. Yəni, söhbət tək dövlət büdcəsinə ödənişlərin daxil olmasından deyil, milli iqtisadiyyatın mövcudluğunda birbaşa rol oynayan işçi, işəgötürən və sahibkarların fəaliyyətlərinə mane olmamaq, iqtisadi dövriyyəyə, vergidaxilolmalara zərər verməməkdən gedir. Bu addım silahlı qüvvələrimizin büdcəsini və təminatını qüvvətləndirəcək, aidiyyəti qurumlarda şəffaflığı artıracaq, hərbi xidmətdən yayınmaq kimi qeyri-etik təcrübələrin azalmasına səbəb olacaq. Bütün bu addımlar həm milli iqtisadiyyatımıza, həm silahlı qüvvələrimizin inkişafına dəstək olacaq. Nəticə olaraq, silahlı qüvvələr yüksək ixtisaslı və istedadlı gənclərin və peşəkarları öz sıralarına effektiv şəkildə qatılmaları üçün yüksək təminatlar və təşviqlər irəli sürməyə kifayət qədər imkanları olacaq, xüsusi istedadlı kadrlara olan tələbatını məcburi hərbi xidmətə qatılan çağırışçılar hesabına təmin etməyəcək.
- Xaricdə təhsil proqramlarının idarəolunması ilə bağlı nə təklif edə bilərsiniz?
- İlk növbədə, bu cür proqramların yanaşmaları tənzimlənməlidir, seçim proseslərində şəffaflıq artırılmalıdır. Dövlətin inkişaf prioritetləri hər zaman xüsusi önəm daşımalıdır. Müxtəlif ölkələrdə müxtəlif universitetlər üzrə 200 səhifəlik universitet və ixtisas seçimi təqdim olunması, elektron qəbul prosesi xoş təəssürat bağışlaya bilər. Bununla məsələ öz həllini tapırmı? Dövlətin inkişaf prioritetləri və hədəfləri təmin olunurmu? Burada hər təhsil səviyyəsi üzrə, hər ixtisas üzrə fərqli yanaşılmalıdır.
Hesab edirəm ki, dövlət büdcəsindən maliyyələşən proqramların hədəfləri və missiyaları tələbə yetişdirilməsi deyil, dahilərin kəşf olunması, mütəxəssislərin, peşəkarların inkişafına yönəlməlidir. Bu proqramların effektiv idarəolunması üçün kompleks yanaşılmalıdır. Ümumiyyətlə, aparıcı universitetlərin hər birinin çox sayda daxili təhsil və təqaüd proqramları mövcuddur. Dövlət büdcəsindən təhsil və təqaüd xərclərini qarşılamağın əvəzinə xarici universitetlərin "skolarşip"lərini (təhsil qrantlarını) əldə olunmasına fokuslanmaq dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitin qənaət olunması deməkdir. İstedadlı, xüsusi qabiliyyətli, və akademik nailiyyətləri olan gənclərin müvafiq "skolarşiplərə", təhsil təqaüdlərinə layiq görülə bilməsi üçün namizədlərin üstünlüyünün seçim prosesində effektiv şəkildə təqdim olunması tələb olunur. Müvafiq hədəflər üzrə iş yükünün bölgüsündə xaricdə təhsil üzrə uğur izi olan müstəqil ekspertlərin iştirakının təmin olunması bu hədəflərə effektiv şəkildə reallaşmasına zəmin yaratmış olacaq.
"Birləşmiş Krallıq" teqi üzrə xəbərlər
- Britaniyanın Baş naziri: "İqlim böhranının ön cəbhəsində olan ölkələri dəstəkləməyə hazırıq"
- "Böyük dövlətlərin böyük tullantıları" - Fövqəl dövlətlər niyə narahatdırlar?
- İnsan lider olaraq doğulur, yoxsa sonradan bu keyfiyyətləri qazanır? - Samir Novruzovla MÜSAHİBƏ
- COP29 Təşkilat Komitəsinin üzvü: "Beynəlxalq ictimaiyyət iddialı hədəflər gözləyir"
- Bakıda COP29 sədrliyinin təşəbbüsü ilə "İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq" keçirilib
Rəylər