Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İqor Korotçenko: "Ermənistanın Qərbin "Troya atı"na çevrilməsinə imkan vermək olmaz"
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri avqustun 19-da başa çatdı. Qarşılıqlı etimad və tərəfdaşlıq ab-havasında keçən görüşdə bir sıra sahələrdə mühüm sənədlərin mübadiləsi həyata keçirildi və həm regional, həm də geosiyasi məsələlərdə müttəfiqlik prinsiplərinin davam etdirilməsi vurğulandı.
Xüsusən də görüşdə regional sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönələn siyasət, bu kontekstdə qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, Rusiya ilə Azərbaycan arasında Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq, Azərbaycanın dialoq mühiti formalaşdıran ölkə kimi fəaliyyətini davam etdirməsi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın davam etdirilməsinə yönələn addımlar mühüm əhəmiyyətə malikdir.
Təbii ki, əldə olunan nəticələrin əhəmiyyəti, gələcək perspektivə yönələn addımlar və Vladimir Putinin Bakıya səfəri ilk növbədə Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasət, məharətli diplomatiya və Rusiya ilə qurulan düzgün münasibətlər sistemi ilə paralel təhlil olunmalı və qiymətləndirilməlidir.
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru, hərbi ekspert İqor Korotçenko hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri müasir siyasi tarixdə, həqiqətən də, əhəmiyyətli bir hadisə oldu:
- Çünki Moskva ilə Bakı arasında mövcud olan münasibətlər və qarşılıqlı əlaqələr yeni, çox ciddi inkişaf və irəliləyiş impulsu qazandı. Mən, ilk növbədə, proqramın işgüzar hissəsinə toxunmaq istəyirəm. Çünki Rusiya Prezidenti Vladimir Putini yüksək dövlət məmurlarından ibarət böyük bir nümayəndə heyəti müşayiət edirdi - ikitərəfli əməkdaşlığın müxtəlif sahələrinə cavabdeh olan müvafiq nazirliklərin rəhbərləri və baş nazirin köməkçiləri. Demək olar ki, hər sahə üzrə müvafiq ikitərəfli sənədlər imzalandı. Bu, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsinə dair hüquqi baza və əsasın yaradılması deməkdir. Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq atmosferi irəlidə çox ciddi və səmərəli qərarların qəbul olunacağını deməyə əsas verir.
- Səfər çərçivəsində iki ölkə arasında həm də iqtisadi əməkdaşlıq istiqamətində mühüm məsələlər müzakirə edildi. Bu istiqamətdə əldə olunan nəticələrin perspektivlərini necə dəyərləndirmək olar?
- İki ölkə arasında ötən illərlə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollara çatıb. Lakin ən yaxın vaxtlarda bu rəqəmin ən azı ikiqat artması üçün bütün əsaslar mövcuddur. Xüsusilə Rusiyanın Azərbaycanla birlikdə Xəzər dənizinin şelfində karbohidrogenlərin hasilatı, emalı və nəqli üzrə böyük enerji layihələrində iştirakı ikitərəfli əməkdaşlığın yeni və səmərəli sahəsidir.
Mən, həmçinin, siyasət və regionlararası tərəfdaşlıq və əməkdaşlıq sahəsində uğurla inkişaf edən münasibətləri vurğulamaq istəyirəm. Çünki iki ölkə arasında təkcə iqtisadi-siyasi sahədə deyil, həm də mədəni və humanitar sahədə də əlaqələr səmərəli şəkildə həyata keçirilir. Bu baxımdan, Azərbaycanda fəaliyyət göstərən Rus Pravoslav Kilsəsinə və rus dilinə dəstək Azərbaycanda multikultural mühitin dəstəklənməsinin və əsl tolerantlığın nümunəsidir. Bu, millətlərarası və dinlərarası qarşılıqlı əlaqə və əməkdaşlığın əyani sübutudur. Bu baxımdan, Azərbaycanı bütün dünyaya örnək göstərmək olar. Çünki sadalanan məsələləri Bakı ən uğurlu şəkildə həll edir. Halbuki, digər ölkələrdə bu nüanslar bir sıra problemlərə səbəb olur və hətta böyük siyasi sarsıntılara gətirib çıxarır. Ona görə də Azərbaycanın siyasi və ictimai münasibətlər sistemi onlarla digər dövlətlər üçün görk olmalıdır.
- Münasibətlərin inkişaf edib bu səviyyəyə çatmasında əsas rol nədən ibarətdir?
- Bu inkişaf ilk növbədə prezidentlər Vladimir Putin və İlham Əliyevin şəxsi münasibətlərindən qaynaqlanır. Təbii ki, iki lider arasında qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq münasibətləri mövcuddur ki, bu da ikitərəfli münasibətlərin ümumi formatına son dərəcə pozitiv təsir göstərir.
- Azərbaycanın müstəqil siyasəti, öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı inkişaf etdirməsi regional və geosiyasi kontekstdə həm özü, həm də tərəfdaşları üçün kifayət qədər faydalıdır. Buna baxmayaraq, Ermənistan və onu dəstəkləyən qüvvələr Bakının bu addımlarına adekvat, konstruktiv mövqe nümayiş etdirmirlər. Bunun səbəbi nədir?
- Bu gün Rusiya Azərbaycanı özünün strateji tərəfdaşı və etibarlı müttəfiqi kimi nəzərdən keçirir. Bu baxımdan, bizim qarşılıqlı münasibətlərimiz tamamilə aydındır və yalnız ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə deyil, həm də Cənubi Qafqazda sabitlik və inkişaf tədbirlərinin təmin edilməsinə yönəlib. Bu da sözügedən siyasətin nəticəsidir.
Burada, əlbəttə, bir sıra ciddi çağırışlar mövcuddur. Əsas çağırışlardan biri də elə Ermənistandır. Çünki bu ölkə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gecikdirir və Qərb dövlətləri onu Cənubi Qafqazda NATO-nun bir növ "Troya atı"na çevirmək üçün fəal şəkildə istifadə edirlər. Biz bu təhdidi görürük. Bu istiqamətdə, yəni Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində Azərbaycanın üzərinə yeni funksiyalar düşür. Çünki Azərbaycanın yaratdığı yeni regional və geosiyasi status bu gün obyektiv olaraq bütün tərəflər tərəfindən qəbul edilir. Bu isə əbəs deyil - Bakının nüfuzu, gücü və effektivliyi onu, həqiqətən, Cənubi Qafqazda baş verən bütün siyasi və hərbi proseslərin əsas moderatorlarından birinə çevirir.
- Bəs Ermənistan sülhdən niyə boyun qaçırır?
- Rusiya və Azərbaycan Ermənistanla sülh müqaviləsinin tezliklə imzalanmasını təmin etmək üçün birgə fəaliyyət göstərəcəklər. Lakin eyni zamanda, Ermənistanın, dediyim kimi, Qərbin "Troya atı"na - NATO-nun dayaq nöqtəsinə çevrilməsi tendensiyasına qarşı mübarizə aparmaq da vacibdir. Çünki yaxın vaxtlarda bu ərazidə, əsasən, Fransa və ABŞ kimi regiondankənar oyunçuların iştirakı ilə xarici hərbi bazalar peyda ola bilər.
Biz, həmçinin, Avropa İttifaqının müşahidə missiyasının destruktiv rolunu da vurğulamalıyıq. Onlar, əslində, açıq şəkildə kəşfiyyat və sabotaj fəaliyyətləri ilə məşğul olurlar. Gələcəkdə bu missiya Şimali Atlantika Alyansının (NATO) hərbi missiyasına çevrilə, Ermənistan ərazisində, ilk növbədə, NATO üzvü olan ölkələrin xarici hərbi bazalarının yaranması ilə nəticələnə bilər. Bu cür mənfi tendensiyalarla birgə mübarizə aparmaq vacibdir.
Həm də əlbəttə ki, Rusiya Zəngəzur nəqliyyat dəhlizinin mümkün qədər tez və eksterritoriallıq (toxunulmazlıq hüququ) şərti ilə açılmasında maraqlı olduğunu bir daha təsdiqlədi. Bu dəhlizdə Ermənistanın baş naziri Paşinyanın da imza atdığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, nə Ermənistan sərhədçiləri, nə də Ermənistan gömrükçüləri olmalıdır. Bu sənəd isə hüquqi cəhətdən məcburidir və İrəvan tərəfindən icra edilməlidir.
Sonda bir daha vurğulamaq istəyirəm ki, Rusiya ekspert icması Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin praktiki nəticələrini son dərəcə yüksək qiymətləndirir və Bakıdakı səfər zamanı əldə olunan ikitərəfli razılaşmalar kompleksinin tezliklə həyata keçiriləcəyinə böyük ümidlər bəsləyir.
Mərahim Nəsib
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Rusiyanın hava hücumundan müdafiə sistemləri iki "Storm Shadow" raketini vurub
- Rusiya Azərbaycan və Ermənistan parlament sədrləri üçün platforma təqdim etməyə hazırdır
- Rusiya millisinin sabiq futbolçusu silahlı hücuma məruz qalıb
- Filipp Kirkorov axtarışa verildi