Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Büdcə artırıldı: Bütün tələblər ödəniləcəkmi?
Pərviz Heydərov yazır...
Cari ilin dövlət büdcəsinə dəyişikliklər qanunverici orqan tərəfindən təsdiqdən sonra yeni rəqəmlər bəzi suallar sarıdan təbii olaraq bir daha diqqəti cəlb edir. Suallar isə əsasən bundan ibarətdir ki, "2024-cü il dövlət büdcəsi haqqında" qanuna niyə və nədən dəyişiklik edildi, xərclərin artırılması hansı tələblərdən doğdu, sosial istiqamətdə hər hansı bir əlavə maliyyələşdirmə və sair olacaqmı?
Birinci suala gəldikdə, eyni mövzuda olan əvvəlki yazımda qeyd etmişdim ki, ölkədə görüləsi işlər çoxdur, yerinə yetirilməsi vacib sayılan böyük maliyyə tələbli vəzifələr mövcuddur. Böyük Qayıdış Dövlət Proqramı, müdafiə və milli təhlükəsizlik qabiliyyətini möhkəmləndirmək, infrastruktura aid bir sıra layihələrin icrası və sair kimi məsələlər, buraya daxildir.
Bu baxımdan, ilk gündən parlament rəsmiləri də bildirmişdilər ki, bu ilin keçən dövrü ərzində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işləri, ölkənin müdafiə qabiliyyəti ilə təhlükəsizliyini artırmaq, bir sıra infrastruktur təyinatlı layihələri icra etmək, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkədə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər işlər büdcə qarşısında nə az və nə çox 3 milyard 796 milyon manat əlavə tələbat yaradıb.
Ancaq bu, məsələnin birinci tərəfi idi. Xərcləri qeyd olunan məbləğdə artırmaq üçün isə sözsüz, müvafiq imkan və mənbəyin olması da lazım idi. Buna da, hər şeydən əvvəl neft ilə qazın dünya bazar qiymətlərinin əlverişli olması, ikincisi isə ölkə iqtisadiyyatının qeyri-neft sektoru, həmçinin büdcə idarəçiliyi üzrə proqnozların yerinə yetirilmə səviyyəsi və vəziyyəti şərait yaradırdı.
Sözün qısası, cari ilin dövlət büdcəsinə gəlir və xərcləri artırmaq baxımından tələbin də və eyni zamanda buna müvafiq şəraitin də olması səbəbindən, dəyişikliklər nəticəsində artırılan 3 milyard 796 milyon manat xərcin 1 milyard 160 milyon manatını işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə, 807 milyon manatını ölkənin müdafiə qabiliyyəti ilə təhlükəsizliyinə, 1 milyard 184 milyon manatını infrastruktur və digər layihələrin maliyyə təminatına, 499 milyon manatını beynəlxalq fəaliyyət üzrə tədbirlərə və digər zəruri xərclərə, 146 milyon manatını isə əsaslı xərclər ilə təmir və sair üçün yönəltməyə dair qərar qəbul etməyə yol açıldı.
Göründüyü kimi, sosial istiqamətdə isə hər hansı əlavə maliyyələşdirmə və sair nəzərdə tutulmayıb. Lakin... Dövlət büdcəsi ilə yanaşı icmal büdcənin mühüm tərkib hissəsi olan "Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında" qanun üzrə də dürüstləşdirmə aparılıb ki, buna zərurət kimi isə 2024-cü ilin ötən dövrü ərzində iqtisadiyyatda artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halını yüksəltmək istiqamətində aparılan ardıcıl tədbirlər əsas səbəb olaraq göstərilib.
Belə ki, adıçəkilən qanuna dəyişikliklər DSMF-nin gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqələndirilib.
Yeri gəlmişkən, İqtisadiyyat Nazirliyinin 2023-cü ildə təqdim etdiyi məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980 manat göstərilsə də, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən bunun 990 manat təşkil edəcəyi nəzərdə tutulur.
Bu da o deməkdir ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların məbləği artmaqda davam edəcək. Ona görə də DSMF-nin 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektorundan sözügedən mənbə üzrə daxilolmalar 190 milyon manat artırılaraq 3 milyard 387 milyon 100 min manatdan 3 milyard 577 milyon 100 min manata çatdırılıb.
Qeyd olunan tendensiya isə ölkədə bir sıra mühüm sosial ödənişləri xüsusən, əmək pensiyalarını, müavinət və təqaüdləri artırmaq üçün real zəmin yarandığı qənaətinə gəlməyə imkan verir.
Bir sözlə, cari ilin dövlət büdcəsi dəyişikliklərdən sonra xərclər üzrə 39 milyard 707 milyon manat, gəlirlər üzrəsə 36 milyard 353 milyon manat təşkil edir ki, bu da əvvəlki proqnozlardan müvafiq olaraq 8% və 6,3% çox deməkdir.
Yenilənmiş büdcədə Dövlət Neft Fondundan transfert məbləğinin artırılmaması ən böyük müsbət hal olsa da, büdcə kəsirinin 764 milyon 300 min manatdan 3 milyard 354 milyon 300 min manata çatdırılması yeganə birmənalı münasibət doğurmayan məqam hesab edilir.
Düzdür, bu artım daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına maliyyələşdiriləcək.
Lakin ölkədə iqtisadi artım fonunda inflyasiyanın aşağı səviyyədə təşkil etməsi, xarici ticarət dövriyyəsinin enməkdə olması və bir sıra digər faktorlara nəzərən kəsiri böyütməklə xərcləri artırmaq da effektiv yol sayılmır.