Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hansı növ sosial ödəniş və təqaüdlərin artırılmasına ehtiyac var?
Pərviz Heydərov yazır...
Məlumdur ki, gələn il ölkə üzrə minimum əməkhaqqı və pensiya məbləğləri artırılacaq. Buna əsasən, həm də gözlənilir ki, 2019-cu ildən bəri həyata keçirilmiş 4 sosial paketdən sonra sayca beşinci icra olunacaq. Yəni, sosial müavinət və təqaüdlər də artırılacaq.
Son 5 ildə Prezidentin fərman və sərəncamları ilə 2018-2023-cü illərdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılmasını ehtiva edən 4 sosial islahat paketi icra edilib ki, bu da 4 milyondan çox vətəndaşı əhatə etməklə illik əlavə olaraq 7 milyard manata yaxın vəsaitin xərclənməsinə səbəb olub.
Nəticədə də 2019-dan bəri minimum aylıq əməkhaqqı 2.7 dəfə artaraq 130 manatdan 345 manata, minimum aylıq pensiya 2.5 dəfə artaraq 110 manatdan 280 manata çatıb ki, ölkə üzrə orta aylıq nominal əməkhaqqında 70%-dən çox, median əməkhaqqında 2.1 dəfə, əməkhaqqı fondunda 2.5, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində isə 2.9 dəfə artım əldə olunub.
Hələ onu qeyd etmirəm ki, hər il əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ildə orta aylıq nominal əməkhaqqı göstəricisinin artım səviyyəsinə, o cümlədən işləyən vətəndaşların əməkhaqlarından tutulan məcburi dövlət sosial ayırmalarına əsasən formalaşan pensiya kapitalı məbləğlərinin də istehlak qiymətləri indeksinə uyğun hesablanması həyata keçirilib və keçirilir. Hansı ki, bu, müvafiq qanunvericilikdən irəli gəldiyindən heç bir sosial paket sayılmır və hər ilin əvvəlində həyata keçirilib və keçiriləcək.
Bu yazıda toxunmaq istədiyim mövzu tam başqadır. Yuxarıda qeyd etdim ki, gələn il sosial müavinət və təqaüdlərin də artırılacağı gözlənilir. Və güman olunur ki, beşinci sosial paket həyata keçiriləcək. Lakin bu, hələ ehtimaldır. Yəni, təkcə minimum əməkhaqqı ilə pensiya məbləğləri artırıla da bilər.
Yeri gəlmişkən, 2025-ci ilin dövlət büdcəsi layihəsində sosial müdafiə və təminat xərclərinə xüsusi çəkisi 12.6 % olmaqla 4 milyard 998 milyon manat ayrılıb. Bu da cari ilin büdcəsində nəzərdə tutulan 4 milyard 391 milyondan 607 milyon manat və yaxud 14% çoxdur.
Xatırladım ki, 2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri əvvəl 4 milyard 542 milyon 200 min manat təsdiqlənmişdisə, ilin ortasında yenidən baxış nəticəsində 150 milyon 800 min azaldılaraq 4 milyard 391 milyon manat edildi.
Qeyd etmək istədiyim budur ki, həm minimum əməkhaqqı və pensiya məbləğlərini, həm də bütün növ sosial müavinət və təqaüdləri artırmaq üçün 607 milyon manat yetərli sayılmaya da bilər. Çünki 17 növ aylıq, 6 növ birdəfəlik sosial müavinət, 14 növ Prezident təqaüdü mövcuddur.
Ancaq son vaxtlar hər il, yəni ilin ortasında ümumən dövlət büdcəsinə yenidən baxış zamanı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsindən proqnozlaşdırılandan müəyyən məbləğdə (100-150 milyon manatdan çox) vəsaitin izafi gəlir formasında kəsilərək geri qaytarıldığı nəzərdən qaçırılmalı deyil. Yəni, demək istədiyim budur ki, DSMF xətti ilə maliyyələşdirməni də nəzərə aldıqda sosial müavinət və təqaüdləri növbəti ildə artırmaq baxımından əslində, hamısını olmasa da müvafiq imkan var və bu, mümkündür.
Odur ki, bunlardan ən əsasları hesab edirəm, əlilliyə görə verilən sosial müavinətlər və Prezident təqaüdləri olmalıdır. Bura daxildir xüsusən, orqanizmi üzrə funksiyalarını 81-100% və 61-80% itirmiş əlilliyi müəyyən edilən şəxslərə ödənilən aylıq sosial müavinətlər, həmçinin bu cür vətəndaşlara qulluğa görə verilən aylıq təqaüdlər və bu kimi ödənişlər.
Ümumiyyətlə, ölkə üzrə ödənilən bütün növ sosial müavinət və təqaüdlər sırasında məhz əlilliyə görə ödənişlərə daha çox diqqət yetirilməlidir. O səbəbdən ki, bunların bir çoxu hazırda çox aşağı səviyyədədir. Və bu insanların xüsusi qayğıya ehtiyacları vardır. Məsələn, orqanizm üzrə funksiyalarını 81-100% itirmiş şəxslərə qulluğa görə aylıq 100 manat məbləğində təqaüd ödənişi heç bir məntiqə uyğun gəlmir. Bu məbləğ artırılsa yaxşıdır.