Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İlaira Katastini: "Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər"
İtaliyanın "MAIRE" Fondu enerji keçidi ilə bağlı məlumatlılıq səviyyəsini müəyyən etmək üçün Azərbaycanda araşdırma aparıb. Keçirilən sorğularda iki min respondent iştirak edib.
Fondun baş direktoru İlaira Katastini araşdırma ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.
- Bakıda keçirilən COP29-da hansı məqsədlə iştirak edirsiniz?
- Mən keçən il apardığımız araşdırma ilə bağlı COP29 çərçivəsində təqdimat keçirmək üçün Bakıdayam. Enerji keçidi ilə bağlı səriştə və bacarıqların yaradılmasının əhəmiyyəti və təcili olması barədə ölkələrin (onların sayı ümumilikdə on ikidir) məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə Azərbaycanda və Qazaxıstanda olmuşam. Keçən il biz on ölkə ilə bağlı araşdırma aparmağa başladıq. Bunlar İtaliya, Böyük Britaniya, ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Hindistan, Türkiyə, Əlcəzair və Çili idi. Bu il isə Azərbaycanla və Qazaxıstanla bağlı araşdırma apardıq və çox maraqlı məqamlar üzə çıxdı.
- Azərbaycanla bağlı araşdırmaların nəticələri barədə nə deyə bilərsiniz?
- Araşdırmalar göstərdi ki, Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər. Müsahibə götürdüyümüz respondentlərinin yarıdan çoxu enerji keçidinin prioritet olduğuna inandıqlarını söyləyib.
- Sizcə nə üçün İtaliya, Böyük Britaniya, ABŞ və Çin ilə müqayisədə Azərbaycanda və Qazaxıstanda daha çox insan enerji keçidini iqlim dəyişmələri ilə mübarizədə vacib hesab edir?
- Biz bu araşdırmanın nəticəsi olaraq gördük ki, bu ölkələrdə yaşayan insanlar enerji keçidinin təkcə ekoloji faydaları deyil, iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması və atmosferə istixana qazı emissiyalarının azaldılması üçün enerji keçidinin mütləq olması, o cümlədən sosial faydaları barədə məlumatlıdırlar.
Məsələn, yeni iş yerlərinin yaradılması, neft-qaz sektorunda və qazıntı yanacaq sektorunda çalışan insanların ixtisasının artırılması bacarıq və səriştə ehtiyacını ödəmək üçün onların təcrübələrini genişləndirə bilər. Bunlar da öz növbəsində qazıntı yanacaqdan bərpaolunan enerjiyə, xətti iqtisadiyyatdan dairəvi iqtisadiyyata və klassik sənaye sahələrindən dayanıqlı sənaye sahələrinə keçid üçün tətbiq oluna bilər. Bu keçid tədricən olmalıdır və onun faydaları da tədricən üzə çıxacaq. Bu araşdırma həm də onu göstərdi ki, müsahibə götürdüyümüz ali təhsili şəxslər, yəni ictimai fikir liderləri və qərar qəbul edən şəxslər bu faydalar barədə məlumatlıdırlar.
- Araşdırmanızı digər ölkələrə də genişləndirməyi planlaşdırırsınızmı?
- Bəli, "MAİRE" qrupunun təsis etdiyi "Fondazione MAİRE" fondu tərəfindən hazırlanmış bu araşdırmanın növbəti illərdə daha da inkişaf etdirilməsinin zəruri olduğunu düşünürük. Bu araşdırmada ölkələrin enerji keçidini dərk etməsi və bu keçidin tələb etdiyi bacarıq və səriştələrin yaradılmasının əhəmiyyəti ilə bağlı məlumatlı olması barədə unikal qlobal perspektiv təqdim olunur.
Bu çərçivə COP29 və gələcək COP tədbirləri kimi konfranslarda strategiyaların formalaşdırılması üçün dəyərli ola bilər ki, bu da onu qlobal miqyasda enerji keçidi ilə bağlı siyasətlərinə yön vermək üçün vacib alətə çevirir.
- Sizcə, enerji keçidi hər bir ölkədə mümkündürmü?
- Biz qəti şəkildə inanırıq ki, bu, nəinki mümkün, həm də hər bir ölkə üçün vacibdir. Azərbaycanda və Qazaxıstanda aparılan builki araşdırmalar göstərdi ki, bu ölkələrdə enerji keçidi ənənəvi iqtisadiyyatla bərabər tədricən inkişaf etdirilə və onu daha dayanıqlı edə bilər.
Enerji keçidi yeni iş yerləri yarada, emissiyaları azalda və iqlim dəyişmələrinin təsirlərini yumşalda bilər. İnsanlar buna hazırdırlar - onlar dərk edirlər ki, bu, biznes imkanları, iş yerləri və rifah yaradır. Əsas odur ki, enerji keçidi günəş panelləri kimi bərpaolunan enerji mənbələri ilə məhdudlaşmır. Bura, həmçinin sənaye prosesləri, məhsul dizaynı və iqtisadi modellərin yenidən nəzərdən keçirilməsi daxildir. Müxtəlif növ bacarıqlar və peşələr tələb olunur ki, hər bir ölkə, o cümlədən Azərbaycan bu mühüm səriştələrə töhfə verə bilər.
- Sizcə, enerji keçidinin əsas komponentləri hansılardır?
- Biz bunu COP29 çərçivəsində geniş şəkildə müzakirə etdik. Birinci komponent maliyyədir. İkincisi, siyasi iradədir. Üçüncüsü, enerji keçidi üçün texnologiyaların olmasıdır. "MAIRE" olaraq biz dünya üzrə sənayelərə emissiyaları azaltmağa imkan verən texnologiyalar portfelinin inkişafına fokuslanan xidmət göstəririk.
Ancaq çox vacib olan dördüncü komponent də var ki, bu da səriştə və bacarıqlardır. Bunsuz tələb olunan müddət ərzində iqlim məqsədlərimizə çatmaq üçün digər üç komponentdən səmərəli istifadə edilə bilməz.
- "MAIRE" Fondu yeni mütəxəssislərə təlim keçirilməsi istiqamətində Azərbaycanla əməkdaşlıq edəcəkmi?
- Əlbəttə, bəli. Biz artıq İtaliyada və Avropada etdiyimiz kimi, təlimçilər üçün təlimlər təşkil etmək və təhsil proqramlarını işləyib hazırlamaq üçün Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıyıq.
"COP29" teqi üzrə xəbərlər
- Bakıda keçirilən COP29-un on ikinci günündən FOTOREPORTAJ
- Hədəflər və gözləntilər: COP29 iştirakçıları ölkələrinə nə ilə qayıdırlar?
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- COP29-un "adsız qəhrəmanı": "Qarşındakı insanın xoş xatirəsinin bir parçası olmaq sevindiricidir"