Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mayisə Ağamirzəyeva: “Ermənistanın Haaqadakı səfirliyi önündəki aksiyamız mina terroruna qarşı yönəlib” - FOTO
Bu gün Niderlandda soydaşlarımız “Ana Vətən” Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə Ermənistanın Haaqadakı səfirliyi qarşısında bu ölkənin mina terroruna diqqət çəkmək məqsədilə etiraz aksiyası keçirəcək.
Birliyin sədri Mayisə Ağamirzəyeva “Report”un yerli bürosuna müsahibəsində aksiyanın məqsədləri barədə danışıb:
- “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin təşkil etdiyi bu nümayişin məqsədləri barədə ətraflı məlumat verə bilərsinizmi?
- Etiraz aksiyamız bu bazar günü, yanvarın 28-də Haaqada Ermənistan səfirliyinin qarşısında baş tutacaq. Əsas məqsəd odur ki, bizim hələ də minalanmış ərazilərimiz var və Ermənistan hələ də Azərbaycana mina sahələrinin dəqiq xəritələrini vermir. Ona görə də aksiyamız mina terroruna qarşı yönəlib, çünki nəticədə vətəndaşlarımız həlak olur, ermənilər bütün bunlara son qoymalı və bizə minalanmış ərazilərin xəritəsini verməlidirlər. Bu, aksiya zamanı şüarımız olacaq.
- Bu tədbirlə erməni xalqına və beynəlxalq ictimaiyyətə hansı mesajı çatdırmağa ümid edirsiniz?
- Biz sülh istəyirik və bu sözləri beynəlxalq ictimaiyyətə, erməni əhalisinə çatdırmağa çalışırıq. Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, biz Qarabağda ermənilərlə birgə yaşamağa hazırıq, güzəştə getməyə hazır olan ölkəyik. Ermənilər də öz növbəsində Azərbaycanın bütün qanunlarına əməl etməli olacaqlar. Biz sülh istəyirik və insanların ölməsini istəmirik.
- Aksiyanın nəticələrindən gözləntiləriniz nədir?
- Beynəlxalq ictimaiyyətin və qurumların səsimizi eşitməsini gözləyirik. Biz Niderlandın ədalətinə inanırıq və bütün bu vəziyyətdən bezmiş ermənilərin səsimizi eşidəcəyinə inanırıq. Dünya azərbaycanlıları bu vəziyyətdə çox fəaldırlar. Ali Baş Komandanın “dəmir yumruğu” öz gücünü bütün dünyaya göstərdi. Niderlandda azərbaycanlıların fəaliyyəti çox aktivdir və erməni diasporu bunu çox gözəl bilir.
- Azərbaycanlı Qadınlar Birliyi və bütövlükdə Niderland diasporu üçün hansı rolu görürsünüz?
- Bu, bizim üçün çox vacibdir, çünki “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi təşkilatı 2007-ci ildən fəaliyyət göstərir və biz bu təşkilatda çoxlu işlər görmüşük. Niderland dövləti və parlamenti artıq bizim haqqımızda bilgilidir və fəaliyyətimizə çox müsbət və hörmətlə yanaşır. Onları təəccübləndirən odur ki, bizdə ancaq kişilər fəal ola bilər, amma bu belə deyil. Onu da qeyd edim ki, qadınlarımız ölkəyə çox yaxşı inteqrasiya ediblər. Onlar burada ikinci təhsil almağa nail olublar. Onların əksəriyyəti yaxşı vəzifələrdədir, məsələn: hakim, tərcüməçi, hüquqşünas və s.
Artıq siyasi müstəvidə özünü göstərən xanımlarımız var, bələdiyyə üzvü olan bir şəxsi də qeyd edə bilərəm. Ona görə də Azərbaycan qadınının Niderland ictimaiyyətində rolu böyükdür. Biz bunu dəfələrlə Niderland mətbuatında işıqlandırmışıq, orada azərbaycanlı qadınların müsahibələri dərc olunub. Niderlandda nəşr olunan bir jurnalla üçillik müqaviləmiz var idi. Təxminən beş min nüsxə tirajla çıxan bu jurnalda ildə dörd dəfə azərbaycanlı qadınların müsahibələri dərc olunurdu. Beləliklə, niderlandlı oxucular Azərbaycanın çox böyük hissəsinin qadın əhalisinin buraya inteqrasiyası barədə məlumatlandırılıblar.
"Ağamirzə" teqi üzrə xəbərlər
- Avtomobilsiz mərkəz və keçilməz tıxac qorxusu: “Zona Qış parkına qədər uzana bilər” - FOTO
- Bakının mərkəzində avtomobilsizləşdirmənin nəticəsi necə olacaq? - AÇIQLAMA + FOTO
- Bakıda dəmiryol xətlərinin sökülməsinin səbəbi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO
- Meyxanaçı Kərimin oğlu: “Qapımızın yerini tanımayan meyxanaçılar yalan danışırlar”
- Sürücüləri çaşdıran yol: AAYDA deyir, sür, polis deyir, sürmə - AÇIQLAMA