Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Avtomobilsiz mərkəz və keçilməz tıxac qorxusu: “Zona Qış parkına qədər uzana bilər” - FOTO
“Gələcəkdə Fəvvarələr meydanından Qış parkına qədər olan bəzi küçələrdə də şənbə-bazar günləri nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər”.
Bunu Oxu.Az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin martın 17-dən etibarən həftəsonları Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı xəbərini şərh edən ekspertin fikrincə, bu qərar şəhər mühitinin yaxşılaşdırılması üçündür:
“Şəhərlərin mərkəzi küçələrinin şənbə-bazar günləri bağlanması dünyada çoxdan tətbiq olunur, bu bizdə yenilikdir.
Hazırda gerçəkləşdirilməsi nəzərdə tutulan 30 kilometrlik piyadalaşmış zonaya Neftçilər prospekti ilə kəsişən Tərlan Əliyarbəyov küçəsindən Fəvvarələr meydanına (Nizami küçəsində - red.) qədər olan ərazi daxildir. Ancaq gələcəkdə bu zona Qış parkına qədər uzana bilər”.
Ekspertin fikrincə, həftəsonları bəzi mərkəzi küçələrdə avtomobillərin hərəkətinin məhdudlaşdırılması tıxaca səbəb olmayacaq:
“İnsanlar zamanla vərdişlərindən uzaq durmağı öyrənməlidirlər. Şəhərin mərkəzinə daha çox ictimai nəqliyyatla, fərqli nəqliyyat növləri ilə gəlməlidirlər. Bu, təşviq olunmalıdır. Adamlar dərk etməlidirlər ki, çox avtomobil çox tıxac deməkdir. Şəhərin müxtəlif ərazilərində yaranan çoxsaylı tıxaclar isə artıq uzunmüddətli tıxacdır. Yəni sualın qayəsi bu olmalıdır ki, səfərinizi nə ilə təşkil edirsiniz - şəxsi avtomobillə, taksi ilə, ictimai nəqliyyatla?
Prioritetlər dəyişdikcə şəhərdəki tıxacın müddəti də artıb-azalır. Tıxac meqapolisə xas olan bir haldır. Ancaq əsas məsələ budur ki, neçə saatlıq tıxac? Bunun alternativi varmı? Necə etmək olar ki, həmin saatları qısaldaq? Ən qısa həll yolları piyada infrastrukturları, mikromobillik, avtobus zolaqlarıdır, özü də sərt nəzarətlə. İkinci mərhələ isə relsli nəqliyyat vasitələrinin inkişafıdır”.
Xatırladaq ki, martın 17-dən paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunacaq və bu ərazilər piyadaların istifadəsinə veriləcək.
Aliyə Yahyayeva
Rəylər