Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Makron Azərbaycandan ala bilmədiyini Mərkəzi Asiyada istəyir: Keçmiş xüsusi nümayəndə iş başında
Son zamanlar Qərbin təxribatçı qrupları Mərkəzi Asiyada da özlərini göstərməyə başlayıblar. Mərkəzi Asiya ölkələri bu ssenarini ciddi şəkildə nəzərə almalı və Qərbin şirin dilinə və yüksəksəviyyəli səfərləri ilə bağlı ehtiyatlı olmalıdırlar.
Təsadüfi deyil ki, Avropa İttifaqının Mərkəzi Asiya ölkələrindəki nümayəndəliklərinə məhz Baltikyanı ölkələrdən olan diplomatlar təyin edilirlər. Baltikyanı diplomatların əksəriyyəti də ABŞ hökumətinə tabe olan Mərkəzi Kəşfiyyat İdarəsinin məktəblərinin yetirmələridir. Buna nümunə kimi Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, hazırda Özbəkistandakı səfiri Toivo Klaarı göstərmək olar. Kanadada yetişən Toivo məqsədli şəkildə Qafqaza atılmışdı. İfrat xristian olan bu şəxs müsəlmanlara nifrət edir. O, hər vəchlə erməniləri qorumağa çalışırdı. İndi Özbəkistanda vətəndaş cəmiyyəti seqmentinə sirayət etmək istəyir. Nəzərə almaq lazımdır ki, Fransa xüsusi xidmət orqanlarının rəsmi əməkdaşları Avropa İttifaqının əməkdaşları adı altında Aİ-nin Özbəkistandakı nümayəndəliyinə yerləşdirilmişdilər. Azərbaycanda Fransa casuslarına açılmış cinayət işi əsasında onlardan biri Özbəkistandan təcili qaçmışdı.
Mövzunu Oxu.Az-a dəyərləndirən politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, Qərb müxtəlif vədlərlə Mərkəzi Asiya ölkələri ilə onların milli maraqlarına uyğun olmayan əməkdaşlıqlar qurmaq üçün işlər aparır, strateji biznes sahələrinin ələ keçirilməsi üçün əməliyyatlar həyata keçir:
"Qeyri-hökumət təşkilatları (QHT) sektoru və siyasi partiyalara dəstək adı ilə müxtəlif üsullarla maddi yardımların göstərilməsi, gənclərə siyasi simulyasiyaların edilməsi halları geniş yayılıb. Qərb Mərkəzi Asiya regionunda hər zaman çirkli niyyətlərini həyata keçirmək üçün Qırğızıstanı hədəf seçib. Bu ölkədə son 20 ildə üç dəfə inqilabın baş verməsi, hakimiyyətin seçki yolu ilə yox, küçədə dəyişməsi tələbi məhz bu oyunların nəticəsi idi. İndi də paytaxt Bişkekdə bu cür çevrilişlərin təşkili istiqamətində addımlar atılır. Bir müddət əvvəl ölkədə bir neçə keçmiş vəzifəli şəxsin çevriliş təşkil etməkdə ittiham edilərək həbs olunması onu göstərir ki, Qərb hələ də Qırğızıstandan əl çəkmək istəmir. Özbəkistanda Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra başlayan islahatlardan ürəklənən Qərb ölkələri və bu ölkələrin kəşfiyyat qruplarının nəzarətində olan təşkilatlar paytaxt Daşkənddə ayaq açmağa cəhd göstərdilər. Lakin Prezident Mirziyoyev onları yerində oturda bildi".
"Bu gün həm Qırğızıstan, həm də Özbəkistan, Qərbin bütün cəhdlərinə baxmayaraq, türk dünyasına doğru irəliləyirlər. Qərb isə bunun qarşısını almaq, Mərkəzi Asiyanın türk dövlətlərini öz maraqlarına alət etmək üçün müxtəlif vasitələrdən istifadə edir. Son zamanlar artan yüksəksəviyyəli səfərlər, verilən şirin vədləri onların niyyətlərini aşkara çıxarmağa kömək edir. Məsələn, uzun müddət Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərən Toivo Klaar - bölgədə nifaq yaratmaq istəyən bu şəxs Cənubi Qafqazda fəaliyyətini başa vurduqdan sonra Avropa İttifaqının Özbəkistandakı səfiri vəzifəsinə təyin edildi. Hazırda Cənubi Qafqazda bacarmadığı işi Daşkənddə həyata keçirməyə çalışır. Müxtəlif görüşlər həyata keçirir, vətəndaş cəmiyyətinə sirayət etmək istəyir. Onun əsl üzü Azərbaycana tanış olduğu kimi, Özbəkistana da yaxından tanış olacaq. Azərbaycan Qərbin bu kimi qruplarına qarşı ciddi mübarizə aparıb. Birbaşa Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan dezinformasiyaya qarşı mübarizə nəticəsində Qərbin aparıcı institutları və rəhbər şəxslərinə yerindəcə cavab verilmişdi. Həmçinin, Fransanın ölkəmizdə qurduğu casus şəbəkəsi də dərhal ifşa edilmişdi", - deyə şərhçi vurğulayıb.
Z.Əmrəliyev əlavə edib ki, Fransanın indi də Özbəkistana ayaq açması müşahidə edilir:
"Keçən ilin sonlarında Daşkəndə gələn Fransa Prezidenti Emmanuel Makron bu ölkənin uran sənayesinə investisiya qoymaq niyyətindən bəhs etmişdi. Fransa hər vəchlə Mərkəzi Asiya ölkələrinin Azərbaycan və Türkiyə ilə arasını vurmaq və ümumi türk dünyasına mane olmaq üçün nə lazımdırsa edir. Lakin bu cəhdlərin əbəs olduğu görünür. Türk Dövlətləri Təşkilatında ardıcıl qəbul edilən qərarlar Qərbin təxribatçı dairələrinin niyyətlərinin puça çıxdığını göstərir".
Oxu.Az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə də hesab edir ki, Mərkəzi Asiyaya Qərbin siyasi maraqlarının artması region ölkələrində siyasi sabitliyin qorunub-saxlanılmasında problemlər yaradacaq:
"Xüsusilə Fransa Mərkəzi Asiya ölkələrinə sirayət edir. Bu ölkələrin səfirliklərinə kəşfiyyatın nümayəndələrinin yerləşdirilməsi və onların QHT və vətəndaş cəmiyyəti ilə işləyib, yeni siyasi proseslər başlatmaları, hakimiyyətlərə təzyiq siyasəti həyata keçirilməsi nəzərdə tutulur. Xüsusilə Fransa Qazaxıstan və Özbəkistanın yeraltı faydalı qazıntılarından pay almaq üçün vətəndaş cəmiyyətində öz adamlarını yetişdirib, yeni inqilab edərək, onları siyasi postlara gətirməyi hədəfləyir".
"Azərbaycan və Türkiyə dost Qazaxıstan və Özbəkistana bu istiqamətdə xəbərdarlıq edə bilərlər. Fransa çox çalışır ki, Mərkəzi Asiyada geosiyasi mövqelərini gücləndirsin, siyasi sabitliyi isə pozsun. Bunun üçün fransızdilli ölkələrin Mərkəzi Asiyada səfirliklərindən kəşfiyyat məqsədləri üçün istifadə edəcək", - ekspert qeyd edib.
Mərahim Nəsib