Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vətən müharibəsi iştirakçısı: "Taqım komandirimiz məhz həmin döyüşdə şəhid olduğuna görə..."
"İlk olaraq Cəbrayıl rayonunun Daşkəsən kəndinə hücuma keçdik və kəndi işğaldan azad etdikdən sonra istiqaməti dəyişərək Füzuli rayonunun Horadiz kəndi istiqamətində hücuma keçərək irəlilədik. Musabəyli kəndini işğaldan azad edərkən ilk şəhidimizi verdik".
Bunu Oxu.Az-a müsahibəsində 44 günlük müharibədə iştirak edən, Füzuli rayonundan Xocavənd rayonuna kimi döyüş yolu keçən Tərlan Hacıyev deyib.
- Tərlan, istərdim ki, əvvəlcə sizi tanıyaq.
- Tərlan Qadir oğlu Hacıyev. 1997-ci il may ayının 5-də Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olmuşam, ali təhsilliyəm. Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsini bitirmişəm. Hazırda ikinci təhsil kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat mühəndisi fakültəsində təhsil alıram.
- Tərlan, müharibə xəbərini nə vaxt və harada aldınız?
- Həmin vaxt mən hərbi xidmətdə idim. Xəbəri də orada aldım və Qusar rayonundakı "N" saylı hərbi hissəsindən müharibəyə yollandım.
- Müharibə başladığını eşidəndə ilk ağlınızdan keçən nə oldu?
- Əlbəttə ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etmək və üçrəngli bayrağımızı azad edəcəyimiz torpaqlarda dalğalandırmaq. Bu, tək mənim yox, deyərdim ki, həmin anda hamımızın ağlından keçirdi. Biz döyüşə qələbə üçün gedirdik.
- Müharibəyə getdiyiniz günü necə xatırlayırsınız?
- 2020-ci il sentyabrın 27-də hərbi hissədə səhəri həyəcan siqnalı ilə açdıq və döyüş bölgəsinə yollandıq. Füzuliyə gələrək döyüşə başladıq.
İlk olaraq Cəbrayıl rayonunun Daşkəsən kəndi istiqamətində hücuma keçdik və kəndi işğaldan azad etdikdən sonra istiqaməti dəyişərək Füzuli rayonunun Horadiz kəndi istiqamətində hücuma keçərək irəlilədik. Musabəyli kəndini işğaldan azad edərkən ilk şəhidimizi verdik. Döyüş yoldaşımız Rəşid şəhid oldu, gizir Həsrət Quliyev isə yaralandı. Onları təxliyə etdikdən sonra irəliləməyə davam etdik. Mandılı və Pirəhmədli kəndini azad edərkən daha bir yoldaşımız Səlimxan Bayramov şəhid oldu.
Sonrakı istiqamətimizdə, Hadrutun arxa tərəfində, baş leytenant Cavid Səfərli, çavuş Daşqın Ağayev, əsgər Soltanov da şəhid oldular.
Bundan sonra döyüş istiqamətimiz Füzulinin Axullu və Xocavəndin Zoğalbulaq kəndləri, daha sonra isə Qırmızı Bazar oldu.
Qırmızı Bazar ərazisində çox qızğın döyüşlər getdi. Döyüş yoldaşlarımız leytenant Emin Əsədov, əsgər Məhəmmədəli Həsənov şəhid oldular...
2020-ci il noyabrın 9-da saat 5 radələrində qələbə xəbərini aldıq. O an sevincimizin həddi-hüdudu yox idi.
- Bəs döyüş yolunuz harada bitdi?
- Mənim döyüş yolum Füzuli rayonundan başlayıb, Xocavənd rayonunda bitdi.
- Hansı döyüş yadınızda ən çətin döyüş kimi qalıb və niyə?
- Mənə elə gəlir ki, Qırmızı Bazar istiqamətindəki döyüş ən çətin döyüşümüz olub. Niyəsini izah etmək çətindir, bəlkə də taqım komandirimiz məhz o döyüşdə şəhid olduğuna görə mənə elə gəlir ki, bu bizim ən ağır döyüşümüz olub.
- 44 günlük müharibədə heç unuda bilmədiyiniz, hafizənizə həkk olunan ən təsirli səhnə hansı olub?
- Heç unuda bilmədiyim tək şey çiyin-çiyinə döyüşən yoldaşlarımızın şəhid olması idi...
- Bir çox döyüşçümüz bildirir ki, dəfələrlə ölümlə burun-buruna gəlib. Hətta elə anları olub ki, elə hesab ediblər ki, hər şey bitdi, buradan sağ çıxmaq mümkün deyil. Amma qismət olub, salamat çıxıblar. Belə bir an yəqin sizdən də yan keçməyib.
- Bəli, belə bir anı mən də yoldaşlarımla birlikdə yaşamışam. Əslində döyüşdə hər bir hücum, hər bir mərmi səsi insanı ölümlə burun-buruna gətirirdi. Amma Cəbrayıl rayonunda ölümlə rəsmən burun-buruna gəldik. Altı saat mühasirədə qalmışdıq, tank və topların yaylım atəşi mühasirədən çıxmağa imkan vermirdi. Mühasirədən çıxmağımız isə möcüzə kimi oldu. Mərmi atəşinin ani olaraq dayanması ilə olduğumuz mövqedən çıxıb dağın arxasına keçə bilmişdik.
- Xəsarət almısınızmı?
- Tank mərmisinin və "D30" topunun mərmi dalğasına düşmüşəm. Aldığım xəsarətə görə qulaqlarımda problem yarandı, indi də zəif eşidirəm.
- Şuşanın alınması xəbərini harada və necə aldınız?
- Şuşa şəhərinin işğaldan azad olunma xəbərini Cəbrayıl rayonunda olarkən rabitədə eşitdim. O anı, o sevinci necə izah edəcəyimi bilmirəm.
- Müharibədən evinizə nə vaxt döndünüz və o günü necə xatırlayırsınız?
- Mən müharibə bitən kimi deyil, hərbi xidmətimi bitirdikdən sonra evimizə döndüm. Ali təhsilli olduğum üçün əslində, hərbi xidmətimi yanvar ayında bitirməli idim, amma həmin vaxt altı ay da əlavə xidmət etməli olduğum üçün evə iyul ayında döndüm.
O anı yaddaşıma yazan isə valideynlərimin sevinc göz yaşları ilə məni qarşılamaları və mənimlə fəxr etdiklərini hiss etməyim oldu. Özüm də çox sevincli idim. Çünki 30 illik torpaq həsrətinə son qoyulmasında, torpaqlarımızın düşmən tapdağından təmizlənməsində mənim də payım var idi. Mənim üçün bu, böyük nailiyyət, fəxr, qürurverici bir hiss idi.
- Yəqin ki, medallarınız da var...
- Bəli. 44 günlük Vətən müharibəsində iştirakıma görə dörd medalla təltif olunmuşam. Bunlar, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən Müharibəsi iştirakçısı" medallarıdır.
Əzizə İsmayılova
"Vətən müharibəsi iştirakçısı" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin iştirakçısı hakim oldu
- Şuşa teleqülləsinə bayrağımızı asan döyüşçü: "Çox həyəcan keçirirdim"
- Sözü və silahı ilə döyüşən şairlər: "Ulduzlarla deyil, mərmi ilə sayırıq yarım qalan ümidləri"
- Vətən müharibəsi iştirakçısı: "Heç kim beş dəqiqə sonra nə olacağını bilmirdi"
- Tibb xidməti kapitanı: "İlk yaralı və şəhidə eyni anda şahid oldum"
Rəylər