Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezidentlə eyvandan söhbətləşən rəssam: "İlk görüşümüz deyildi"
"Roma şəhərində köhnə tikililəri heç zaman dağıtmırlar, amma yanlarında ona uyğun yeni binalar ucaldırlar. Yəni Şuşada da qədimliklə müasirlik vəhdətdə olmalıdır".
Bu sözləri "Qafqazinfo"ya müsahibəsi zamanı rəssam Rövşən Bayramov deyib.
R.Bayramov ötən illər ərzində Şuşa haqqında bir-birindən maraqlı 150-dən artıq rəsm əsəri çəkib və onların hamısını Şuşa Dövlət Rəsm Qalereyasına hədiyyə edib. İşğal dövründə isə həmin rəsmlər dünyanın müxtəlif ölkələrində təşkil edilən sərgiləri bəzəyib. Cari ilin mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşəndə Rövşən Bayramova dördotaqlı mənzil bağışlamışdılar.
İyulun 6-da Prezident İlham Əliyev Özbəkistan lideri Şavkat Mirziyoyev və Qırğız Respublikasının başçısı Sadır Japarovla Şuşada səfərdə olarkən rəssam Rövşən Bayramovla aralarında maraqlı dialoq da yaşanmışdı. Sənət adamlarına xüsusi qayğısı ilə seçilən ölkə başçısı Rövşən müəllimin Şuşada çəkdiyi yeni əsərləri ilə maraqlanmışdı. Rəssam hələ boyası qurumamış təravətli əsərlərini yaşadığı yeni evinin eyvanından ölkə rəhbərinə göstərəndən sonra Prezidentin səmimi reaksiyası bu mənzərəni, kadrları izləyənlərdə böyük maraq doğurmuşdu.
Rövşən Bayramovla müsahibəni təqdim edirik:
- Rəssamlığa bələd adamlar sizi yaxşı tanıyırlar, amma qismən az tanıyanlar da var, onlar üçün özünüzü necə təqdim edərdiniz?
- Şuşalı rəssam, SSRİ Rəssamlar İttifaqının üzvü, Fəxri mədəniyyət işçisi Rövşən Bayramov.
- Şuşa sakinlərinə yeni evləri iki ay öncə verilib, bəs siz nə vaxt köçmüsünüz?
- Şuşaya ilk köçənlərdən biri mənəm. Evimin açarlarını mənə Prezidentimiz şəxsən təqdim edib. Həmin görüşdə ölkə başçısına 32 ildə hansı əsərləri çəkməyimlə bağlı məruzə etdim. Düz 38 il Şuşa Dövlət Rəsm Qalereyasının müdiri olmuşam. 1982-ci ildə Heydər Əliyev Şuşa Rəsm Qalereyasının açılışında iştirak etmişdi. Məni SSRİ Rəssamlar İttifaqına onun göstərişi ilə üzv seçmişdilər. Çünki o zaman həmin qalereyanın açılışında əsərlərimi çox bəyənmişdi. Hər kəs bilir ki, rəssamlıqda mənim bir mövzum var - o da Şuşa. Şuşa çox dağılmışdı, indi burada yeni evlər tikirlər. Mənsə hələ də qədim Şuşanı çəkməkdə davam edirəm. Çünki gənc nəslin qədim Şuşaya yaxşı bələd olmasını istəyirəm.
- Şuşaya köçəndən bəri hansı rəsmləri çəkmisiniz?
- İki rəsm işləmişəm: "Xarıbülbül" və "Şuşanın dumanı". Mən ötən illər ərzində Şuşanın qışını çox az rəsm etmişdim, ona görə də bu dəfə qərara gəldim ki, tabloda Şuşanın qış mövsümünün mənzərəsini canlandırım.
- Ölkə başçısına eyvandan göstərdiyiniz rəsm əsəriniz hansı idi?
- Bax bu: "Şuşanın Gəncə qapısı".
- Bəs yeni Şuşanın qurulmasında sizin şəhərin qədim görüntülərini özündə əks etdirən rəsm əsərlərinizdən istifadə edirlərmi?
- Bəli, bir sıra hallarda istifadə edirlər.
- Həm rəssam, həm də sıravi sakin kimi yeni Şuşanın simasını necə görürsünüz?
- Mən həm yeni, həm də qədim Şuşanın vəhdətini müasir Şuşanın siması kimi görürəm. Roma şəhərində köhnə tikililəri heç zaman dağıtmırlar, amma yanlarında ona uyğun yeni binalar ucaldırlar. Yəni Şuşada da qədimliklə müasirlik vəhdətdə olmalıdır.
- Ölkə başçısının da dediyi kimi, həqiqətən də, ilhama gəlmisiniz...
- Bəli, buraya gələnə qədər Şuşanın hansısa məhəlləsinin eskizini hazırlayanadək bəzən aylarla çalışırdım ki, hər şey dəqiq olsun. Amma buraya gələndən sonra elə bil, bütün qədim yerlər beynimdə dəqiqləşib, bir çox ünvan xatirimdə dəqiq canlanır. Yeri gəlmişkən, bu, mənim Prezidentimizlə ilk görüşüm deyildi, turizm sərgilərində həmişə gəlib mənim əsərlərimə baxırdı.
- İndi gizlətməyək ki, Şuşanın mənzərələrini çəkmək bir qədər də dəb halını alıb. Belə kütləvi meylin olduğu halda, təbii ki, zəif əsərlər, həvəskar işlər də ortaya çıxır. Bu barədə nə deyərdiniz?
- Bir çoxu yaşıl ucalıq çəkən kimi elə bilir, Cıdır düzünün rəsmini yaradıb. Şuşanın təbiətinin özünəməxsus rəngləri var, bu gün həmin rənglərin dəqiq duyulmadan çəkildiyi rəsmlər çoxdur və onlardan heç biri Şuşaya aid deyil.
- Şuşanın rənglərini ümumiləşdirsək, sizcə, hansı çalarlar üstünlük təşkil edər?
- Yaşıl, mavi... Rus rəssamlarının rəsm əsərlərinə fikir verəndə hansı rənglər qabarıq görünür?
- Adətən, rus rəngkarları daim bulanıq tonlardan istifadə edirlər, bir az da tutqun, yəni dolmuş buludun, yağıntılı havanın, soyuğun rənglərini canlandırmağa çalışırlar.
- Bəli, doğrudur. Ancaq Şuşaya nə vaxt gəzməyə çıxsan, elə bilirsən ki, şəhərə lak çəkmisən. Bu cür canlılığı çəkmək çox çətindir.
- 32 il Şuşanın rəsmini çəkmək həm də sənətkarı azara, xəstəliyə salan bir iş olmalıdır. Nisgil, qubar sarıdan deyirəm...
- Əlbəttə, çətindir. O qədər olub ki, Şuşanın rəsmlərini çəkə-çəkə ağlamışam...
- Amma həm də bu illər ərzində paytaxta öyrəncəli olmusunuz, yəqin. Bakıdan ötrü darıxmırsınız ki?
- Əşşi, yox e, nə darıxmaq?! Bakıdan dabanıma tüpürüb Şuşaya qaçmışam. (gülür) Rəssamlıq Akademiyasını qurtarandan sonra mənim iş üçün təyinatımı Səbail rayonuna vermişdilər. Mən hələ onda demişdim ki, Bakıda nə çəkəcəyəm? Qız qalasını? Nə qədər Qız Qalasının rəsmini çəkmək olar?
- Dördotaqlı evin bir otağını yaradıcılıq emalatxanası etmisiniz. Rənglər, boyalar evin divar kağızlarını, döşəməsini korlamır?
- Korlasın da... Tökülür, silirəm, getməyən, silinməyən rənglər töküləndə də eybi yoxdur. İş olan yerdə tör-töküntü olması təbiidir.
- Adətən, illər ötdükcə sənətkarlara həmişə elə gəlir ki, şah əsərlərini hələ yaratmayıblar. Şuşa haqqında çəkəcəyiniz ən yaxşı rəsm əsərinizin şəhərin hansı hissələrinə aid olacağını düşünürsünüz?
- Qoşa Qala, Qırx pilləkən, Qayabaşı hissələrini yüksək sənətkarlıqla çəkməyi planlaşdırıram. Sadəcə, indi tədbirlər çoxdur deyə hələ bir qədər gözləyirəm.