Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Stilist: "Azərbaycanda insanların dəb barədə bir çox şeydən xəbəri yoxdur"
"Bizim bloqerlər dünya standartlarının yanında belə deyillər".
Bunu Oxu.Az-a müsahibəsində modelyer-stilist Murad Vəliyev deyib. Onunla müsahibəni təqdim edirik:
- Murad bəy, gündəlik həyatda düzgün və dəbli geyinmək üçün nələrə diqqət yetirməliyik? İnsanların ən çox yol verdikləri yanlışlar nələrdir?
- Gündəlik həyatda dəbli görünmək üçün stil sahibi olmalısınız. Qarderobunuz ahəngli olmalıdır. Sevdiyiniz əşyalar bir yerdə cəmləşməlidir. Onlar arasındakı uyğunluq sizin gündəlik həyatınızı əks etdirməlidir.
- Son illər dəbdə olan geyimlərə baxdıqda hər kəs deyir ki, əvvəlki stil geri qayıdır. Bəs siz bu işin peşəkarı olaraq nə düşünürsünüz?
- Dəb, ümumiyyətlə, alqoritmik olaraq daim özünü təkrarlayan bir sahədir. Yəni dizaynerlər daim əvvəlki nəsillərdən, qərinələrdən ilhamlanırlar. Günümüzdə insanların hər şeydən tez-tez istifadə etməsi ilə əlaqədar olaraq bütün trendlər tez tükənir.
- Ötən illə müqayisədə bu yay dəb deyəndə nə yada düşəcək? Hansı rənglər, geyim üslubları, biçimlər, parçalar dəbdə olacaq?
- Bu il ağ rəng və çalarları dəbdə olacaq: krem, fil dişi, bej. Eləcə də açıq çəhrayı, albalı, zoğalı, dolğun göy çalarları dəbdə olacaq.
Forma olaraq yüksək belli və gen şalvarlar öz aktuallığını qoruyur.
"Polo", "Mod subculture" stilləri dəbə qayıdır. Ətəklərdə isə heç kimin gözləmədiyi yeni bir stil olacaq - şəffaf ətəklər.
- Cırıq şalvarlarla kroplar artıq neçə ildir ki, gənclərin qarderobundan çıxmır. Sizcə, bu dəb hesab oluna bilərmi?
- Bəli, tam olaraq bu trend hazırda tüğyan edən 1990-ların modasından xəbər verir. O vaxtların qranj, post-pank tərzləri yenidən heç olmadığı qədər dəbdədir. Y2K (year 2k və ya year 2000) və opium stilləri kimi geri dönüşləri var.
- Bəzən sosial şəbəkələrdə açıq geyinən xanımlara qarşı tənqidi fikirlər səsləndirilir. Sizcə, dəbli olmaq üçün açıq geyim nə dərəcədə önəmlidir?
- Ümumiyyətlə, meta-modernizm dövründə yaşayırıq. Qloballaşan dünyanın və müasir Azərbaycanın sakinləriyik. Hamı istədiyini geyinməkdə azaddır.
Dəbin heç bir qaydası yoxdur. Əgər seçilən əşyalar bir-birinə uyğundursa, şəxsin öz həyat tərzini əks etdirirsə, məncə, kənardakı insanlar fikirlərini özlərinə saxlamalıdırlar. Hamı öz həyatını yaşamalıdır.
- Sosial şəbəkənin artan populyarlığı səbəbindən bloqerlərin də sayı artıb. Sizcə, geyim məsələsində bloqer və inflüenserlərimiz nə dərəcədə inkişaf ediblər?
- Çox təəssüf ki, bizim inflüenserlərimizin bir çoxu hələ də çox sadə bir geyim zövqünə sahibdir. Ümid edirəm, gələcəkdə daxili rəqabət və ya hansısa digər bir başqa səbəbdən bu hadisə tam əks və yaxşı istiqamətdə inkişaf edəcək. Amma hələ ki bizim inflüenserlər dünya standartlarının yanında belə deyillər.
- Bəs sizcə, Azərbaycanda şou-biznes sahəsində ən yaxşı geyinən kimdir?
- Bloqerlərə aid olan fikirlərim, düşünürəm ki, musiqiçilərimizə də aiddir. Aygün Kazımova, Röya Ayxan, Hiss və Tünzalə Ağayeva favoritlərimdir. Tünzalə xanımın moda bilgisi bu sahədə onu, məncə, digərlərindən bir addım qabağa salır.
- Şalvarların ətəyinin qatlanması hələ də dəbdən düşməyib.
- Bu, məncə, stildə əldə olunmağa çalışan təbiiliklə əlaqəlidir. Rahat olmaq "cool" olmağa bərabərdir. Çox əziyyət çəkmədən o ideal görüntüyə sahib ola bilmək özü möhtəşəm bir qabiliyyətdir. Və əgər burada şalvarı qatlamaq bizə kömək edirsə, nə gözəl.
- Azərbaycanda insanların 90 faizinin köhnə italyansayağı stildə geyindiyini deyirlər. Lakin bundan xəbərləri yoxdur. Siz nə düşünürsünüz?
- Ümumiyyətlə, Azərbaycanda insanların dəb barədə bir çox şeydən xəbəri yoxdur. Moda da bu siyahıya daxildir. Ucuz köynəklər və dəxlisiz cinslərin kombini köhnə italyan stili demək deyil. Ümid edirəm, daim lüks görüntüyə aşiq olan insanlarımız bu stilin əsas təməlinin keyfiyyət olduğunu bir gün anlayacaqlar.
- Bu yay geyimlərdə ətək, şort, yoxsa şalvar daha çox üstünlük təşkil edəcək?
- Xalqımızın əxlaqi dəyərlərini nəzərə alıb hərzamankı kimi şalvar olacağını düşünürəm.
- Kişilər və qadınlar, əsasən, nə cür geyimlərə üstünlük versinlər?
- Gündəlik və sport üslubu şəhər həyatı üçün ideal seçim olardı.
- Yayda hansı parçalara üstünlük veriləcək?
- Rahatlığı təmin edən və təbii tərkibi daha çox olan parçalara üstünlük verilir.
- Azərbaycanlıları dəbli hesab etmək olarmı?
- Azərbaycanlıları baxımlı hesab etmək olar, dəbli yox.
- Moda ilə yaxından maraqlanan insanlara məsləhətiniz nələrdir?
- Modanı həyat tərzi olaraq görsünlər. Əyləncə və ya 9:00-18:00 rejimli iş kimi baxmaq lazım deyil.
Nəzrin Vahid
Rəylər