Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Moskva ilə İrəvan arasında yaxınlaşma olmayacaq - Paşinyan qalmaqal istəyir
Artıq bir neçə gündür ki, Ermənistanda "Eagle Partner 2024" hərbi təlimləri davam edir. Təlimlərə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb ediliblər.
Ermənistan Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçirilir.
ABŞ-nin İrəvandakı səfirliyi isə qeyd edir ki, "Eagle Partner 2024" hərbi təlimləri ABŞ və Ermənistan Respublikası arasında uzunmüddətli əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıqdan nümayişkaranə şəkildə imtina etməklə, eyni zamanda öz ərazisində amerikalılarla birgə təlimlər keçirməklə nəyə nail olmağa çalışır?
Oxu.Az-ın bu sualını cavablandıran məşhur rusiyalı politoloq, beynəlxalq münasibətlər sahəsində mütəxəssis, Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti, Moskva Dövlət Universitetinin (MDU) Dünya Siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko bəzi əsas məqamlara toxunub.
- Birincisi. Ermənistan, daha doğrusu, baş naziri Nikol Paşinyan Rusiyanı təhrik edir ki, İrəvanı KTMT-dən çıxarsın. Paşinyan, həqiqətən də, KTMT-dən çıxmaq istəyir, lakin onun niyyəti budur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının özü Ermənistan Respublikasını üzvlükdən xaric etsin. O zaman Ermənistan bütün dünyanın qarşısında qurban kimi təqdim ediləcək. Bu xaman o, NATO-ya müraciət edərək deyəcək: Baxın, biz kasıb və bədbəxtik, bizi qoruyun. Əslində, Paşinyan qalmaqal istəyir, lakin Moskva və Tehran ona qalmaqal yaratmağa imkan vermir.
İkincisi. Erməni cəmiyyəti gözləyir ki, ABŞ ilə həyata keçirilən bu manevrlər və Fransa ilə əlaqələr Qarabağda qisas ümidlərinin reallaşmasına kömək edəcək. Bu, 2020-ci ilin sonundan onların arzusudur, Paşinyana müxalif siyasətçilərin dediyi kimi: indi Qərb Ermənistanı silahlandıracaq, biz isə qisas alacağıq. Əslində, buna ümid də yoxdur, amma revanşizm ideyaları ilə qızışan erməni cəmiyyəti başqa cür düşünür.
Üçüncüsü. ABŞ və Fransa müdafiə vəd etməklə Ermənistanı KTMT-dən çıxmağa təhrik etmək istəyirlər. Təbii ki, heç kim Ermənistanı müdafiə etməyəcək, lakin Vaşinqton və Paris prosesi sürətləndirmək üçün Ermənistan əhalisinin bir hissəsi arasında asanlıqla yalan ümidlər yarada bilərlər.
- Bunun fonunda "Hraparak" qəzetinin dərc etdiyi şübhəli xəbərlər o qədər də təəccüblü deyil. Sən demə (nəşrin yazdığına görə), Paşinyan dar çevrədə bildirib ki, payızda xarici siyasət istiqamətində Ermənistanla Rusiya arasında yaxınlaşma gözlənilir: Guya Avropa İttifaqı Ermənistanı qəbul etmədiyinə, onu maliyyələşdirmədiyinə və bu istiqamətdə lazımi addımlar atmadığına görə Ermənistan "Sərsəri oğulun qayıdışı"nda olduğu kimi, Moskvanın ağuşuna qayıdacaq.
- Təbii ki, belə xəbərlərə inanmağa dəyməz. Gəlin məntiqli düşünək. Əgər Paşinyanın planlarında belə bir niyyət olsaydı, o, ilk növbədə, ABŞ ilə manevrləri ləğv edərdi. İkincisi, o, Moskvanı və KTMT-ni açıq-aşkar qıcıqlandıran NATO ilə birgə proqramların sayını azaldardı. Üçüncüsü, o, Aİ ilə Ermənistan arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişini (2017-ci ildə bağlanıb, 2018-ci ildən qismən tətbiq edilib) dayandırardı. Amma Paşinyan belə bir şey etməyib. Təbii ki, Nikol Paşinyanın Moskvaya gəlib Rusiya ilə Ermənistanın baş verənlərdən sonra dost olduğunu deyəcəyini istisna etmək olmaz. Ancaq bu, maksimumdur. Moskva ilə İrəvan arasında heç bir yaxınlaşma olmayacaq.
- Bəs belə informasiyalar hansı məqsədlə ötürülür?
- Hesab edirəm ki, məqsəd Ermənistan cəmiyyətinin bir hissəsi üçün Rusiya ilə yaxınlaşan qırılma hissini yumşaltmaqdır. Hər halda Ermənistanı Rusiya Federasiyası ilə birləşdirən ailə və biznes əlaqələri var. Rusiyadan tamamilə qopmağı istəməyənlər var və onlara deyirlər ki, NATO ilə bütün bu manevrlər formal xarakterlidir, Ermənistan Rusiya Federasiyasına tərəf qayıdacaq. Əslində, qayıtmayacaq.
Nair Əliyev
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
- Məmurları "WhatsApp" mesajı ilə işdən azad edən Paşinyan yeni nazirin adını da AÇIQLADI
- Bu xəbərləri qaçırmayın: 19.11.2024-ün ən mühüm hadisələri
- Qərbin Cənubi Qafqaz döyüşündəki məğlubiyyəti: Hədəf yekun sülhün qarşısını almaqdır
- Paşinyan məmurları "WhatsApp" mesajı ilə şoka saldı