Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Elektron texnikanı döyüş texnikasına dəyişən məşqçi: "Bəzi peşəkar idmançılar dözə bilmirlər"
"Xüsusi təyinatlılar həmişə ordunun, güc strukturlarının, hüquq-mühafizə orqanlarının elit dəstələri, elit insanları sayıldığı üçün onların bilik və bacarıqları başqa xidmətlərdən daha üstündür. Xüsusi təyinatlı - yalnız taktiki hazırlığı, silahı bilmək demək deyil. Xüsusi təyinatlının həm psixoloji, həm fiziki, həm texniki cəhətdən və digər bir çox cəhətlərdən üstünlüyü olmalıdır. Gəncləri də bu cəlb edir".
Bunu Oxu.Az-a müsahibəsində Prezident mükafatçısı, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçi müəllimi, Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyasının prezidenti, Əməkdar məşqçi Rəsul Məmmədov deyib.
Müsahibəni təqdim edirik:
- Rəsul müəllim, döyüş və xüsusi hazırlıq üzrə təlimatçı-məşqçisiniz. Bu yol haradan başladı?
- Uşaq yaşlarımdan idmanla məşğul olmuşam. Səkkiz yaşımdan cüdoya başladım, 14 yaşından isə karate döyüşünə yönləndim. 18 yaşında hamı kimi əsgərə getdim. Sovet İttifaqı vaxtında qulluq etmişəm və hərbi desant qoşunlarının ən elit xüsusi təyinatlı dəstəsində xidmət keçmişəm. Bu dəstə Macarıstanda yerləşirdi. Onda artıq cüdo və karatedə on ilə yaxın idman təcrübəm və idman üzrə I dərəcəm var idi.
Orada bizə əlbəyaxa döyüş öyrədirdilər və mən artıq əlbəyaxa döyüş üzrə yarışlarda iştirak etməyə başlamışdım. Demək olar ki, əsas yolum oradan başlandı.
Yəni uşaqlıqdan, gənclikdən qarşımda məşqçi olacaq deyə bir məqsədim yox idi. Mən uşaqlıqdan bir az texnikayameyilli idim - əsas da elektron cihazlara. Hətta Elektron Sənayesi Texnikumunu bitirmişdim və özümü elektron sənayesində görürdüm. Düşünürdüm ki, videokamera yığacağam, videomaqnitofon yığacağam və s. Amma əsgərlikdə fikrim dəyişdi.
Məsələ də belə oldu ki, zabitlərin və gizirlərin uşaqları hərbi hissəmizdəki idman zalına gəlirdilər bizim məşqlərə baxmağa. Mən də orada başımı qatırdım, hərəkət, fənd öyrədirdim. Bunu bizim baş təlimatçımız gördü və dedi ki, gəl bu uşaqları buraya yığaq, sən bunlara dərs de. Mənim ilk dərslərim də əsgər olduğum dövrdə, 19 yaşımdan başlayıb.
- Hazırda hərbçilərə hansı təlimləri keçirsiniz?
- Bildiyiniz kimi, DİN-in İdman Cəmiyyəti, əsasən, polis əməkdaşlarına, daxili qoşunlara, DİN-in xüsusi təyinatlılarına müəyyən təlimlər keçir. O təlimlərin əsas tərkibi fiziki hazırlıq və xüsusi fiziki hazırlıqdır.
Xüsusi fiziki hazırlıq deyəndə nəzərdə tutulur xidməti əlbəyaxa döyüş və tətbiqi əlbəyaxa döyüş. Yəni cinayətkarı zərərsizləşdirmək, tərk-silah etmək və s. Ancaq respublikamızda mütəxəssis az olduğuna görə biz başqa nazirliklərin də hazırlığına cəlb olunuruq. O cümlədən ordumuzun hazırlığında poliqonlarda, idman zallarında təlimlər keçirik.
Respublikamızda əlbəyaxa döyüş, o cümlədən xidməti əlbəyaxa döyüş, ordu əlbəyaxa döyüş növlərinin inkişafında bizim cəmiyyətin xüsusi rolu var. Əlbəttə ki, hərbçilərimiz də bizim bilik və bacarıqlarımızdan faydalanırlar.
- Hərbçilərə zabitlər də təlim keçirlər, siz də. Zabitlə təlimatçı-məşqçinin fərqi nədədir?
- Bilirsiniz, bu, mənim şəxsi fikrimdir - məsələ ondadır ki, zabitlər xüsusiləşdirilmiş kurs keçirlər və o kursun daxilində bir neçə günün içində müəyyən proqramla hazırlıq keçilir. O proqramlar yüksək səviyyədə xüsusi təyinatlı yetişdirməyə imkan yaratmır, yəni döyüşlərdə və xüsusi əməliyyatda istifadəyə yararlı olmayacaq. Nə üçün? Ona görə ki, təlim keçən sırf bu işin mütəxəssisi olmalıdır.
Bizim zabitlərdən fərqimiz ondadır ki, bu, bizim işimizdir. Biz xüsusi hazırlıqdan başqa ayrı işlə məşğul olmuruq, ancaq xüsusi hazırlıq və əlbəyaxa döyüşlə məşğul oluruq. Həm öz təşəbbüsümüzlə, həm də dövlət tərəfindən xarici kurslarda, təlimlərdə oluruq, xaricdən də müəyyən təcrübələr gətirir və öyrədirik. Yəni zabitlərin xidmətlə əlaqəli başqa işləri də var, bizim isə tək işimiz var, o da təlim.
- Əsgərlər zabitlərin əmrlərinə birmənalı tabe olurlar. Siz təlimçilərin də əmrlərinə tabe olmaq məcburiyyətindədirlər, yoxsa imtina edə bilərlər?
- Yox, yəqin ki, imtina edə bilməzlər. Çünki biz, deyək ki, poliqona dəvət olunuruq və tapşırığımız odur ki, orada iki-üç gün orduya əlbəyaxa döyüş təlimi keçmək lazımdır. Məsələn, səngər şəraitində, yaxın məsafədən əlbəyaxa döyüşü aparmaq. Təbii ki, əsgərlərə bizi təqdim edirlər ki, filan təlimatçı gəlib, filan müddətə sizə təlim keçəcək və bu müddət ərzində o nə desə, ona əməl etmək lazımdır. Onlara göstərişi komandirləri verirsə, əsgər heç bir halda imtina edə bilməz, təbii ki. Ümumiyyətlə isə hələ belə bir hal olmayıb ki, kimsə qulaq asmasın, ya yayınmaq istəsin.
- Rəsul müəllim, hərb işini, əsasən, oğlanlar sevirlər. Düzdür, qızlar arasında da hərbçi olmaq arzusunda olanlar var, amma ümumilikdə, bu sahə oğlanların işidir. Hərblə maraqlanan gəncləri də son vaxtlar, xüsusən də Vətən müharibəsindən sonra xüsusi təyinatlılarda xidmət keçmək daha çox maraqlandırır, daha çox oraya can atırlar. Siz də keçmiş xüsusi təyinatlısınız. Maraqlıdır, xüsusi təyinatlıların digər hərbçilərdən fərqi nədədir və daha çox sevilmələrinin səbəbini nədə görürsünüz?
- Yəqin ki, xüsusi təyinatlılar həmişə ordunun, güc strukturlarının, hüquq-mühafizə orqanlarının elit dəstələri, elit insanları sayıldığı üçün. Onların bilik və bacarıqları başqa xidmətlərdən daha üstündür. Xüsusi təyinatlı - yalnız taktiki hazırlığı, silahı bilmək demək deyil. Xüsusi təyinatlının həm psixoloji, həm fiziki, həm texniki cəhətdən və digər bir çox cəhətlərdən üstünlüyü olmalıdır. Gəncləri də bu cəlb edir. Onlara görə, xüsusi təyinatlı hər bir şeyi bacarır və düşünürlər ki, onların bacarmadığı heç nə yoxdur. Yəqin, ona görə çox istəyirlər (gülür).
Amma xüsusi təyinatlı olmaq o qədər də asan məsələ deyil. Deyim sizə, hətta peşəkar idmançılar var ki, gəlirlər öz istəkləri, öz təşəbbüsləri ilə, amma çox vaxt görürük ki, dözə bilmirlər və sonra aralanırlar. Sözüm odur ki, işi sevməkdən ötrü həvəsə düşüb gəlmək azdır, bəri başdan bilmək lazımdır ki, çox ağır işdir - həm psixoloji, həm də fiziki cəhətdən.
- Bir xüsusi təyinatlının hazırlanması nə qədər vaxt tələb edir?
- Dünyada formalaşan belə bir fikir var və hesab edirəm ki, o fikir düzdür. Fundamental hazırlıq üçün iki ilə yaxın vaxt tələb olunur. Peşəkar olmaq üçün isə beş-altı ilə formalaşmaq olar.
- Rəsul müəllim, müxtəlif güc strukturlarımızın əməkdaşlarına təlimlər keçirsiniz. Belə bir hal ola bilərmi ki, insanın fiziki və psixoloji hazırlığı ilə xarakteri üst-üstə düşməsin?
- Olur.
- Bu necə müəyyən olunur?
- Bilirsiniz, onu həm təlimlər, həm də gördüyü iş göstərir. Mən elə fikirləşirəm ki, burada subyektiv və obyektiv səbəblər olur.
- Yəni bir xüsusi təyinatlı artıq hazırlanıbsa, ola bilər ki, o, xüsusi təyinatlı kimi fəaliyyət göstərməsin xarakterinə görə?
- Ola bilər. Belə bir misal gətirə bilərəm. Mənim bir tələbəm vardı. Bizim Müdafiə Nazirliyinin xüsusi dəstələrinin birində xidmət edirdi, sonra o, gizir kursları keçmişdi və gizir kimi də fəaliyyət göstərirdi. Səkkiz ilə yaxın oranın əməkdaşı olmuşdu və bir zaman gəldi ki, ona dəfələrlə xəbərdarlıq ediləndən sonra tərxis etdilər. Səbəbi o oldu ki...
Ardı videomüsahibədə...
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova
"Xüsusi Təyinatlı Qüvvələr" teqi üzrə xəbərlər
- Şəhid atası: "Oğlum öz taqımı ilə üç hərbi postu erməni işğalçılarından azad edib"
- Hər kənd azad ediləndə hədsiz sevinirdim - Altı güllə yarası alan qazinin döyüş yolu
- Xüsusi təyinatlı: "Ya indi, ya heç vaxt" prinsipi ilə hərəkət edirdik"
- Azərbaycan xüsusi təyinatlıları Qazaxıstanda təlimdə iştirak edirlər
- Paris metrosunda xüsusi təyinatlılar kamikadze jiletli şəxsi axtarırlar