Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Avropa İttifaqı ermənilərin "kökünü kəsir?" - Qərbdən Rusiyaya qarşı daha bir cəbhə
Avropa İttifaqı (Aİ) Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul edib. Bundan əvvəl isə Aİ Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistan silahlı qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardımı təsdiqləyib. Bu məsələləri qərb qonşumuz yüksək əhvali-ruhiyyə ilə təqdir edib.
Bəs Avropa ilə Ermənistan arasında 10 milyon avroluq hərbi yardımdan sonra viza liberallaşması üzrə dialoqun başlaması nədən xəbər verir? Avropa bununla həm də ucuz işçi qüvvəsi cəlb etmək niyyətindədir, yoxsa məsələnin pərdəarxasında başqa məqamlar da dayanır?
Oxu.Az-ın suallarını cavablandıran siyasi ekspert Zaur İbrahimli bildirib ki, Avropa İttifaqı, digər sahələrdə olduğu kimi, miqrasiya sayəsində də Rusiya ilə rəqabətə girməyə çalışır:
- Güman etmək olar ki, Rusiyada yaşayan, ancaq Ermənistan pasportu daşıyan ermənilər də bu imkanlardan istifadə edəcəklər. Aİ bu addımla, yəni daha cəzbedici təkliflər irəli sürməklə Rusiyanı üstələməyə çalışır və artıq bu istiqamətdə də biz qarşıdurmanın şahidi oluruq.
Tez-tez Moskva tərəfindən arqumentlər səslənir ki, Rusiyada yaşayan ermənilər Ermənistandakılardan çoxdur və Ermənistan əhalisinin böyük hissəsi Rusiyaya miqrasiya hesabına yaşayır. Aİ bu addımla həm də bu cür arqument və təhdidlərin təsirini zəiflətməyi hədəfləyib. Göstərməyə çalışır ki, Ermənistan cəmiyyəti Avropa İttifaqına yaxınlaşdıqca ermənilərin Avropada yaşamaq və işləmək imkanları daha da genişlənəcək. Biz, beləliklə, geosiyasi rəqabətin növbəti kontekstdə özünü büruzə verdiyini görürük.
Ancaq bu danışıqlar yaxın müddətdə vizasız rejimin tətbiq olunacağı anlamına gəlmir. Sadəcə olaraq, viza alınması prosedurları asanlaşdırılacaq. Xüsusən də təhsil, tibbi ehtiyacların qarşılanması, biznes kimi məsələlərdə vizaların alınması daha əlçatan olacaq. Yəqin ki, viza rüsumlarının azaldılması da nəzərdə tutulacaq. Çünki Avropa İttifaqı bununla Ermənistan cəmiyyətinə nüfuz etməyə çalışır və mesaj verir ki, təşkilat Ermənistanda sosial rifahın yaxşılaşdırılması, iqtisadi inkişafın təmin olunması üçün əlindən gələni edəcək. Bu isə ilk növbədə Aİ-nin Ermənistanda mövqelərini möhkəmləndirməsi baxımından uğurlu addım sayıla bilər.
- Bu, həm də miqrasiyaya qeyri-müsəlmanları cəlb etmək niyyətinin tərkib hissəsi ola bilərmi?
- Avropa İttifaqı, ümumiyyətlə, mühacir axınında maraqlıdır. Lakin daha çox məhz postsovet məkanı ölkələrindən və xüsusən də ixtisaslı işçi qüvvəsinin cəlb edilməsinə üstünlük verir. Bu baxımdan, Ermənistan bu ölkələrdən biri kimi nəzərdən keçirilə bilər. Həmçinin, Ermənistanla razılaşmalar elə formada əldə edilə bilər ki, bu, daha çox idarəolunan miqrasiya olsun və daha çox Aİ-nin tələbatını ödəsin. Lakin bunu elə təqdim edəcəklər ki, guya burada məhz Ermənistanın maraqları əsas götürülür.
- Ciddi demoqrafik böhranda olan Ermənistan üçün bu, daha dərin problemə yol aça bilərmi?
- Ermənistan hökumətində dəfələrlə fikirlər səslənib ki, əhalinin artımını təmin etmək üçün stimullaşdırıcı dövlət proqramına ehtiyac var. Hətta pandemiyadan əvvəl Ermənistan demoqrafları həyəcan təbili çalır və qeyd edirdilər ki, həm miqrasiya, həm də əhalinin artımındakı göstəricilərin azalması ölkədə demoqrafik böhran yaradıb. Proqnozlaşdırmaq olar ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda ölkəni tərk edənlərin sayı daha da artıb. Həmçinin, müharibənin verdiyi itkiləri də nəzərə alsaq, vəziyyətin daha da kəskinləşdiyini qeyd edə bilərik. Avropaya miqrasiyanın asanlaşması isə bu problemləri daha da dərinləşdirəcək.
- Avropa İttifaqı ilə viza rejiminin ləğv edilməsi nəticəsində Gürcüstanı indiyədək yüzminlərlə insan tərk edib. Eyni vəziyyət Baltikyanı ölkələrdə də müşahidə edilir. Ermənistanı da eyni aqibət gözləyir?
- Bəli, məlumdur ki, məhz bu layihəyə görə Gürcüstanda, Baltikyanı ölkələrdə işçi qüvvəsinin, xüsusilə də mütəxəssislərin çatışmazlığı müşahidə olunur. Ermənistan da bu perspektivlə üzləşə bilər. Lakin Ermənistana münasibətdə bu, daha çox idarəolunan miqrasiya olacaq. Güman ki, elə şərtlər tətbiq ediləcək ki, əmək miqrasiyası ilə bağlı məsələlər nisbətən arxa planda qalsın. Ermənistan tərəfdən çalışacaqlar ki, ilk növbədə təhsil, səhiyyə və biznes sahəsində vizaların sadələşdirilməsinə nail olsunlar. Amma istənilən halda, demoqrafik çətinliklərlə üzləşən Ermənistan üçün bu, yeni problemlər yaradacaq. Çünki erməni cəmiyyəti, onsuz da, miqrasiyaya meyillidir və əlavə imkanlar yaranan kimi bundan istifadə etmək istəyənlərin sayı çox olacaq.
Aqil Vəlili
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - ANBAAN GÖRÜNTÜLƏR
- Borrel Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə gizli icazəsindən danışdı
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- COP29 çərçivəsində 300-500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
- Makron və Borrelin siyasi iflası: Parisin boykot olunan COP29 çağırışı