Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Neftin qiymətinin 70 dollar civarında proqnozlaşdırılması risklidirmi?
Pərviz Heydərov yazır...
Ölkəmizin valyuta gəlirləri xam neft satışından əldə olunduğundan dövlət büdcəmizdə onun hansı səviyyədə proqnozlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Düzdür, dünya bazarlarında qiymət konyunkturası dövlət büdcəsinə birbaşa təsir etmir. Lakin büdcənin icrası, xüsusən investisiya xərcləri neftin qlobal bazar qiymətinin qabaqcadan necə fiksə olunmasından çox asılıdır.
Qeyd edim ki, İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqustunda təqdim edilən proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2025-ci il üçün 70 ABŞ dolları, 2026-2028-ci illər üçün isə 65 ABŞ dolları həddində fərz edilib.
Ümumiyyətlə, 2025-ci ildə xam neftin bir barelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları götürülməklə dövlət büdcəmizin gəlirləri ÜDM-in 28.3%-i həcmində, yəni 36 milyard 616 milyon manat nəzərdə tutulub ki, bunun 46.6%-i və ya 17 milyard 073 milyon manatı neft-qaz, 53.4%-i və ya 19 milyard 543 milyon manatı qeyri neft-qaz sektorunun payına düşür.
Xatırladım ki, cari ilin büdcəsində neftin bir barelinin orta illik ixrac qiyməti 60 ABŞ dolları götürülmüşdü. Ancaq ilin yanvar-aprel ayları ərzində makro-fiskal göstəricilər və eyni zamanda dünya enerji bazarlarında münbit qiymət konyunkturu şəraitinin yaratdığı zəmin əsasında ilin ortasında yenidən baxış nəticəsində 2024-cü il dövlət büdcəsi gəlirlərinin hesablanmasında "Azəri Light" markalı xam neftin bir barelinin orta ixrac qiyməti 75 ABŞ dolları müəyyən edildi.
Göründüyü kimi, gələn il üçün dövlət büdcəsində qiymət cari ildəkindən əslində, cəmi 5 dollar aşağı proqnoz edilib. Dünya bazarlarında son həftələrdə müşahidə edilən volatillik, yəni qiymət dəyişkənliyi fonunda isə gələn ilin, yəni 2025-ci ilin dövlət büdcəsində neftin qiyməti 50-55 ABŞ dollarından yuxarı nəzərdə tutulmalı deyil.
Odur ki, sual yaranır: 70 dollar riskli xarakter daşıyırmı?
Müəyyən baxımından, bəli. Niyə? Məsələ bundadır ki, illər keçdikcə ənənəvi enerji mənbələrinin, yəni neftin və qazın, o cümlədən digər enerji mənbələrinin istehlakına tələbat sıxışdırıldıqca qiymətlər enməyə meyil nümayiş etdirsə də, bizdə əksinə, proqnozlar yüksəldilir. Bu, hansı məntiqdən irəli gəlir, heç cür anlamaq mümkün deyil.
Dəfələrlə yazdığım kimi, neftin qlobal bazar qiymətləri ilə bağlı dəqiq proqnoz irəli sürmək mümkün deyil. Neftin dünya bazar qiymətləri ümumiyyətlə, bir sıra amillər əsasında formalaşır və təzahür edir. Bunların sırasında obyektiv və subyektiv amillər vardır. Bəzən, hətta adi bir siyasətçinin belə neftlə bağlı hər hansı bəyanatı qiymətlərə təsir edir. Ancaq əsas etibarı ilə hər şey hasilat və tələbat səviyyəsindən asılıdır.
2025-ci il üçün 70 ABŞ dolları yüksək proqnozdur. Çünki hazırkı gərgin geosiyasi, həmçinin qlobal iqtisadiyyatda qeyri-müəyyən vəziyyət fonunda belə qiymətlər əgər 70 dollar civarındadırsa demək tələbat əslində, təklifdən aşağı səviyyədədir.
Ona görə hazırkı qiymət səviyyəsinə münasibətdə qlobal iqtisadiyyatda və tələbdə bu gün vəziyyət əvvəlki kimi deyil, demək olar, çox şey dəyişib və dəyişməkdə də davam edir.
Bir tərəfdə real olaraq satdıqlarından daha çox həcmdə neft satmaq istəyən ölkələr qrupu var, digər tərəfdə isə neftdən istifadəni, yəni istehlakı tədricən azaltmaq istəyində olan və bu sahədə müvafiq siyasət yürüdən ölkələr...
Odur ki, necə deyərlər, arzular ilə imkanlar üst-üstə düşmür.
Ona görə də qiymətləri sabit saxlamaq üçün hasilatı aşağı həddə tutmaq real olaraq zamanın tələbi sayılır. Buna isə nəzarət lazımdır. Əsas nəzarətçi qurum olan OPEC+ ölkələrisə qeyd olunanlara və müşahidələrə əsasən bu funksiyanı getdikcə yerinə yetirə bilmirlər və bilməyəcəklər də...
Bunu adi fakt belə nümayiş etdirir ki, adıçəkilən qurumun iki ən nəhəng üzvü olan Səudiyyə Ərəbistanı ilə Rusiya arasında adi sözdə belə hər hansı razılıq əldə olunardısa, bazar buna dərhal reaksiya göstərərdi, indi isə bu, özünü büruzə vermir.
Sözün qısası, neftin qiymətinə dair dəqiq proqnoz irəli sürmək mümkün deyil, xüsusən də, uzunmüddətli olaraq. Ancaq buna rəğmən, qiymətlər nə qədər aşağı düşsə də belə, yaxın perspektivdə 60 ABŞ dolları həddindən də aşağı səviyyəyə enəcəyi gözlənilmir. Çünki bu, irili-xırdalı heç bir hasilatçı ölkə üçün sərfəli deyil. Həmçinin, Azərbaycan üçün də...
Odur ki, 2025-ci il üçün xam neftin bir barelinin orta illik ixrac qiyməti parlamentdə büdcə müzakirələri zamanı heç olmasa 65 dollara endirilsə daha yaxşı və məqsədəuyğun olar.