Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paris-2024-də ölkəmizi ikicanlı təmsil edən Yaylagül Ramazanovadan AÇIQLAMA
Peşəkar azərbaycanlı oxçu Yaylagül Ramazanova ölkəmizi Paris-2024-də ikicanlı təmsil edib.
Onun yeddiaylıq hamilə ola-ola mübarizə aparması sosial şəbəkələrdə və Türkiyə mediasında böyük müzakirələrə səbəb olub.
"Qafqazinfo"ya təəssüratlarını bölüşən Yaylagül Ramazanova bildirib ki, ana olmağa hazırlaşmağı yarış zamanı ona güc verib.
"Mərhələ adlamaq, qələbə qazanmaq kimi məqsədlər var idi. Ölkəmə medal qazandırmaq, üçrəngli bayrağımızı dalğalandırmaq əsas hədəflərdən idi. Amma buradakı rəqiblər sayılıb-seçilən idmançılardır. Olimpiadada zəif rəqib yoxdur. İlk rəqibim çinli idmançı idi. Xala-xal prinsipi ilə mübarizə getdi. 1/16 mərhələyə adladım, hər şey yaxşı idi. Hədəf qalib olmaq idi".
O, yarışlardakı ikicanlı iştirakını belə ifadə edib:
"Tribunada azarkeşlərin rəğbətini qazanmışdım, çox gözəl idi. Bu Olimpiadada mənimlə yanaşı, misirli qılıncoynadan xanım da yeddiaylıq hamilədir.
Deməli bu Olimpiadadakı iki ən gənc iştirakçı hələ doğulmayan yeddiaylıq körpələrdir.
Övladımın Olimpiadada olması gələcəyin işidir. Bizim ailədə həm idmançılar, həm də incəsənət insanları var. Seçim onun olacaq. Əsas olan vətənini sevən, layiqli övlad yetişdirməkdir".
Rəylər