Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan Tibb elminə ağır itki üz verib
Azərbaycan Respublikasının baş terapevti, Azərbaycan Tibb Universiteti nəzdində Müdafiə Şurasının sədri, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin "Terapevtik və pediatrik propedevtika" kafedrasının professoru, əməkdar həkim Qurbanov (Qaraqurbanlı) Yaqub Ziyəddin oğlu 13 sentyabr 2024-cü il tarixində vəfat edib.
Ümumilikdə professor Yaqub Qurbanovun elmi-tədqiqat işləri əsasən daxili xəstəliklərin propedevtikal elminin müxtəlif sahələrinin aktual məsələlərinə, eləcə də "Daxili xəstəliklərin propedevtikası" fənninin tədrisinin yüksək səviyyədə və düzgün təşkil edilməsinə həsr olunub. Çoxillik kliniki təcrübəyə, həmçinin propedevtika fənninin tədrisindəki 40 ilin pedaqoji fəaliyyətinə əsaslanmaqla onun son illərdə nəşr etdirdiyi yuxarıda adı çəkilən dərsliklər və dərs vəsaitləri xüsusi əhəmiyyət kəsb edir. Bunlar öz həcmi, şərh edilən mövzuların genişliyi, mahiyyəti, müasir tələblərə uyğunluğu, həmçinin tələbələrdə kliniki təfəkkürü və klinik təcrübəni aşılamaq baxımından ölkəmizdə nəşr olunan ilk və yeganə dərsliklərdir.
Ümumilikdə alim Yaqub Qurbanov hazırda 265 elmi işin, o cümlədən 19 dərs və dərs vəsaiti, 13 metodiki tövsiyənin müəllifidir. Onun rəhbərliyi altında daxili xəstəliklərin müxtəlif problemlərinə həsr olunan 17 tibb üzrə fəlsəfə doktoru dissertasiya işi müdafiə olunub.
Professor Yaqub Qurbanov bir sıra respublika və beynəlxalq konfranslarda çıxışlar edib və onların iştirakçısı olub. O, tədris, pedaqoji praktiki və elmi fəaliyyətləri ilə yanaşı bütün dövrlərdə Tibb Universitetinin ictimai işlərində aktiv fəaliyyət göstərib və müxtəlif ictimai işlərdə çalışıb. O, 1999-cu ildə Səhiyyə Nazirliyinin əmri ilə respublikanın baş terapevti vəzifəsinə təyin edilib.
Professor Yaqub Qurbanov 1992-ci il tarixdən 2013-cü il tarixə kimi "I Daxili xəstəliklərin propedevtikası" kafedrasının müdiri vəzifəsində çalışıb.
O, 2010-cu ildə Respublikanın "Əməkdar həkimi" fəxri adına layiq görülüb.
Professor Yaqub Qurbanov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq əmrlərinə əsasən Azərbaycan Tibb Universiteti nəzdində 2003-cü ildə yaradılmış D.03.011 İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü və 2017-ci ildən B/FD 03.012 İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri seçilib. O, "Metabolizm" jurnalının redaksiya heyətinin və "Azərbaycan" tibb jurnalı redaksiya şurasının üzvü, həmçinin Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası idarə heyətinin üzvü və həmin assosiasiyanın nəzdində olan Fitik Komitənin sədri olub.
Professor Yaqub Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə Azərbaycan Tibb Universiteti nəzdində daxili xəstəliklər, kardiologiya, pediatriya ixtisasları üzrə tibb elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün təşkil edilmiş Müdafiə Şurasının sədri vəzifəsinə seçilib.
Məhrumun ailə üzvlərinə və doğmalarına səbir diləyir dərin hüznlə baş sağlığı veririk.
Rəylər