Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Universitetdə magistr dissertasiyaları ilə bağlı ŞOK İDDİA - Rektorluqdan reaksiya
Sosial şəbəkələrdə Gəncə Dövlət Universiteti (GDU) ilə bağlı şok iddia yayılıb. Qeyd olunub ki, universitetin Coğrafiya fakültəsində müəllimlər magistrantlara "siz yaza bilməzsiniz, müdafiədə kəsiləcəksiniz" deyərək, rüşvət tələb edirlər.
Oxu.Az xəbər verir ki, iddiada həm də magistr dissertasiyalarının yazılması üçün heç bir ədəbiyyat və plan verilmədiyi bildirilir.
Məsələ ilə bağlı Gəncə Dövlət Universiteti ilə əlaqə saxladıq.
Universitetin Mətbuat Xidmətinin rəhbəri Günay Məmmədova Oxu.Az-a açıqlamasında iddianın əsassız olduğunu vurğuladı.
"Sosial şəbəkələrdə yayılan bu iddiaların heç bir əsası yoxdur. İddia anonim olaraq paylaşılıb və biz əmin deyilik ki, onu yazan Gəncə Dövlət Universitetinin tələbəsidir. Çünki bizdə Coğrafiya fakültəsi mövcud deyil. Bizdə olan fakültənin adı Tarix-Coğrafiya fakültəsidir.
Bundan əlavə, iddiada göstərilən məsələlərlə bağlı nə dekanlığa, nə kafedraya heç bir müraciət daxil olmayıb. Əgər tələbələrin belə bir şikayəti varsa, o zaman mütləq qaydada universitetdəki müvafiq dekanlığa və ya kafedraya müraciət etsinlər, araşdıraq.
Qeyd edim ki, universitetin rektoru Yusif Yusibov ötən gün magistr dissertasiyasının hazırlanması ilə bağlı tələbələrə dəstək olmaq məqsədilə fakültə dekanları və kafedra müdirləri ilə görüş keçirib.
Tələblərə uyğun olaraq, magistr dissertasiyası üçün mövzu seçimi, hazırlıq işlərinin təşkili üçün əvvəlcədən ədəbiyyat siyahısı, plan və istiqamət verilməsini tapşırıb. Bununla yanaşı, magistr dissertasiyasının hazırlanması və müdafiəsi zamanı hər hansı neqativ halın baş verməməsi üçün fakültə dekanlarına və kafedra müdirlərinə ciddi xəbərdarlıq edib", - deyə G. Məmmədova bildirib.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Nizami rayonundakı uşaq bağçasına istilik verilməməsinin SƏBƏBİ AÇIQLANDI
- AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi
- Elektrikdoldurma məntəqələrində PARKİNQ HAQQI tələb olunur?
- Respublika Klinik Xəstəxanası "köçdü", xəstələr Bilgəh-Bakı yolunda qaldılar?
- Bakıda səkilərdə qurulan pullu parkinqlər yeni trendə çevrilir?
Rəylər