Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Elektrikdoldurma məntəqələrində PARKİNQ HAQQI tələb olunur?
Bakıda elektrikdoldurma məntəqələrinin bəzisinin qarşısında pullu parkinq nişanının olması sual yaradıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
"Elektromobillərin şarjı üçün nəzərdə tutulan yerdə pullu parkinq işarəsi olmalıdırmı? Avtomobilini şarj etdirən sürücülər həm də parkinq pulu verməlidirlər?" -deyə sürücü sual edib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, şəhərdə elektrikdoldurma məntəqələri həm pullu, həm də pulsuz ərazilərdə yerləşir.
"Parklanma məntəqəsinə daxil olan nəqliyyat vasitələrinin parklanma yerlərindən istifadəsinə görə zonalara uyğun olaraq ödəniş etməsi mütləqdir. Əgər enerjidoldurma cihazları ödənişsiz parklanma zonasında quraşdırılıbsa, sürücülərdən parklanmaya görə ödəniş tələb olunmur.
"Yol hərəkəti haqqında" Qanuna əsasən, elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerjidoldurma məqsədilə parklanma yerləri 5.15 yol nişanına 7.5.9 lövhəciyi əlavə olunmaqla müəyyən edilir. Həmin parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanması qadağandır.
Hətta elektrik mühərrikli avtomobillər belə həmin məntəqədə yalnız təyinatı üzrə şarj etmək üçün parklana bilər. Əks təqdirdə 20 manat məbləğində cərimə nəzərdə tutulub", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Rəylər