Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Uşağına göstərdiyi şiddətlə hiddət doğuran qadına hansı cəza verilə bilər?
"Valideynin uşağa qarşı zorakılığı ilə bağlı ölkə qanunvericiliyi uşaqların müdafiəsi və ailə institutunun sağlamlığı üçün ciddi tədbirlər nəzərdə tutur. Bu məsələ çoxşaxəli hüquqi yanaşma tələb edir, çünki həm uşaq hüquqları, həm də ailə institutunun qorunması arasında balans yaratmaq zəruridir. Zorakılığa qarşı qanunvericilikdə konkret maddələr və tətbiq olunacaq cəza mexanizmləri müəyyənləşdirilib".
Bu sözləri Bakıda qadının azyaşlı övladını döyüb təhqir etməsi ilə bağlı Oxu.Az-ın suallarını cavablandırarkən hüquqşünas Əliməmməd Nuriyev deyib.
O bildirib ki, Cinayət Məcəlləsinin bir neçə maddəsi valideynlərin uşağa qarşı zorakılığını tənzimləyir və cəzalandırır:
"Bunlardan biri 133-cü maddədir (əzab vermə). Uşağa fiziki və psixoloji əzab verilməsi halında cinayət məsuliyyəti yaranır. Əgər zorakılıq davamlı xarakter daşıyırsa və uşağa zərər yetirilibsə, bu maddə ilə valideynə qarşı müəyyən cəza tədbirləri, o cümlədən iki ildən beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Burada təkcə fiziki deyil, həm də psixoloji zorakılıq halları əhatə olunur. Bu, uşağın zehni və emosional inkişafını təsir edən hər hansı bir davranışın cinayət məsuliyyəti doğurduğunu göstərir. Əgər baş vermiş əməl uşağın sağlamlığına ağır və ya az ağır zərərvurma ilə nəticələnərsə, o zaman Cinayət Məcəlləsinin 126 və ya 127-ci maddəsi ilə şəxs məsuliyyətə cəlb oluna bilər".
Hüquqşünas, həmçinin qeyd edib ki, Ailə Məcəlləsində uşağa qarşı zorakılıq hallarında valideyn hüquqlarının məhdudlaşdırılması və ya onun valideynlikdən məhrum edilməsi mexanizmləri nəzərdə tutulur:
"Ailə Məcəlləsi uşaq hüquqlarının qorunması və valideyn məsuliyyətinin müəyyənləşdirilməsi məqsədilə hazırlanıb. Burada uşağa qarşı zorakılıq hallarında valideyn hüquqlarının məhdudlaşdırılması və ya bu hüquqdan məhrum edilməsi mexanizmləri nəzərdə tutulur. Ailə Məcəlləsinin 64-cü maddəsinə görə, valideynlərin uşağa qarşı fiziki və psixoloji zorakılığı təsdiq olunarsa, məhkəmə onları valideyn hüquqlarından məhrum edə bilər. Bu, yalnız xüsusi hallarda tətbiq olunur və uşağın təhlükəsizliyinin təmin olunması əsas meyardır. Valideyn hüquqlarından məhrumetmə prosesi zamanı məhkəmə, həmçinin, uşağın uzunmüddətli rifahını nəzərə alır və uşağın dövlətin himayəsinə verilməsi qərarını qəbul edə bilər. Bu cür qərarlar uşağın psixoloji və emosional sağlamlığını qorumaq üçün həyata keçirilir. Valideyn hüquqlarından məhrum edilən şəxs uşağın tərbiyəsi, təhsili və digər hüquqlarına müdaxilə edə bilmir. Eyni zamanda, bu cür qərarlar ailə əlaqələrinin tamamilə kəsilməsinə və uşağın dövlət nəzarətinə keçməsinə səbəb ola bilər".
Ə.Nuriyevin sözlərinə görə, Azərbaycanın "Uşaq hüquqları haqqında" qanunda uşağın mənafeyi əsas götürülür və dövlətin himayədarlıq orqanları uşağın təhlükəsizliyini təmin etmək üçün müdaxilə edə bilər:
"Uşaq hüquqları haqqında" Qanun uşaqların fiziki və psixoloji təhlükəsizliyinin qorunmasını prioritet məsələ kimi müəyyən edir. Burada uşağın mənafeyi əsas götürülür və dövlətin himayədarlıq orqanları uşağın təhlükəsizliyini təmin etmək üçün müdaxilə edə bilərlər.
Sosial müdafiə orqanları aşağıdakı hallarda müdaxilə edə bilər:
- Əgər uşağın həyatına və ya sağlamlığına ciddi təhlükə varsa;
- Uşağa qarşı zorakılıq, təhqir və istismar müəyyən olunubsa;
- Uşağın valideyn himayəsindən çıxarılması onun təhlükəsizliyi üçün zəruri hesab olunursa.
Himayədarlıq və mühafizə orqanları uşağı ailədən ayıraraq, onu dövlətin himayəsinə verə və ya uşağın himayədar ailəyə yerləşdirilməsi üçün tədbirlər görə bilərlər. Bundan əlavə, ailənin sosial müdafiə xidmətləri tərəfindən nəzarətə götürülməsi və zorakılıq hallarının aradan qaldırılması üçün reabilitasiya proqramlarının tətbiqi mümkündür".
Hüquqşünas vurğulayıb ki, uşağa qarşı zorakılığın qarşısının alınması yalnız hüquqi və sosial müdaxilə ilə məhdudlaşmır:
"İctimaiyyət və təhsil sistemləri bu mövzuda maarifləndirmə və uşaqların müdafiəsi üçün birbaşa iştirak etməlidirlər. Sosial şəbəkələrdə yayılan zorakılıq görüntüləri bu mövzuya ictimaiyyətin diqqətini çəkməyə kömək etsə də, eyni zamanda, dövlətin və müvafiq qurumların təcili tədbirlər görməsi zərurətini yaradır.
Azərbaycanda qanunvericilik valideynin uşağa qarşı zorakılığını ciddi cinayət kimi tanıyır və zorakılıq hallarında valideynlərin hüquqlarını məhdudlaşdırma və məhrumetmə hüququna malikdir. Bununla yanaşı, uşağın təhlükəsizliyi dövlətin əsas prioritetlərindən biri olduğundan, zorakılıq hallarında həm hüquqi, həm də sosial müdafiə tədbirləri həyata keçirilir".
Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən mənzillərin birində ananın azyaşlı övladına şiddət göstərdiyi iddia olunur. Bununla bağlı video sosial şəbəkədə yayılıb.
Oxu.Az mövzu ilə bağlı videonu çəkib paylaşan şəxslə əlaqə saxlayıb.
O bildirib ki, sözügedən hadisənin bir neçə dəfə şahidi olduğu üçün video çəkərək ictimailəşməsi üçün paylaşıb:
"Mən başqa binada qalıram. Hər axşam oradan keçirəm. Bir neçə dəfə uşağın anası tərəfindən döyüldüyünü gördükdən sonra ictimailəşməsi üçün çəkiliş etdim. Məsələ ilə bağlı aidiyyəti quruma da müraciət olunub".
Mövzu ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı qeyd edib ki, azyaşlı ilə bağlı məsələdə dövlət qurumları ilə birgə hazırda iş gedir:
"Görüntülərlə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Uşağa şiddət göstərən şəxsin azyaşlının valideyni olması müəyyən edilib.
Polis və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin icrası istiqamətində işlər görülür".
Sözügedən hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılması üçün aidiyyəti üzrə yönləndirilib, sonra ətraflı məlumat veriləcək.
Qeyd edək ki, mənzilin qapısının önündə çəkilən videoda ananın azyaşlı övladını təhqir etdiyi, vurduğu eşidilir, uşaq ağlayır. Qadın övladını kəmərlə döyəcəyi ilə də hədələyir.
Sözügedən videogörüntünü təqdim edirik:
Aygün Mirakif
"Uşaqlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Müəllimin şagirdi döyməsi iddiasına DİN münasibət bildirdi
- Türkiyə vətəndaşı azyaşlı qızını niyə qətlə yetirib? - Sumqayıtdakı qətlin yeni detalları
- Erməni katolikosa yaxınlığı ilə tanınan arxiyepiskopun adı uşaqlara qarşı zorakılıqla hallanır
- Türkiyədə təcavüz edilərək həyatını itirən körpənin ailəsində növbəti şübhəli ölüm
- Narin Güranın qətlinin bütün sirrini açacaq dəlil ortaya çıxdı: Qanlı əlcək kimə aiddir?
Rəylər