Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Meyxanaçı Ağamirzə: “Necə deyim ki, sən meyxanaçı deyilsən?”
“Fərqli meyxana deyənlər var, onları sıradan çıxarmaq lazımdır”.
Bunu tanınmış meyxanaçı Ağamirzə Məmmədov “Teleqraf”ın suallarını cavablandırarkən deyib.
Onunla müsahibəni təqdim edirik:
- Ağamirzə müəllim, meyxananın hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
- Hazırkı səviyyə əladır, yaxşı meyxanaçılarımız var.
- Sizcə, son vaxtlar televiziyalarda meyxana sahəsinə və meyxanaçılara az yer verilməsinin səbəbi nədir?
- Əvvəllər meyxanaya həsr edilən proqramlarımız çox idi. Bununla belə, qeyd etdiyim kimi, bu gün meyxana sahəsinin səviyyəsi yaxşıdır. Meyxanaçılar arasında istedadlı gənclərimiz yetişir. Kim deyirsə, meyxana gözdən düşüb, yalan deyir.
- Meyxananın üslubunda nə kimi əskik tərəflər var, söz ustadı olaraq bu sahədə nələri dəyişmək istərdiniz?
- Elə bir sahə yoxdur ki, orada əskikliklər, nöqsanlar olmasın. İş olan yerdə nöqsan və çatışmazlıqlar da olmalıdır. Dediyim kimi, əvvəlki illərlə müqayisədə meyxananın səviyyəsi daha yüksəkdir. Burada hamımızın zəhməti var.
- Sizcə, meyxana sahəsində nəyi düzəltməyə ehtiyac var?
- Fərqli meyxana deyənlər var, onları sıradan çıxarmaq lazımdır. Yəni qeyri-peşəkarlar mövcuddur. Amma kimə deyim ki, “sən meyxanaçı deyilsən”, “sən pis meyxana söyləyirsən”. Bu ixtiyar əlimizdə yoxdur. Sosial şəbəkələrdə istədiyi meyxananı deyir, istədiyi meyxananı yazır, təqdim edir. Sosial media hesabında canlı yayım açır. Bunların qarşısını almaq mümkünsüzdür. Təbii, bu sahədə ciddi problem olsa, ciddi də ölçü götürərik. Bunlar ciddi problemlər deyillər.
Meyxana sahəsində ciddi problemlər olsa, hamımız ayağa qalxarıq. Maşallah, bizim yanımızda ordu var - meyxana deyənlər... Mən hansı bir meyxanaçıya desəm ki, gəlin bir araya toplaşaq, filan məsələni həll edək, 99 faizi hazırdır. Onlar dediyimi təsdiqləməyə və dəstək olmağa hazırdırlar.
- Gənclər meyxanaçı Balaəli Maştağalını daha çox sevirlər. Bununla razısınızmı?
- Bəli, Balaəli Maştağalını mən özüm də sevirəm. Yaxşı meyxana deyəndir, hazırcavabdır. Yalnız Balaəli Maştağalı deyil, bir neçə meyxanaçı var ki, çox sevilir. Balaəli çox ağıllı, tərbiyəli və böyüyə qulaq asan oğlandır.
- Bir çox meyxanaçı meyxanadan mahnı janrına keçib, Namiq Qaraçuxurlu, Pərviz Bülbülə...
- Bir ara bu hal dəhşət idi. Bir çoxu musiqili meyxanaya qaçdı, sonra gördü ki, alınmır. Bu sahənin bir neçə ustadı var, yalnız onlarda gözəl alındı. Mən də onları dəstəkləyir və alqışlayıram.
Dəfələrlə bir neçəsinə dedim ki, ay bala, meyxana deyənsənsə, meyxananı söylə, müğənnisənsə, müğənniliyini et. Bir-iki meyxanaçıda musiqili meyxana yaxşı alındı, digərləri də elə zənn etdi ki, onlarda da keyfiyyətli alınacaq. Gördülər ki, keyfiyyətli iş ortaya çıxmadı, yerlərində oturdular. Namiq Qaraçuxurlu, Pərviz Bülbülə, Vüqar Maştağalı, Vasim Əzizovda bu janr gözəl alındı, başqalarında yox.
- Samirə Yusifqızıdan başqa qadın meyxanaçı yoxdur. Necə düşünürsünüz, bu sahə yalnız kişilər üçündür?
- Samirə Yusifqızıdan başqa bir neçə qadın meyxanaçımız da var, Mətanət Naxçıvanlı və başqaları.
- Ümumiyyətlə, xanım və meyxana sənəti nə dərəcədə bir-birinə uyğundur?
- Meyxana olduqca çətin sənətdir. Çox böyük istedad tələb edir. Məsələn, Samirə Yusifqızıda meyxana alınır, Mətanət Naxçıvanlı normal meyxana deyir. Meyxana deyənlərdən bir çoxu bəzi Xalq artisti və Əməkdar artistimizdən ustadır. Məsələn, Əməkdar artistlərdən biri ildə iki mahnı yazdırır, yarımsaatlıq toy mərasimlərində iştirak edir.
Amma meyxana sahəsi elə deyil, hər gün təzə meyxana deməlisən. Bunun üçün savad və güc lazımdır. Biz hər gün meyxana meydanında oluruq. Elə bir meyxana meydanı olmur ki, oradan tərlə çıxmayım.
Bəzi müğənnilər isə ildə beş-altı mahnı yazdırır və məclislərdə yalnız fonoqrama oxuyur. Bunlarla meyxana deyənləri necə eyni çəkiyə qoymaq olar?! Hər dəfə məclisə gedəndə yenə də sözün yaxşı mənasında həyəcan keçirirəm, yaxşı meyxana demək üçün... Meyxana sahəsi çox çətin sənətdir.
- Həmkarınız, meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti necədir?
- Ağakərimin səhhəti yaxşı deyil. Necə var, elə də davam edir, nə danışır, nə hərəkət edir. Ailəsi, yaxınları sağ olsunlar, əziyyətini çəkirlər. Allah ailəsinə, yaxınlarına səbir versin! Allah dostuma şəfa versin! Mən ziyarətinə gedəndə üzümə baxır, tanıyır, amma heç nə büruzə vermir. Deyəndə ki, bildin kim gəlib, başını tərpədir ki, hə.
- Bir müddət əvvəl Ağakərimə baş çəkib, sosial şəbəkələrdə paylaşım edən sənətçiləri tənqid etmişdiniz...
- Əslində, sosial şəbəkədə Ağakərimin o vəziyyətdə videosunu paylaşmağı düzgün hesab etmirəm. Mən də bir-iki dəfə sosial media hesabımda paylaşım etdim.
Onu da deyim ki, elə sənətçilər var, bir dəfə də Ağakərimin yanına gəlməyiblər. Onu ziyarət edənlər barmaqla sayılası qədərdir.
"Ağamirzə" teqi üzrə xəbərlər
- Avtomobilsiz mərkəz və keçilməz tıxac qorxusu: “Zona Qış parkına qədər uzana bilər” - FOTO
- Bakının mərkəzində avtomobilsizləşdirmənin nəticəsi necə olacaq? - AÇIQLAMA + FOTO
- Bakıda dəmiryol xətlərinin sökülməsinin səbəbi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO
- Meyxanaçı Kərimin oğlu: “Qapımızın yerini tanımayan meyxanaçılar yalan danışırlar”
- Sürücüləri çaşdıran yol: AAYDA deyir, sür, polis deyir, sürmə - AÇIQLAMA
Rəylər