Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın doğum günüdür
Bu gün mərhum Əməkdar artist Tünzalə Əliyevanın doğum günüdür.
Oxu.Az xatırladır ki, Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub.
1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsinə qəbul olub. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Oradan çıxıb Bakıya gəlib və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib.
İrəvan Teatrının səhnəsində Qəmər (Ə.Əmirli, “Müqəddəs Valentin günü”), Almaz (M.Haqverdiyev, “Məhəbbət əzabları”), Natella (M.Haqverdiyev, “Qısqanc ürəklər”), Şahnaz (A. Rəhimov “Pul hərisləri”), Qadın (H. Mirələmov, “Ləyaqət”), Mehriban (Ə.Nesin, “Toros canavarı”), Gülzar (Elçin, “Poçt Şöbəsində xəyal”), Sənəm (Ü.Hacıbəyov, “O olmasın, bu olsun”), Nanı Kişi (İftixar, “Dan yeri söküləndə”), Səkinə (Hidayət, “Bu dünyanın adamları”), Səməni (İ.Məlikzadə, “Subaylarınızdan görəsiniz”), Mələk (Ağarəhim Rəhimovun, “Əsgər anası”), Alverçi qadın (T.Vəliyeva, “Analar neyləsin”), Mədinə (Anar, “Təhminə və Zaur”), Xatuba (Ramiz Abdullayev, “Biznesmen”), Xəzangül (Ə.Hacızadə, “Məhəbbət ölmür”), Əsir qadın (S.Şaxtaxtı, “Ölüm həsrəti”), Səkinə (Elçin, “Akvariuma xüsusi sifariş”) rollarını uğurla ifa edib.
Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında “İzinlə”, “Vətənim” və “Gülüş qatarı” verilişlərinin aparıcısı olub. ATV kanalında nümayiş etdirilən “Çal-Çağır” şou proqramının aparıcısı olan “Toppuş bacı” obrazının ifaçısı olub. ATV kanalında “Gülmək qadağandır” şou proqramında aparıcılıq edib.
2007-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
22 yanvar 2023-cü il tarixində uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Ümumşəhər qəbiristanlığında dəfn olunub.
Tünzalə Əliyeva ailəli olub. Bir qız övladı qalıb.
Rəylər