Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yarım əsri tamamlayan aktyor: “İntim səhnələri həyat yoldaşımla oynamışam” - MÜSAHİBƏ + FOTO
“Yuğ”u ənənəvi tamaşa tandemini alt-üst edən, bu sahəyə yeni nəfəs gətirən teatrlardan hesab edirlər. 1989-cu il 18 oktyabrda Xalq artistləri Həsənağa Turabovun rəhbərliyi, Vaqif İbrahimoğlunun təşəbbüsü və iştirakı ilə qurulub. Müasir teatr sənətinin inkişafında, yeni fəlsəfi axınında, onun öz rolu, öz yeri var. 50 yaşını qeyd edən aktyor Qasım Nağı (Qasım Gəncalı oğlu Nağıyev) 30 ildir ki, burada çalışır. 1974-cü ildə İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin Teatr kollektivi rejissorluğu şöbəsində təhsil alan aktyor 1994-cü ildən “Yuğ” Dövlət Teatrında çalışır. Aktyor 2015-ci ildə “Humay” mükafatına layiq görülüb.
“Report” aktyorla yubileyi ərəfəsində söhbətləşib:
- 50 yaşınız tamam olur, istəyirəm elə ənənəvi sualımıza başlayaq, doğum günləri sizin üçün nəyi ifadə edir? Bu yaşda hansı əhvaldasınız?
- Tanrıya şükürlər olsun ki, əsrin yarısını haqlamışam, insan olaraq yaradılmışam və Azərbaycan torpağında dünyaya göz açmışam. Ailədə 5 qardaş, 6 bacı olmuşuq. Mehriban, tərbiyəyə böyük önəm verən bir ailədə boya-başa çatmışam. Mən həmişə deyirəm ki, valideynin övlada verə biləcəyi ən önəmli nemət ədəbdir. Buna da çox şükür edirəm ki, bu mirasdan bizə bolluca pay düşüb.
- 11 uşaq olmusunuz, bacı və qardaşlarınız arasında bu sahədə olanlar var?
- Yoxdur, incəsənət sahəsində tək mənəm. Onlar hərəsi bir işlə məşğuldurlar.
Hər kəs istedadlıdır, ən istedadlılar isə onu özündə kəşf edəndir
- Bəs sizin bu sahəyə marağınıza səbəb nə olub?
- Xüsusi bir qərar olmayıb. Mən həmişə deyirəm, hər kəs istedadlıdır, ən istedadlılar isə onu özündə kəşf edənlərdir. Uşaq vaxtı bir az musiqiyə həvəsim vardı, kənd klubunda, məktəbin tədbirlərində, konsertlərdə aktiv idim, səhnəciklərdə oynayırdım. 1991-ci ildə məktəbi bitirdim, sənədlərimi Xarici Dillər İnstitutuna təqdim etdim, ingilis dilindən yaxşı qiymət alsam da, Azərbaycan dilindən kəsildim. Nəhayət, 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə test imtahanı verib qəbul oldum, qabiliyyət imtahanını məndən Həsənağa Turabov götürdü. Tələbə olanda Xalq artisti Məmmədsəfa Qasımov səhnə danışığı müəllimim idi. Bir dəfə, elə bircə kəlmə məndən soruşdu ki, teatrda çalışmaq istəyərsən? Dedim, bəli. Elə ondan sonra o mənim əlimdən tutub “Yuğ” Teatrına gətirdi. Beləcə 1994-cü ildən bu günədək - 30 ildir ki, buradayam.
“Yuğ” mənim üçün tamam başqa mövzudur və uşaqlıqdan başlayır
- “Yuğ”çular insan ruhunda olan keyfiyyətləri bədii hala gətirməklə məşğuldurlar. Sizcə, hansı keyfiyyəti bədiiləşdirmək çətindir?
- Maraqlı sualdır. Ümumiyyətlə, “Yuğ” Teatrı mənim üçün tamam başqa bir mövzudur və uşaqlıqdan başlayır. Bir dəfə efirdə ustadımız Vaqif İbrahimoğlunun müsahibəsini izləmişdim. Həmin dövrdə mənə elə gəldi ki, o, bu dünyanın adamı deyil. 1994-cü ildə onunla görüşəndə Allahıma şükür etdim. Bu gün də şükür edirəm ki, Vaqif İbrahimoğlu ilə görüşmək nəsibim oldu. Düzdür, mən başa düşürdüm ki, bu yolda çətinliklər, imtahanlar olacaq. Onu da deyim ki, Vaqif İbrahimoğlunun “Yuğ” Teatr məktəbindən hər kəs uğurla keçə bilmirdi. Bu bir həqiqətdir, bilənlər bilir. Sualınıza gələndə isə ümumiyyətlə, insanlıq heç bir izimə sığmır. “Yuğ” Teatrının loqosuna diqqətlə baxanda insan simasını xatırlatdığını sezəcəksiniz. O, rəhmətlik Əməkdar rəssam Rəşid Şərifin kəşfidir. Bir sözlə, “Yuğ” elə mənim özüməm.
- Çətinliklər deyirsiniz, çətin, əziyyətli günləriniz çox olub?
- Olub, onlar olmasaydı, hər şey düz xəttin üstündə, mənasız olardı, sənət də həmçinin. İnsanı yetişdirən o dediyimiz çətinliklər, imtahanlar və döngələrdir.
- Qasım müəllim, adətən sənət adamları giley edirlər ki, insanlar teatra gəlmirlər, bir çox müsahibim də bunu təsdiqləyib, amma bu yaxınlarda Xalq artisti Hacı İsmayılovla görüşəndə nikbin danışdı. Dedi ki, son vaxtlar teatra maraq artıb, xüsusən gənclər teatra gəlməkdə maraqlıdırlar. Siz bu haqda nə düşünürsünüz?
- Hacı müəllimə uzun ömür arzulayıram. O, bizim ağsaqqal dostlarımızdandır. Onunla tamamilə razıyam. Mən “Yuğ” Teatrında olandan elə bir tamaşamız olmayıb ki, orada bir boş yer olsun. Ona görə yox ki, məkanımız dardır, 45-50 nəfərlik tamaşaçı tutumu olan bir zalımız var. Mən ara-sıra imkanım olduqca başqa teatrlara da gedirəm, görürəm ki, zallar doludur. Teatrı sevən, teatrı diqqətində saxlayan bir teatral cəmiyyətimiz var.
60 yaşı var, sual verirsən ki, teatra nə zaman getmisən, deyəcək tələbə vaxtı
- Onda biz rahatlıqla deyə bilərik ki, teatr sahəsində canlanma başlayıb?
- Teatr sahəsində həmişə canlanma olub. Əgər səhnədə canlı əsərlər, ruhu, canı olan tamaşalar olubsa, ora mütləq diqqət və axın olub. Bir tamaşanın ki, canı yoxdur və nəyinsə xətrinə o səhnə qurulub, o tez sıradan çıxıb gedib, onun tamaşaçısı olmayıb. Teatr yoxdur, teatr ölüb - bunu o insanlar deyir ki, onlar ümumiyyətlə teatra getmirlər. 60 yaşı var, sual verirsən ki, teatra nə zaman getmisən, deyəcək tələbə vaxtı. Bax belə insanlar deyir ki, teatr ölüb, teatra gedən yoxdur. Onda həmin adamlara demək lazımdır ki, bəlkə gəlib görəsiniz, bir dəfə övladlarınızı da götürüb teatrın qapısını açasınız. Mən həmişə demişəm ki, əgər insanlar istəyirsə, övladları, nəvələri mükəmməl insanlar olsunlar, mütləq onları teatra aparmalıdırlar.
- Teatrda canlılıq məsələsinə xüsusi olaraq toxundunuz. Nədir teatrda sözügedən canlılığı, peşəkarlığı səciyyələndirən əsas xüsusiyyətlər?
- İstedad, təhsil, zəhmət. Bayaq dedik hər kəs istedadlı doğulur. Yetər ki, o istedadı zamanında kəşf etsin, əvvəl özü, sonra isə keçdiyi məktəb. Bu 3 detal çox önəmlidir. Qalan hər şey onun fonundadır. Bunlar tam olanda biz aktyoru həm şəxsiyyət kimi, həm də sənətkar kimi sevirik. Bəzən aşağı balla tələbələrin universitetə qəbul olması müzakirə mövzusu olur, mən düşünürəm ki, əgər insan hədəfləyibsə, incəsənət universitetində oxuyub yetişməyi, onda onun üçün 200 bal da kifayət edir. Bal göstərici deyil, 200 bal dediyimiz böyük bir təhsilin sadəcə bir mərhələsidir. Yerdə qalan isə çalışmaq və böyük zəhmətin nəticəsində başa gəlir.
- Qasım müəllim, səhnə nəyi sevmir?
- Səhnə xəyanəti, ədəbsizliyi, riyakarlığı, badalağı, qısqanclığı, həsədi sevmir. Səhnənin sevdiyi tək bir şey var. O da həqiqətdir.
- Səhnəyə xəyanət edənlər çox olub?
- Ehh.. (köks ötürür) O qədər xəyanətlər olub ki... Böyük səhnəyə də olub, adi bir səhnəyə də. Olduqca çox kiçik bir detalı deyirəm. Baxıb görür ki, yerə bir mismar qırıntısı düşüb. Sabah özü, ya sənət dostu o səhnədə oynayacaq. O adam əyilib o mismar qırıntısını götürmürsə, bu, onun xəyanətidir. Mən belə qəbul edirəm. Çünki o qırıq mismar sabah yox, birisigün öz ayağına batacaq. Səhnə o xəyanəti duyur.
Həddindən artıq kompleksli insanam
- Tez-tez deyirlər ki, incəsənət fədakarlıq tələb edir, amma həm də Azərbaycanda aktrisaların tərəf müqabili məsələsində zaman-zaman problemlər olur. Hətta bəzi yaxınlıq tələb edən səhnələri oynamağa çəkinirlər. Siz bu barədə nə düşünürsünüz?
- Çox zərif sualdır, o səbəbdən ki, mənim həyat yoldaşım da aktrisadır. Amma bu tərəfdən şansım gətirib. Mən həddindən artıq kompleksli insanam. Səhnədə qadın aktrisa ilə yaxınlaşmaq, qucaqlaşmaq və bu kimi digər səhnələr mənim bacarmadığım şeylərdir. Şiddətli dərəcədə çəkinirəm. Bu qeyri-peşəkarlıq deyil. Sadəcə kompleksdir. İndi baxırıq da xarici filmlərə, xarici tamaşalara. İlahi, insanlar elə səhnələr yaradırlar ki, meydanda yalnız sənət qalır və mən bunu həmişə alqışlamışam. Orada heç bir intim məqam görünmür. Mən isə ona görə şanslıyam ki, belə səhnələri həyat yoldaşım Natəvan Qeybani ilə oynamışam.
- Tərəf müqabiliniz heçmi başqa bir xanım aktrisa olmayıb?
- Açığı bizdə elə tamaşalar da qoyulmayıb. Bir əhvalatı danışım. Vaqif müəllim bir səhnə əsəri işləmişdi. “Canımda can” tamaşası. Orada bir səhnə vardı. Aktrisa ikiqat şəffaf üzlüyün fonunda bir anlıq soyunub-geyinir. Tamaşada iştirak edən 8-9 aktyor, yəni biz o səhnəni görmürdük. Rejissor onu elə qurub, baxışlarımızı elə yönləndirib ki, onu ancaq tamaşaçı görürdü. Rejissor ona tablo kimi yanaşmışdı. O vaxt müzakirələr zamanı kinoşünas Ayaz Salayevə “səhnə ilə bağlı siz nə deyə bilərsiniz?” sualı verdilər. O dedi ki, hansı səhnə?! Bilirsiniz, Ayaz Salayev o qədər yaradıcı və sənətsevər insandır ki. Ona görə də, o səhnə sadəcə bir kadr kimi Ayaz Salayev üçün ötüb keçmişdi. Amma insanlar vardı ki, məhz o səhnəyə görə tamaşaya gəlib dəfələrlə baxırdılar.
Ananla, həyat yoldaşınla, qızınla oturub rahat baxdığın əsər sənətdir
- Qasım müəllim, buradan o qənaətə gəlirik ki, onda bizim ən böyük problemlərimizdən biri sənətə sənət kimi yanaşmamaqdır. Yersiz müzakirələr, replikalar və s. Maraqlıdır ki, bu, sadəcə Azərbaycan səhnəsinin problemidir, yoxsa dünyada da belədir?
- Əvvəla, dünya əxlaqsızlığı təbliğ etmir. Sənət olmayanda bu kimi məsələlər ortaya çıxır, müzakirəyə çevrilir. Bir dəfə rəhmətlik Vaqif müəllimlə “Canımda can” tamaşası barədə danışırdıq. Onda mənə dedi ki, ananla, həyat yoldaşınla, qızınla oturub rahat baxa bildiyin tamaşa, film əsl sənət əsəridir. Hər şey olar. Hərdən deyirlər ki, getdim filan ekran əsərinə baxdım, utandım, yerə girdim. Bunlara nə ehtiyac var? Bir az düşünün də. Daha maraqlı, daha gözəl, insanların marağına qida ola biləcək gözəlliklər yaradın da. Mahnıda necə deyilir: “Hər şey gözəldir həyatda, özün bir zərrə gözəllik yarada bilsən”.
- “Yad gəlin” serialında da xanımınız, aktrisa Natəvan Qeybani ilə birlikdə rol almısınız. Müsahibənizin birində demisiniz ki, bu serial təklifini ona görə qəbul etmisiniz ki, bəsit deyildi. Sizə görə bəsitlik nədir?
- Əvvəla, sözügedən serialda peşəkar qrup vardı. Sonra qonorarı bizi qane etdi. İki şərt artıq bizim xeyrimizə idi. Ssenarisi isə olmuş bir hadisə əsasında tərtib olunmuşdu. Biz orada bir mövsüm çalışdıq. Nə yaxşı ki, bir mövsüm çalışdıq.
- Niyə?
- Serial 165 seriyadan ibarətdir. Mən onun cəmi 4-nə baxmışam. İlk seriyasına kollektivlə birgə baxdıq, maraqlı gəldi, çünki təcrübəmiz o qədər də yox idi. Sonra bir seriyada bizim Oqtay Mehdiyevlə çox gözəl bir dialoqumuz vardı, məhz ona görə baxdım. Birinə təsadüfən qonaq getmişdik, ailə baxırdı, biz də məcbur baxdıq. Bir də Natəvan xanımla olan final səhnəmizə baxmışam. Belə… Bəsit deyirsiniz ha, hətta, “Yad gəlin”in özü belə zəif idi. Niyyətim işi pisləmək deyil. İnsanlar əziyyət çəkirdi, yaxşı səhnələr də var idi, gündəlik serial olsa belə, xalq baxırdı. Amma mənə görə, çox məişət səviyyəsində idi. Çünki əvvəli yaxşı başladı, sonra imkansızlıqdan büdcə filan, biz də gəldik yaxınlaşdıq divanlara. Mən “divan serialları” janrı deyirəm onlara, çox divanlaşdırmışıq, heç qalxmırıq. Ona görə də yaxşı ki, bir mövsümdə çəkildik deyirəm. Amma uğurlu seriallardan sayıram “Simurq”u. İTV-də yayımlanırdı. Pərviz Seyidlinin əsəridir. Mən işıqlı serial silsiləsində ilk onun adını çəkərdim. Bütün hallarda ümidliyəm, yaxşı işlər var və olacaq.
35 ildir binası olmayan “Yuğ” Teatrı
- Doğum gününüzdə özünüzə ən çox nə arzu edirsiniz?
- Millətimizi və dövlətimizi daim müzəffər görmək istəyirəm. Hər şey gözəl olsun. Ən xırda arzulardan biri odur ki, ən çox sevdiyim, doğma teatrım - “Yuğ”un binası olsun. Bu özəl dəst-xəti olan, Azərbaycan teatr tarixində özəl yeri olan teatrın binasız qalmağını nə bizə, nə də mədəniyyət sektoruna heç cürə yaraşdırmıram. Həmişə ümidliyəm ki, bu problem bu günlərdə, bu saatlarda həllini tapacaq. Çünki o teatr Azərbaycan mədəniyyətinə dəyərli insanlar bəxş edib. Onlar həyatlarını bura həsr ediblər. Bu il teatrın 35 illiyi olacaq, ümid edirəm ki, teatrımızın bu il binası olacaq. Qalanı da, nə arzulaya bilərəm ki, ölkəmə ancaq sülh və firavanlıq arzu edirəm. Hələlik arzularım bunlardan ibarətdir.
Rəylər