Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Doğum günü olan Faiq Ağayev 23 il əvvəlki mahnısına yeni nəfəs verdi - VİDEO
Bu gün Azərbaycan Respublikasının Xalq artisti Faiq Balağa oğlu Ağayevin doğum günüdür.
Oxu.Az xatırladır ki, o, 1971-ci il dekabrın 29-da Bakıda anadan olub.
1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.
F.Ağayev universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına “Xarkov-95” Beynəlxalq Retro mahnılar müsabiqəsində və “Qızıl Şlyager - Mogilyov-96” Beynəlxalq müsabiqəsində də qalib gəlib.
Bundan sonra onun peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin 2012-2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.
1995-ci ildə müğənninin “Ola bilməz” adlı ilk albomu çıxıb. 1998-ci ildə Faiq Ağayev üç gün davam edən “10 il Sizinlə” solo konsertinə görə “İlin konserti” nominasiyasında, 1999-cu ildə isə “Dəşti” klipinə görə “İlin klipi” nominasiyasında “Humay” Milli Mükafatının sahibi olub. Həmçinin 1999-cu ildə o, “İlin müğənnisi” nominasiyasında “Grand” Milli Mükafatını qazanıb.
2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayevə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adı verilib.
2007-ci il 7-11 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olub.
2008-ci il sentyabrın 17-də Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı verilib.
2012-ci ilin 27-30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4 günlük anşlaqlı “VİDA” solo konsertləri keçib. Pərəstişkarlar arasında “Cənab Qızıl Şlyager” adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.
Faiq Ağayev 2000-ci ildə ifa etdiyi “Aldatdı məni” mahnısına yeni nəfəs verib. Xalq artisti mahnını 23 ildən sonra yeni aranjimanda ifa edib.
Rəylər