Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda pilləkənsiz bina ilə bağlı icra hakimiyyətindən AÇIQLAMA - YENİLƏNİB + FOTO
Bakının Səbail Rayon İcra Hakimiyyəti Nizami küçəsi, 4 ünvanında yerləşən “Pilot Residence” Mənzil-Tikinti Kooperativinə (MTK) məxsus binanın sakinlərinin narazılığı barədə bağlı açıqlama verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Pilot Residence” MTK-ya məxsus çoxmənzilli yaşayış binasının beşinci blokunun giriş istiqamətində aparılan tikinti-quraşdırma işləri nəticəsində sakinlərin giriş-çıxışı məhdudlaşdırılıb:
“Səbail Rayon Məhkəməsinin qərarına əsasən, “Pilot Residence” MTK-ya məxsus çoxmənzilli yaşayış binasının beşinci blokunun girişi istiqamətində aparılan tikinti-quraşdırma işlərinin davamı borclulara qadağan edilib və mülkiyyətçilərin giriş-çıxışının təmin edilməsi məqsədilə həmin binanın beşinci blokunun girişinin müvəqqəti açılması öhdəliyi qoyulub. Yuxarıda göstərilənlər nəzərə alınaraq, məhkəmənin qətnaməsi Səbail Rayon İcra Şöbəsi tərəfindən təmin edilib və sakinlər üçün müvəqqəti olaraq digər tərəfdən giriş açılıb. Hazırda iş məhkəmə icraatındadır.
Əlavə olaraq qeyd edirik ki, sözügedən yaşayış binaları ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən istismara icazə aktı təsdiq edilib”.
15:44
Bakıda yaşayış binasının sakinləri narazıdırlar.
Səbail rayonu, Nizami küçəsi, 4 ünvanında yerləşən “Pilot Residence” Mənzil-Tikinti Kooperativinin (MTK) sakinləri şikayətlərini Oxu.Az-ın redaksiyasına ünvanlayıblar.
Sakin Nofəl Rzayev bildirib ki, binadan ev alan zaman başqa layihə təqdim edilib, amma indi ondan əsər-əlamət yoxdur:
“Bina pilot layihə çərçivəsində sözügedən MTK tərəfindən tikilib. Layihə 2017-ci ildə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənib. Bakı şəhərində ilk layihə olduğu üçün bütün səlahiyyət də qurumun üzərinə düşür. 2019-cu ilin sonuna kimi layihə tam təhvil verilməli idi, amma hələ də proses yekunlaşmayıb. 2024-cü ildə yalnız yaşayış binası təhvildən keçib və həyəti, yeraltı qarajı bərbad vəziyyətdədir.
Bütün bu problem azmış kimi, MTK təsisçisi layihədənkənar icazəsiz tikililər inşa etdirib. Həyətin böyük bir hissəsində 850 kvadratmetr sahəsi olan ticarət obyekti inşa olunub. Üçüncü blokun ərazisi restorana birləşdirilib. Həmin blokun sakinləri evlərinə ancaq liftlə qalxıb-düşə bilirlər, çünki pilləkən yoxdur... Lift işləməsə, sakinlər evdə, ya da həyətdə qalacaqlar. Eyni zamanda, həyətdə qazanxana inşa olunub, giriş-çıxış isə təmir edilmir”.
O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən ötən il yoxlamalar aparılıb:
“Binada yanğın təhlükəsizliyi sahəsində tikinti norma və qaydalarının kobud şəkildə pozulması faktı aşkar edilib. Eyni zamanda, qurumdan da bildirilib ki, layihə sənədləri xidmət ilə razılaşdırılmadan həyətyanı sahədə binaya bitişik birmərtəbəli qeyri-yaşayış obyektinin inşa olunduğu, zirzəmi sahəsindən çölə açılan mövcud iki pilləkən qəfəsinin çıxışlarının tikilərək bağlandığı, həyətə çıxışda anbar inşa edildiyi aşkarlanıb. Məsələ barədə aidiyyəti qurumlara müraciət etsək də, bizi Səbail Rayon İcra Hakimiyyətinə yönləndirirlər. Onlar isə sakinlərin problemlərini həll etmək marağında deyillər. Beşbloklu binanın sakinləri hamısı çıxılmaz vəziyyətdədir”.
Sakin Mikail Hüseynov deyir ki, yaranmış ciddi problemlərin həll olmasını istəyirlər:
“Biz yaşadığımız ünvandakı MTK rəhbərliyi tərəfindən törədilən özbaşınalıq hərəkətlərinə görə neqativ nəticələrlə üzləşdik. Binanın həyətində təhlükə yaradan tikinti işləri aparılır ki, bu da yerli sakinlərin səhhətinə ziyan vurur. Eyni zamanda, hər bir mənzilin sahəsində 10-40 kvadratmetr çatışmazlıq qeydə alınıb ki, bu da mənzil sahiblərinin hüquqlarının pozulması deməkdir. Dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etsək də, məsələ həllini tapmır”.
Sakinlər məsələ barədə məhkəməyə müraciət etdiklərini, məhkəmə ekspertizasının bütün icazəsiz tikililərin layihədənkənar olduğunu təsdiqlədiyini bildirirlər. Onlar iddia edirlər ki, Səbail Rayon Məhkəməsi artıq 10 aydır işə baxsa da, qərarı uzadır.
Məsələ barədə Səbail Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlanıb.
İlhamə Əbülfət
Rəylər