Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ağstafada yeni ailə quran gəlinə zülm verdilər
Ağstafa rayonunda 1989-cu il təvəllüdlü Vüqar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş qayınatası Məmmədə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 yanvar 2023-cü ildə Ağstafa rayonunun kəndində baş verib. Vüqar yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qayınatası Məmmədə yaxın qohumlarının gözü qarşısında yumruq və təpik zərbələri ilə qəsdən bədəninin müxtəlif nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Ağstafa rayonunun kəndində yaşayır: "Zərərçəkmiş Məmməd mənim keçmiş qayınatamdır. Onunla münasibətlərimiz normal olub, hər zaman bir böyük kimi onun hörmətini saxlamışam. Hadisə günü, saat 4-5 radələrində idarə etdiyim "Hyundai" markalı avtomobil ilə bacım Baharı, keçmiş həyat yoldaşım Gülsümü və qonşumuz Cəmili Gülsümün işlədiyi məktəbdən evə gətirirdim, evə çatan zaman Gülsüm uşağı da götürərək yola tərəf qaçdı. Bu zaman həyat yoldaşımın anası və xalasının uzaqdan bizə tərəf gəlməsini gördüm. Həmin vaxt qayınatam bizdən aralıda olub. Onlar birinci bacımı vuraraq yerə yıxdılar və qonşumuz Cəmil gələrək onları araladı. Məmməd mənə tərəf gəldi, məni hədələdi və mənə yumruq atdı. Lakin yumruq mənə dəymədi. Mən də Məmmədin boğazından tutaraq yavaşca itələdim. Bu zaman o, arxaya gedərək yıxıldı".
Təqsirləndirilən şəxs qeyd edib ki, onun həyat yoldaşı ilə münasibətləri normal olub: "Lakin qayınanam hər zaman ailə münasibətlərimizə müdaxilə edib. Həyat yoldaşım aramızda baş verən hər məsələni anasına danışdığı üçün ona telefon işlətməyə qoymamışam. Əməlimdən peşmanam. Zərərçəkmiş Məmmədlə barışığa cəhd etsəm də, sonuncu qəbul etməyib. Məmməddən üzr istəmişəm".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Məmmədin sözlərinə görə, Gülsüm onun qızı, Vüqar isə onun keçmiş kürəkənidir: "Həyətyanı torpaq sahəsində işləyərkən, həyat yoldaşım zəng etdi və bildirdi ki, təcili evə gəlim. Mən də evə gəldim. Həyat yoldaşım dedi ki, qızımız müəllimələrin telefonundan zəng edib və bildirib ki, gəlib onu aparmasalar, o özünü öldürəcək. Taksi sifariş edərək bacım, baldızım və həyat yoldaşım ilə birlikdə Vüqargilin yaşadığı kəndə getdik. Biz maşından düşərkən qızımız anama tərəf qaçan kimi Vüqar da qızıma doğru qaçdı. Bu zaman qızım qucağında uşaqla yerə, daşın üstünə yıxıldı. Sonra da həyat yoldaşımın üzərinə hücum çəkdilər. Bütün hər şey Vüqargilin evlərinin kamerasına yazılmışdı. Vüqar mənim qolumdan və boynumdan tutaraq yumruq və təpiklə sağ və sol yanlarıma vurdu. Mən Vüqarın ünvanına nalayiq ifadə işlətməmişəm. Uşağı götürərək maşına əyləşən kimi yanımdan istilik gəldiyini və nəfəs almaqda çətinlik çəkməyimi hiss etdim. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdikdə mənə sabah ekspertizaya getməyimi, rentgen olunmağımı bildirdilər. Qızım ailə qurduqdan 3-4 ay sonra onun həyat yoldaşı ilə münasibətləri soyuyub. Lakin qızıma ailəsini dağıtmamasını və səbirli olarsa, hər şeyin düzələcəyini bildirmişəm. Lakin Vüqar və onun bacısı qızımızı ailə qurduqdan sonra bizə qoymayıblar. Mən davadan əvvəl sonuncu dəfə qızımı 2022-ci ilin 8 martında görmüşəm".
İş üzrə şahid qismində ifadə verən Gülsümün sözlərinə görə, Vüqar ilə 22 mart 2020-ci ildə ailə quraraq, Ağstafa rayonunun kəndinə gəlin köçüb: "Evdə mən, Vüqar, baldızım və onun uşaqları yaşamışıq. Bizim birgə nikahımızdan 2021-ci il noyabrın 18-də bir övladımız oldu. Ailə münasibətlərimiz ilk vaxtlarda soyumağa başladı. Vüqar anamı və atamı evimizə gəlməyə qoymayıb. Hətta valideynlərimi uşağımız olduqda da gəlməyə qoymayıb. Ondan sonra aramızda davalar başlayıb. Vüqar məni boş şeylərin üstündə döyməyə və təhqir etməyə başladı, telefonumu qırdı".
Gülsüm qeyd edib ki, 18 yanvar 2023-cü ildə, səhər 7-də Vüqar onu "Hyundai" markalı avtomobillə məktəbə apararkən döyüb: "Döymə səbəbi kimi də mənim evə cadu gətirməyimi bildirdi. Maşında başımdan və qolumdan dəfələrlə vurdu. Qışqıraraq maşının qapısını açmasını dedim, düşəcəyimi bildirdim. O, maşını saxlamadı. Ağlaya-ağlaya arxa oturacağa keçdim. Qayıdanda məni atamgilin evlərinə düşürməsini və münasibətlərimizin bitdiyini bildirdim. Daha sonra məktəbə getdik. Məktəbdə olarkən müəllimlərin birinin telefonundan anama zəng etdim, gəlib məsələni aydınlaşdırmalarını bildirdim. Məktəbdən evə qayıdarkən yolüstü baldızımı, qonşularımızı və uşaqları bağçadan götürdük. Evə qayıdarkən gördüm ki, atamgil gəlirlər, onlar heç içəri girmədilər. Söz-söhbət yolda, qapının çölündə baş verdi. Mən anama tərəf gedərkən Vüqar məni qucağımda uşaqla başımdan vurdu. Uşaqla birlikdə yerə yıxıldım. Sonra anam araya qarışaraq, məni niyə vurduğumu bildirdi. Vüqar anama da bir təpik vurdu. Anam yerə yıxıldı. Daha sonra atam qaça-qaça gəldikdə söz-söhbət daha da böyüdü. Bir-birini vurmağa başladılar. Sonra səs-küyə qonşular gəldi. Gördüm ki, Vüqarın bacısı oğlu atamı tutub, Vüqar da atamın sağ və sol yanlarından təpiklə və yumruqla vurur. Daha sonra uşağımı almasınlar deyə, onu da götürərək maşına tərəf qaçdım. Atamı da götürərək evə qayıtdıq. Həmin gün atamda ağrılar olmağa başladı. Polisə zəng edərək məlumat verdik. Sonra atamı xəstəxanaya apardıq. Rentgenə düşdükdə onun 13-cü qabırğasının sındığını öyrəndik".
Bu cinayət işinə Ağstafa Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqarın əməli Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib. O, 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi Vüqarın barəsində həbs olmayan cəza ilə cəzalandırılmasını istəyib.
Həmçinin hökmdən dövlət ittihamçısı tərəfindən də apellyasiya protesti verilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinməsini, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş edib.
Hər iki şikayət araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayəti və protestin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.
Dövlət ittihamçısının isə apellyasiya protesti təmin edilib. Birinci instansiya məhkəməsinin hökmü ləğv edilib, yeni ittihamedici hökm çıxarılıb. Hökmə əsasən Vüqar 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Rusiyada küçədə atəş açan erməni saxlanıldı
- Azərbaycan idmançıları Türkiyədə yeddi qızıl medal qazanıblar
- DİN rəsmisi: "Tikilən binalarda parklanma yerləri nəzərə alınmır"
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
Rəylər