Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda turizmin yeni marşrutu: Geoparkların ölkəmiz üçün hansı faydaları olacaq?
Ölkəmizdə ilk dəfə olaraq geoparkların yaradılması planlaşdırılır. Bu yeni növ beynəlxalq statuslu xüsusi mühafizə rejimli ərazilər səyahət və istirahət üçün mövcud marşrutlar sırasına daxil ediləcək. Geoparkların "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun bazasında yaradılması nəzərdə tutulur. Bu yenilik ölkəmizin UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulmasını da təmin edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən həyata keçiriləcək layihənin turizmin inkişafına da dəstək verəcəyi gözlənilir.
Dünyada UNESCO-nun siyahısında olan 143 geopark mövcuddur. 2002-ci ildən Avropada fəaliyyət göstərən Qlobal Geoparklar Şəbəkəsinin mütəxəssisləri, bu parkların uğurlu sosial-yönümlü biznes layihələri olduğunu hesab edirlər. Geoparklar müxtəlif geoloji proseslərin və təbiət hadisələrinin tədqiqi üçün təbiət elmi laboratoriyaları olmaqla yanaşı, iqtisadi əhəmiyyət də daşıyırlar. Kiçik biznesin cəlb edilməsi və yerli təbiətin qorunması ilə ekoloji ərazilərin hərtərəfli və davamlı iqtisadi inkişafı təmin edilir.
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də özünəməxsus geoloji və landşaft xüsusiyyətlərinə görə beynəlxalq əhəmiyyətli ərazilər mövcuddur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi ilə bağlı bir sıra işlər həyata keçirilir. Məsələn, Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Biosfer Qoruğunun yaradılması, Samux və Qax rayonları, Alazan (Qanıx) çayı vadisi və Axar-Baxar dağ silsiləsinin ərazisində yeni milli parkın yaradılması ilə bağlı layihələr buna misaldır.
Bəs geoparkların yaradılmasının həm turizm, həm iqtisadi baxımdan ölkəmiz üçün hansı əhəmiyyəti olacaq?
Geoparkların yaradılmasının həm turizm, həm də iqtisadi baxımdan ölkəmiz üçün əhəmiyyəti böyükdür. ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev geoparkların Azərbaycan üçün yeni bir anlam olduğunu bildirdi: "Layihə geoloji obyektlərin qorunması və ərazidə sosial-iqtisadi artımın yüksəldilməsi məqsədini güdür. Ölkəmizdə çox böyük geoloji obyekt potensialı var. Bu obyektlərin bazasında geoturizmi inkişaf etdirməklə bağlı böyük imkanlar mövcuddur. Əsas istiqamət ətrafdakı insanların sosial rifahının gücləndirilməsi və dayanıqlı inkişafın təmin edilməsidir". ETSN-nin rəsmisi ölkəmizdə belə bir obyekt üçün palçıq vulkanlarının bazasının uyğun olduğunu vurğulayır: "Məqsədimiz geoparkı palçıq vulkanlarının bazasında yaratmaqdır, çünki palçıq vulkanlarının geoloji obyekt kimi böyük potensialı var. Ümumiyyətlə, Azərbaycan vulkanlarla zəngin ərazidir. Vulkanların fəaliyyətdə olması sırf geoloji prosesləri göstərir".
R.Allahverdiyevin sözlərinə görə, obyektə müəyyən səfərlərin təşkil olunması, ali məktəblər üçün təlim və seminarların keçirilməsi, geoloji biliklərin artırılması istiqamətində maarifləndirmə tədbirləri nəzərdə tutulub: "Geopark yaradılandan sonra müvafiq nominasiya sənədi hazırlanaraq UNESCO-nun geoparklar şəbəkəsinə qoşulmağı düşünürük". Geopark ərazisində kiçik biznesin inkişafına gəlincə, ETSN rəsmisi qeyd etdi ki, bu, obyektin ərazisində yaşayan insanların turizm fəaliyyəti ilə məşğul olmasına, yaşayış yerlərinin kirayəsi, bələdçilik və digər fəaliyyətlərə imkan yaradacaq: "Geoparkın yaradılması həmçinin kənd məhsullarının satışı və gəzinti turlarının təşkilinə şərait yaradacaq. Bu da ərazidəki əhalinin güzəranının yaxşılaşmasına dəstək olacaq".
Geoparkların turizmin inkişafında rolunun ola biləcəyinə şübhə yoxdur. Dünya turistlərini qeyri-adi təbiət hadisələri, təbii abidələr və maraqlı məkanlar cəlb edir. Hələ ki, Dövlət Turizm Agentliyindən layihə ilə bağlı münasibət bildirmək istəmədilər: "Yaradılandan sonra bir söz deyə bilərik".
Turizmçi Əfsun Əhmədov isə düşünür ki, bu istiqamətdə düzgün bazar araşdırılması aparılmalı və mütləq reklam və marketinq işləri həyata keçirilməlidir: "Turizm şirkətləri mütləq şəkildə bu layihələrin müzakirələrində iştirak etməli və öz fikirlərini bildirməlidirlər. Hesab edirəm ki, bu cür parkların yaradılması həm yeni marşrutların təşkilinə, həm də Azərbaycanın turizm potensialına maraq göstərən qonşu və digər ölkələrdən daha çox turistlərin axınına səbəb ola bilər".
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasında (ATBA) isə hesab edirlər ki, yalnız geopark yaradılıb istifadəyə veriləndən sonra ona olan marağı müəyyənləşdirmək mümkün olacaq: "Turistlərin istəkləri fərqli olur. Elə turistlər var ki, mədəniyyət nümunələri, tarixi yerləri sevirlər. Elələri də var ki, onları daha çox təbiət guşələri və coğrafi məkanlar maraqlandırır. Məsələn, Tufandağa kanatla qalxıb Qafqaz dağlarının mənzərələrinə, meşələrə tamaşa edirlər. Palçıq vulkanlara səfər edən turistlər də həmişə razı qalırlar. Biz turistə həmişə əlimizdə turistik baza olan yerləri təqdim edirik. Geopark yaradılandan sonra təbii ki, biz də turistlərə təqdim edəcəyik. Dünya təcrübəsində bu istiqamətdə uğurlu nəticələr varsa, ümid edirik ki, bizdə də turistlər tərəfindən müsbət qarşılanacaq".
"Kaspi qəzeti" teqi üzrə xəbərlər
- Mənzil bazarında durğunluq var, amma ucuzlaşma gözlənilmir
- Trampın növbəti prezidentliyi İranla münasibətlərə necə təsir göstərəcək? - "Kaspi"nin ARAŞDIRMASI
- Azərbaycan bu il 90 milyon dollarlıq ət idxal edib
- Hər il yüzlərlə insan orqan gözləyərkən həyatını itirir - Bir donor səkkiz xəstəni yaşada bilər
- Azərbaycan hər zaman olduğu kimi dünyada öz adından söz etdirməyi bacardı
Rəylər