Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nikol Paşinyan üçün çətin dilemma: "Hərbi çevriliş riski artır"
Avropa İttifaqının (Aİ) Ermənistanda, Azərbaycanla sərhədin yaxınlığında yerləşdirilən "müşahidəçi"ləri yenidən aktivləşiblər. Növbəti missiyanın Qazax rayonunun Fərəhli kəndi istiqamətində göründüyünə dair xəbər yayılıb. Günorta saatlarında isə "müşahidəçi"lər Zəngilan istiqamətində peyda olublar. Məlum olub ki, Azərbaycan sərhədinin bir neçə kilometrliyində yerləşən Ermənistan ordusunun postuna Avropa İttifaqına məxsus üç ədəd "Toyota" markalı avtomobil yaxınlaşıb. Avtomobillərdə olan Aİ "müşahidəçi"lərinin postdakı silahsız erməni hərbçisinin müşayiəti ilə Azərbaycan ərazilərini müşahidə etməsi qeydə alınıb.
Qeyd edək ki, son günlər kəşfiyyat materialları toplayan Aİ missiyasının Azərbaycan ərazilərini mütəmadi izləməsinə dair görüntülər yayılır. Maraqlıdır ki, ittifaqın bu aktivliyi Ermənistan ordusunda yaranan kadr çatışmazlığı fonunda təqaüddə olan hərbçilərin xidmətə çağırılması ilə paralel baş verir. Bu isə Ermənistan tərəfinin müharibə ritorikasından əl çəkmədiyini, Qərbin dəstəyinə güvənərək yeni təxribatlara hazırlaşdığını istisna etmir.
Mövzunu Oxu.Az-a dəyərləndirən politoloq Zeynal Əmrəliyev bildirib ki, Avropa İttifaqının müşahidə missiyası bölgədə sülhün qarşısını almağa yönələn təxribatçı birlikdir:
"Hər zaman münaqişənin həlli istiqamətində Bakı və İrəvan arasında mühit yarananda dərhal bu qrup aktivləşdirilir. Rusiyanın Kazan şəhərində oktyabrın 22-dən 24-dək BRICS sammiti keçirildi. Sammit əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Kifayət qədər müsbət mesajlar verildi.
Dünyanın aparıcı aktorları olan ABŞ və Rusiya iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı çağırışlar edirlər. Ancaq Fransa və Avropa İttifaqı kimi güclər hələ də vəziyyəti gərginləşdirməyə çalışırlar. Avropa İttifaqı, bir tərəfdən, öz müşahidə missiyasını aktiv saxlayaraq, təxribatlar həyata keçirir, digər tərəfdən isə öz parlamenti ilə birlikdə Azərbaycana qarşı müxtəlif səpkili təxribatlar həyata keçirir. Əks halda, müşahidə missiyasının fəallığı Kazan danışıqlarının getdiyi ərəfədə nə üçün artdı?"
"Bu missiya artıq fəaliyyətini yekunlaşdırmaq üzrədir. Ancaq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verərək missiyanın fəaliyyətini uzatmaq barədə düşündüklərini deyir. Görünür ki, rəsmi İrəvan, bir tərəfdən, Azərbaycanla sülh barədə danışır, digər tərəfdən isə özünü Qərb dövlətlərinə yaxşı göstərməyə çalışır. Mirzoyanın açıqlaması sübut edir ki, Ermənistan tərəfi nə qədər özünü sülhə hazır kimi göstərsə də, hələ də ağalarının sözü ilə oturub-durur. Əgər bölgədə həqiqi sülh əldə ediləcəksə, Ermənistan kənar qüvvələri ərazidən uzaqlaşdırmalıdır. Nə Avropa İttifaqı, nə də digər qüvvələrin heç bir səlahiyyəti yoxdur ki, Azərbaycan ərazilərini bu şəkildə müşahidə etsinlər. Azərbaycan öz torpaqlarını azad edib, hazırda həmin ərazilərdə tikinti-quruculuq işləri həyata keçirərək işğal illərində yurd-yuvasından didərgin düşən vətəndaşlarını doğma evlərinə qaytarır. Avropa İttifaqı Azərbaycan ərazilərini müşahidə etməkdənsə himayəsinə aldığı Ermənistan dövlətini və ordusunu müşahidə etsin", - deyə analitik vurğulayıb.
Əmrəliyev Ermənistanda son günlər gənc hərbçilərin rəhbər vəzifəyə təyinatı nəticəsində orduda ölüm hallarının sayının kəskin artdığını əlavə edib:
"Gənc hərbçilər ona görə rəhbər vəzifələrə təyin edilirlər ki, ciddi kadr çatışmazlığı var. Artıq təcrübəli hərbçilər orduda xidmət etmək istəmirlər. Hazırkı Ermənistan ordusu Koçaryan-Sarqsyan rejimi dövründə formalaşdığı üçün Paşinyan təcrübəli hərbçilərə güvənmir, yeni nəsil hərbi elita formalaşdırmaq istəyir. Həmçinin, təcrübəli hərbçilər də Paşinyanın komandası ilə işləməkdə maraqlı deyillər. Nəticədə bu cür təzad yaranıb".
"Bir sözlə, erməni hökumətinin ordu ilə bağlı bu siyasəti fiaskoya uğrayıb. Baş nazirin müavini Mqer Qriqoryanın rəhbərliyi altında keçirilən iclasda bu məsələnin ətraflı müzakirə edilməsi də vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Ehtimal ki, hökumət ordudan xaric etdiyi hərbçiləri yenidən öz vəzifələrinə qaytaracaq. Əks halda Ermənistan ordusunda xaos olacaq. Ancaq köhnə kadrların qaytarılması da ölkədə hərbi çevriliş riskini artır. Buna görə Paşinyan çox çətin vəziyyətə düşür", - deyə şərhçi fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
"Ermənistanda etirazlar" teqi üzrə xəbərlər
- Ermənistanda hakimiyyət əleyhinə aksiya: Konstitusiya Məhkəməsinin binasına doğru yürüş keçirilir
- Ermənistan müxalifəti yenidən mitinq keçirəcək
- Ermənistan cəmiyyətində revanşizm ideyası yoxa çıxmayıb - Rəy sorğusunun kədərli nəticəsi
- Mixail Neyjmakov: "Aİ-yə daxil olmaq və konstitusiyaya dəyişikliklər bir "paket"ə salına bilər"
- Anastasiya Qafarova: "Paşinyanın komandası Qarabağ adının konstitusiyadan çıxarılmasını istəyir"