Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Anastasiya Qafarova: "Paşinyanın komandası Qarabağ adının konstitusiyadan çıxarılmasını istəyir"
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi "Vətən uğrunda Tavuş" hərəkatının etirazlarının aşkar şəkildə uğursuzluğa düçar olmasından sonra Ermənistanda konstitusiya üzrə referendumun keçirilməsi məsələsi fəal şəkildə müzakirə edilməyə başlanıldı.
Belə hiss yaranır ki, etirazlar səngidikdən sonra Ermənistan hakimiyyəti konstitusiyaya dəyişiklik məsələsini nisbətən ağrısız şəkildə qaldırmağın mümkün olacağı qənaətinə gəlib.
Üstəlik, indi Ermənistanın baş naziri Nikol Paşinyan hətta ölkənin əsas qanununa əlavə və dəyişikliklərdən deyil, yeni konstitusiyanın layihəsindən danışır.
Yeri gəlmişkən, Ermənistan müxalifəti artıq hakimiyyəti Avropa İttifaqına üzvlüklə bağlı referendum bəhanəsi ilə yeni konstitusiya qəbul etmək niyyətində olmaqda ittiham edib.
Burada həm də söhbət Azərbaycanın israrlı tələblərinin yerinə yetirilməsindən gedir. Bakı Ermənistan konstitusiyasında Azərbaycana birbaşa ərazi iddiasını ehtiva edən müddəaya işarə edir və bunun qəbuledilməz olduğunu vurğulayır.
Rusiya Siyasi İnformasiya Mərkəzinin direktor müavini Anastasiya Qafarova Oxu.Az-a müsahibəsində sözügedən məqamlara öz münasibətini bildirib:
- Əvvəla, onu qeyd edim ki, "Vətən uğrunda Tavuş" hərəkatının tamamilə uğursuzluğa düçar olmasından danışmağa dəyməz. Əgər bu etirazın yalnız sərhədlərin delimitasiyası prosesini dayandırmaq və dörd sərhəd kəndinin Azərbaycana qaytarılmasının qarşısını almaq məqsədi daşıdığını fərz etsək, bəli, hərəkatın fəaliyyəti uğursuz oldu. Amma əgər düşünsək ki, bu etirazın daha geniş məqsədləri var və onlara himayədarlıq edə biləcək şəxslər uzunmüddətli planlar cızırlar, o zaman müəyyən vaxt sonra aktivlik arta bilər.
- Bu arada dünən Nikol Paşinyan özü bildirib ki, "Vətən uğrunda Tavuş" hərəkatının etirazı iflasa uğrayıb, çünki erməni cəmiyyəti "tarixi" deyil, "real Ermənistan" ideyasını qəbul edir.
- Nikol Paşinyanın ideyası ondan ibarətdir ki, indi Ermənistan bir sıra ağrılı qərarları icra etməlidir ki, bu da ona Türkiyə və Azərbaycanla tez bir zamanda əlaqələr qurmaq və Avropaya inteqrasiya yoluna çıxmağa imkan verəcək. Bunun nəticəsində Ermənistan indi yaşadığı problemlərdən xilas olacaq. Amma əslində, Ermənistan bir çox çətinliklərlə üzləşir və gələcəkdə onların öhdəsindən gəlməyə bilər. Rusiya ilə əlaqələrin kəsilməsi Ermənistan üçün birbaşa itkilərə səbəb olan ağrılı prosesdir. Hələlik bununla bağlı İrəvandan eyhamlar gəlir, amma Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələr tam kəsilərsə, Ermənistan nə dərəcədə Nikol Paşinyanın təklif etdiyi "real Ermənistan" planına əsaslanıb özünü bərpa edə biləcək? Avropa İttifaqının (Aİ) təklif etdiyi pul Ermənistanın Avrasiya İqtisadi İttifaqından ayrılacağı təqdirdə çəkəcəyi xərcləri əvəz etmir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq isə ümumiyyətlə Ermənistan siyasətinə gözlənilməzlik elementi gətirir.
Qayıdaq etirazlara. Onlar gözlənilən idi. Etirazların təbiətinə gəlincə, əhalinin narazılığı onları körükləyir. Xarici təsirdən də danışmaq olar, çünki biz ABŞ-nin İrəvandakı səfirliyinin fəaliyyətini görürük, o da etirazçılarla hakimiyyət arasında, belə desək, "mübahisə"lərin həllində iştirak edib. "Vətən uğrunda Tavuş" hərəkatının tərəfdarlarının fəaliyyət modeli 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəldiyi zaman baş verənlərə çox bənzəyir. Ona görə etirazların həm də Qərb tərəfindən dəstəkləndiyinə dair dolayı sübutlar var.
Nikol Paşinyanın reytinqi aşağıdır və bu etirazlar onun hakimiyyətdə qalmaq uğrunda sınağına çevrildi. Əgər o, imtahandan keçə bilməsə, o zaman onun yerində Qərb üçün daha əlverişli fiqur tapılacaq.
- Bu arada, Baqrat Qalstanyanın erməniəsilli rusiyalı iş adamları tərəfindən maliyyələşdirildiyinə dair çoxlu məlumatlar dərc edilir. Eyni zamanda, Qərb mətbuatı Nikol Paşinyanı etirazları dağıtdığına görə tənqid etmir və bu, çox şeydən xəbər verir.
- Amma eyni zamanda da ABŞ-nin İrəvandakı səfirliyi dəfələrlə "Vətən uğrunda Tavuş" hərəkatının qadağan olunmasının qarşısını alıb. Həmçinin, yaddan çıxarmaq olmaz ki, Baqrat Qalstanyanın Kanada vətəndaşlığı və Qərblə ciddi əlaqələri var.
Amma təbii ki, B.Qalstanyanın "Ermənistan öz siyasətini "anti" prinsiplər üzərində qurmamalıdır", "kiməsə qarşı dostluq etməyə ehtiyac yoxdur" və s. kimi sözləri Rusiyanın bəzi dairələri tərəfindən müsbət qəbul olunur. Həmçinin, anti-Rusiya kursu aparan Nikol Paşinyan fiquru Rusiya tərəfindən xoş qarşılanmır və B.Qalstanyan da məhz onun istefasını tələb edir. Nəticədə, erməni etiraz hərəkatının liderinin bu ritorikası Rusiya Federasiyasında rəğbətlə qarşılanır.
- Gəlin Ermənistanın yeni konstitusiyasına toxunaq. Bu və Avropaya inteqrasiya məsələsində referendumun keçirilməsi ehtimalı nə dərəcədədir? Ermənistanın Müstəqillik Bəyannaməsinin Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən qeydi konstitusiyadan çıxarılacaqmı?
- Hesab edirəm ki, referendumun keçirilmə ehtimalı çox yüksəkdir. Üstəlik, Nikol Paşinyanın avropalı və amerikalı tərəfdaşları ilə məsləhətləşmələri də göz qabağındadır. Avropaya inteqrasiya ilə bağlı referendumlar bir növ şablondur. Bu günlərdə Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi moldovalı həmkarı ilə görüşüb və məlum olduğu kimi, Moldovada oktyabrda həm prezident seçkisi, həm də Avropaya inteqrasiya ilə bağlı referendum keçiriləcək.
Yeri gəlmişkən, konstitusiyaya sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müddəa daxil edilə bilər, hansı ki orada bu məsələlər Ermənistan hökumət aparatının müstəsna səlahiyyətinə aid ediləcək. Ermənistan konstitusiyasında Ermənistanın Müstəqillik Bəyannaməsində yer alan Qarabağın Ermənistana məxsus olduğu qeydinə gəlincə. Bildiyimə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın komandası bu bəndin ölkənin əsas qanunundan çıxarılmasını istəyir və bu məsələni səsverməyə çıxarmağa çalışacaq. Bu prosesin nə dərəcədə uğurlu olacağını təxmin edə bilmirəm.
Nair Əliyev
"Ermənistanda etirazlar" teqi üzrə xəbərlər
- Nikol Paşinyan üçün çətin dilemma: "Hərbi çevriliş riski artır"
- Ermənistanda hakimiyyət əleyhinə aksiya: Konstitusiya Məhkəməsinin binasına doğru yürüş keçirilir
- Ermənistan müxalifəti yenidən mitinq keçirəcək
- Ermənistan cəmiyyətində revanşizm ideyası yoxa çıxmayıb - Rəy sorğusunun kədərli nəticəsi
- Mixail Neyjmakov: "Aİ-yə daxil olmaq və konstitusiyaya dəyişikliklər bir "paket"ə salına bilər"