Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mixail Neyjmakov: "Aİ-yə daxil olmaq və konstitusiyaya dəyişikliklər bir "paket"ə salına bilər"
"Vətən uğrunda Tavuş" etiraz hərəkatı dünən, iyunun 27-də İrəvanda növbəti aksiyasını keçirsə də, bu hadisə heç kimin diqqətini çəkməyib. Bir neçə həftəlik gərginlikdən sonra etirazlar faktiki olaraq səngiyib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan da açıqlama verib. Üstəlik, hadisələri kənardan müşahidə edən ekspertlər də aksiyaların gücünün səngidiyini qeyd ediblər. Təkcə etirazlara rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan fərqli fikirdədir. Onun iddiasına görə, "milli azadlıq mübarizəsi bütün gücü ilə davam edir".
Bəs etirazların yenidən alovlanması mümkündürmü?
Oxu.Az-ın bu sualına Rusiyadan olan siyasi analitik Mixail Neyjmakov cavab verib:
- Ermənistanda etiraz fəallığının yenidən alovlanması, əlbəttə ki, mümkündür, buna səbəb isə Bakı ilə İrəvan arasında aparılan danışıqlarda bəzi rezonans doğura biləcək xəbərlər ola bilər. Həmçinin, istisna etmək olmaz ki, gələcəkdə yeni irimiqyaslı etirazlara, məsələn, respublikanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən vətəndaşların hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı hadisələr səbəb ola bilər.
- Son günlər Baqrat Qalstanyan Azərbaycanla ultimatum dili ilə danışmağa başladı, baxmayaraq ki, Bakıda kiminsə onun dediklərinə qulaq asmaq fikri yoxdur. Lakin buna rəğmən, "Vətən uğrunda Tavuş" hərəkatının lideri şərtlər irəli sürür. Bunlardan birincisi separatçıların geri qaytarılmasıdır. İkincisi - Qarabağ ermənilərinin geri qayıtmaq hüququnun təmin edilməsidir. Amma axı heç kim onları zorla heç yerə qovmayıb. Bundan başqa, onlar Azərbaycan vətəndaşlığını qəbul edib azərbaycanlılarla yanaşı yaşamaq istəmirlər. Görünür, Qalstanyan reallıqları, həqiqətən, dərk etmir.
- Aydındır ki, reallıqda Baqrat Qalstanyan belə hallarda ilk növbədə Azərbaycana deyil, Ermənistandakı daxili auditoriyaya xitab edir. O, İrəvanın xarici siyasət maraqlarını Nikol Paşinyandan daha yaxşı müdafiə edəcəyini sübut etməyə çalışır. Qeyd etmək lazımdır ki, Baqrat Qalstanyan Bakı ilə dialoq ideyasını tam rədd etmir və qeyd edir ki, "real danışıqlar" təminatçıların iştirakı ilə və daha yaxşı olar ki, ATƏT-in keçmiş Minsk qrupunun himayəsi altında aparılmalıdır. Burada biz, müəyyən dərəcədə, Donald Trampın ABŞ-də 2016-cı il prezidentlik kampaniyası ərəfəsində seçki ritorikası ilə bənzətmələr apara bilərik. D.Tramp qeyd edirdi ki, Barak Obama xarici siyasət kursunda yaxşı sövdələşmələr aparmağı bilmir, o isə bunu bacarır. Aydındır ki, böyük ehtimalla müxalif siyasətçi gözləntilərinin hüdudlarını azaltmaqdansa, daha da artıracaq.
Əgər Baqrat Qalstanyan, mahiyyətcə, Ermənistanın hazırkı hakimiyyətini Bakıya, onun fikrincə, həddindən artıq güzəştlər etdiyi üçün tənqid edirsə, o, heç bir halda 2024-cü ilin aprelində Nikol Paşinyanın istifadə etdiyi ifadələr ruhunda bəyanatlar verə bilməz. Həmin vaxt Ermənistanın baş naziri qeyd etmişdi ki, "yaranmış vəziyyətdə" ermənilərin Qarabağa qayıtmasını mümkün görmür.
Üstəlik, ermənilərin Qarabağa qayıtması ilə bağlı eyni mövzunu digər müxalif siyasətçilər də qaldırırlar, məsələn, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Armen Gevorqyan bu yaxınlarda bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkə açıq şəkildə müraciət edib.
Müxalif siyasətçi xarici siyasətdəki gözləntilərin həddini o zaman azaltmağa çağırardı ki, onun öz strategiyası hakimiyyətin tənqidi, ilk növbədə, sosial-iqtisadi mövzular üzərində qurulardı. Yəni ABŞ ilə analogiyanı davam etdirsək, Bakı ilə münasibətlərdə daha güzəştli xəttə çağırış 1992-ci ildə Bill Klintonun prezidentlik kampaniyasının məşhur mesajı - "Bu iqtisadiyyatdır, axmaq!" - ruhunda tezislər səsləndirən siyasətçinin işinə yarayardı. Ancaq bu tamam başqa hədəf auditoriyasına hesablanardı.
Yeri gəlmişkən, istisna deyil ki, Ermənistanda 2026-cı il parlament seçkisi kampaniyası daha çox Nikol Paşinyanın konkret olaraq sosial-iqtisadi məsələlərlə bağlı tənqidinə yönələcək.
- Mövzunu davam etdirək... Qalstanyan iddia edir ki, Ermənistan hakimiyyətinin sülh proqramı, əslində, sülhü təmin etmir. Onun sitatıdır: "Biz bəyan edirik ki, hər bir vasitə ilə sülh gətirməli, sülhə nail olmalıyıq. Biz təhlükəsizliyimizi gücləndirməliyik". Ola bilərmi ki, Qalstanyan ordunu gücləndirməyə və ya təhlükəsizlik məsələlərində kənardan yardıma eyham vurur?
- Əgər Baqrat Qalstanyan hərbi revanşın zəruriliyini vurğulasaydı, gün kimi aydındır ki, o, Ermənistanda etiraz auditoriyasının əhəmiyyətli hissəsini özündən uzaqlaşdıracaqdı, bu auditoriyanın bir çox nümayəndələri də başa düşürlər ki, indi silahlı münaqişə İrəvan üçün ciddi risklər daşıyır. O, sülhə nail olmaq üçün "təhlükəsizliyin gücləndirilməsi"nin zəruriliyindən danışarkən, digər məsələlərlə yanaşı, Nikol Paşinyana skeptik yanaşan hüquq-mühafizə orqanlarının əməkdaşlarına xitab edir. Heç də səbəbsiz deyil ki, məsələn, iyunun 19-da jurnalistlərlə söhbəti zamanı Baqrat Qalstanyan Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyini korrupsiyada ittiham edib. Təbii ki, istənilən ordu qapalı strukturdur və oradakı əhvali-ruhiyyəni kənardan qiymətləndirmək o qədər də asan deyil. Amma böyük ehtimalla Ermənistan silahlı qüvvələrinin tərkibində Nikol Paşinyandan narazı olanların sayı çox olmalıdır. Ən azı ona görə ki, bir qayda olaraq, professional orduda xidmət aparanlar daha mühafizəkar baxışlara malik insanlar olur. Misal üçün, məsələn, ABŞ ordusunda respublikaçı ştatlardan olan insanların və respublikaçıların tərəfdarlarının yüksək faizini qeyd edək. Bu insanların çoxu ölkə rəhbərliyinin xarici siyasət kursunda yol verdiyi kompromisləri mənfi qəbul edir. Ermənistan müxalifəti öz maraqları naminə indi bununla oynamağa çalışır və şübhəsiz ki, vaxtaşırı belə mövzulara toxunacaq.
- Bu yaxınlarda parlamentin spikeri Alen Simonyan Ermənistanda yaxın vaxtlarda Avropa İttifaqına üzvlüklə bağlı referendumun keçiriləcəyini demişdi. Ola bilərmi ki, Azərbaycanın israr etdiyi Konstitusiyaya əlavə və dəyişikliklər məsələsi də sözügedən referenduma salınsın.
- Yəqin ki, Nikol Paşinyanın komandası ilk növbədə xarici siyasət tərəfdaşlarına Avropayönümlü kursu inkişaf etdirmək istəyini xatırlatmaq, həmçinin Ermənistan daxilində mötədil auditoriya arasında gələcək haqqında özünün daha parlaq imicini yaratmaq istəyir. Yəni sübut etməyə çalışır ki, Paşinyan iqtidarını hakimiyyətdə saxlamaq Avropa İttifaqına doğru kurs demək olacaq.
Bu mənada ölkənin indiki hakimiyyətinə parlament kampaniyasına qədər bu mövzunu gündəmdə saxlamaq daha sərfəli olardı. Bənzətmə üçün Moldovanı xatırlayaq, burada ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı konstitusiya dəyişikliyinə dair referendum 2024-cü ilin oktyabrında parlament seçkiləri ilə eyni vaxtda keçiriləcək.
Ermənistana qayıtsaq, aydındır ki, referendumun nəticələri Aİ qarşısında hər hansı öhdəlik qoymur, baxmayaraq ki, bu referendum Brüsseldən müxtəlif formalarda dəstək almaqla bağlı danışıqlar çərçivəsində İrəvana əlavə arqumentlər verə bilər. Tamamilə mümkündür ki, Ermənistan hökuməti də ehtiyat ssenarini nəzərdən keçirir; konstitusiyaya dəyişikliklər və Aİ-yə daxil olmaq məsələləri bir referendum çərçivəsində birləşdirilə bilər. Ola bilsin ki, Avropa İttifaqına daxil olmaq kursunun Ermənistan konstitusiyasında da təsbit edilməsi təklif olunsun və bununla da bu məsələ ilə bağlı düzəlişlər və Bakının təkid etdiyi dəyişikliklər bir "paket"də qəbul edilsin.
Nair Əliyev
"Ermənistanda etirazlar" teqi üzrə xəbərlər
- Nikol Paşinyan üçün çətin dilemma: "Hərbi çevriliş riski artır"
- Ermənistanda hakimiyyət əleyhinə aksiya: Konstitusiya Məhkəməsinin binasına doğru yürüş keçirilir
- Ermənistan müxalifəti yenidən mitinq keçirəcək
- Ermənistan cəmiyyətində revanşizm ideyası yoxa çıxmayıb - Rəy sorğusunun kədərli nəticəsi
- Anastasiya Qafarova: "Paşinyanın komandası Qarabağ adının konstitusiyadan çıxarılmasını istəyir"