Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vüqar Biləcərinin sevgilisi: “Kimin nə həddinə ki, onun yanındakı qadından...” - MÜSAHİBƏ + FOTO
Mərhum meyxanaçı Vüqar Biləcərinin vaxtsız vəfatı həm meyxana sənətində, həm də Samirə xanımın həyatında böyük boşluq yaradıb. Uzun zamandır gündəmdən düşməyən bu mövzu ilə bağlı dəfələrlə açıqlamalar verilib, müsahibələr yazılıb. Meyxanaçının sirr kimi ölümü və sevdiyi qadının bu ölümlə bağlı şübhələri Vüqarın fanatlarını narahat edir.
Vüqar Biləcəri ilə adı birgə çəkilən Samirə Zeynalova mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
- “Yarı gedənin yarı qaldı çabalaya-çabalaya” - müsahibənizdə belə bir ifadə işlətmişdiniz. Onsuz həyat necə keçir?
- Bilirsiniz, çox çətindir. Ondan sonra açılan hər səhərim qəhərlidir. Onsuz keçən günlərim bir əsrə bərabərdir. Yaşanan hissləri ifadə etmək çox çətin gəlir mənə.
- Vüqar Biləcərinin hansı arzuları yarım qaldı?
- Vüqarın arzusu, xəyalı təqvalı müsəlman olmaq və yarına qovuşmaq idi. O da ki, arzusuna çatdı.
- Məşhur meyxanaçının vəfatından sonra uzun müddət sosial şəbəkələrdə sizin münasibətiniz gündəmdən düşmədi. Bir çoxları bu münasibəti qınadı, qeyd etdi ki, bəlkə də Vüqarın ailə qurmasına Samirə mane oldu. Təbii ki, ailə qurmaq hər bir qadın üçün çox dəyərlidir. Xüsusi ilə əgər arada sevgi münasibəti varsa... Bəs niyə ailə qurmadınız?
- Onun bütün təkidlərinə rəğmən mən istəmədim. Səbəb isə ictimai qınaqların olma ehtimalı idi. Belə olan halda münasibətlər fiaskoya uğrayır. Əlbəttə ki, hər bir qadın xoşbəxt olmaq istəyir. Düşünürəm ki, xoşbəxt olmaq üçün təmənnasız sevmək və sevdiyini qüsurları ilə qəbul etmək lazımdır. Bu, mənə kifayət edir.
- Gələk ailə məsələlərinə... Vüqarın anası ilə aranız necə idi? O, bu münasibətə necə yanaşırdı?
- Bizim münasibətimizdən narazı olan bir kimsə olmayıb.
- Vüqar Biləcəri sizi ətrafına necə təqdim edirdi?
- Vüqar xislətli bir oğlan idi. Sizcə, sevdiyi qadını ətrafa təqdim edərdimi? Əsla. Kimin nə həddinə idi ki, onun yanındakı xanımın kimliyindən xəbər alsın. Görünən çölə bələdçi gərək olmur...
- Yol yoldaşı olmaq varkən niyə sirr yoldaşı olasınız ki?
- Yol yoldaşı olmadığın biri ilə sirr yoldaşı olmaq qeyri-mümkündür.
- Vüqar yuxunuza gəlirmi?
- Bəli, hətta mən yaşayış tərzimi yuxularımla müəyyən edirəm. Hər hansısa bir görəcəyim işin öncəsi onu yuxuda qaşqabaqlı görsəm, əsla o işin arxasınca getmərəm. Yaxud da əksinə, o, yuxumda gülər, mən bu gülüşü razılıq kimi qəbul edib, həyata qaldığım yerdən davam edərəm....
- Mərhum meyxanaçının ölümü ilə bağlı dəfələrlə qalmaqallı açıqlamalar vermisiniz. Onun ölüm səbəbində qaranlıq məqamların olduğunu vurğulamısınız. Ölümü ilə bağlı şübhələriniz nələrdi?
- Ömür vəfa edərsə, mən də sizin kimi ictimaiyyət ilə bərabər dəqiq məlumatlar əldə etməyə nail olacağam. Hazırda isə elə vəziyyət yaradırlar ki, şübhələrimdən şübhə edər olmuşam.
Gül Qədirli
"Meyxana" teqi üzrə xəbərlər
- Ələkbər Yasamallı meyxanadan getdi
- Gənc yaşda vəfat edən meyxanaçılar: Onlar niyə uzun yaşamırlar?
- Meyxanaçı Kərimin oğlu: “Qapımızın yerini tanımayan meyxanaçılar yalan danışırlar”
- Namiq Qaraçuxurlu arxiv görüntülərini paylaşdı: “Ağılları bunu həzm edə bilmir” - VİDEO
- Meyxanaçı Ağamirzə: “Necə deyim ki, sən meyxanaçı deyilsən?”
Rəylər