Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rəqsanənin həbs edilmiş keçmiş kürəkəninin ifadəsi məlum oldu - YENİLƏNİB
Rəqsanə İsmayılovanın keçmiş kürəkəni Eşqin Cəlilov müğənninin qızı Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün bu gün həbs olunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 157-ci (adam döymə) maddəsi ilə yanaşı 510-cu (xırda xuliqanlıq) maddəsi ilə də təqsirləndirilib.
Dünən Nəsimi Rayon Məhkəməsində barəsindəki protokola baxılan Goranboy rayon sakini, 1993-cü il təvəllüdlü Eşqin Cəlilov hadisənin təfərrüatı ilə bağlı danışıb. O, ifadəsində gözəllik salonuna Aysunla barışmaq üçün getdiyini deyib:
“Bir il əvvəl Aysunla ailə həyatı qurmuşdum. Lakin 2023-cü ilin may ayının əvvəllərində Aysun Cəlilovadan boşandım. 27 aprel 2023-cü il tarixdə Aysunla birgə icarə əsasında işlətdiyimiz Nəsimi rayonu ərazisində yerləşən gözəllik salonuna getmişdim. Orada olarkən Aysun Cəlilova ilə ünsiyyət yaratdım. Lakin həmin vaxt Aysun mənə qarşı nalayiq ifadələr işlətdi və həmin ifadələrdən hiddətləndiyimə görə özümə məxsus olan otaqda Aysunla birgə çəkilmiş fotomuzu vurub sındırdım. Lakin həmin vaxt işçilərin ünvanına hər hansı nalayiq ifadə işlətməmişəm. Daha sonra ortaq istifadə etdiyimiz notbuku içərisində mənə məxsus olan şəxsi məlumatları köçürmək məqsədilə götürərək obyekti tərk etdim. Özümə məxsus olan məlumatları götürdükdən sonra həmin notbuku vəkilim vasitəsilə geri qaytardım.
Daha sonra Aysun Cəlilova ilə münasibətləri aydınlaşdırmaq və yenidən barışıq əldə etmək üçün onunla əlaqə yaratmağa çalışsam da, səylərim nəticəsiz qaldı. Sonra polis əməkdaşları tərəfindən polis bölməsinə izahatımın alınması məqsədilə dəvət olundum. Mayın 24-də saat təxminən 16 radələrində polis bölməsinə getdim və orada izahatım alınaraq barəmdə protokol tərtib olundu. Halbuki tərəfimdən hər hansı nalayiq ifadə işlədilməyib, Aysun Cəlilovaya hər hansı xəsarət yetirilməyib. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edirəm”.
Zərərçəkmiş şəxs qismində izahat verən Aysun Cəlilova isə boşandıqdan sonra Eşqinin mübahisələr yaratdığını bildirib. O, Eşqinin ilk dəfə 27 apreldə adıçəkilən salona gələrək digər şəxsləri təhqir etdiyini, nəticədə müştərilərin obyekti tərk etdiyini bildirib:
“Növbəti dəfə isə 7 may 2023-cü il tarixdə Eşqin yenidən gözəllik salonuna gəldi, orada yenə təhqirlər səsləndirərək qolumdan tutaraq itələməyə başladı və xəsarət yetirdi. Bununla kifayətlənməyərək masaüstü notbuku da götürərək obyekti tərk etdi”.
Ekspertizanın 24 may tarixli rəyində Aysunun sağ əlində xəsarətin olması və bu xəsarətin mayın 7-də əmələ gələ bilməsi qeyd edilib.
Məhkəmənin qərarı ilə Eşqin Cəlilova 30 sutka müddətinə inzibati həbs cəzası verilib.
11:44
Rəqsanə İsmayılovanın keçmiş kürəkəni Eşqin Cəlilov müğənninin qızı Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunub.
“Qafqazinfo” xəbər verir ki, Eşqin Cəlilov dünən Aysun İsmayılovanın sahibi olduğu gözəllik salonuna gedərək keçmiş xanımını orada döyüb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Cəlilov 30 sutka inzibati qaydada həbs edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl müğənni R.İsmayılova sosial şəbəkə hesabında canlı yayımda qızı Aysunun Eşqin tərəfindən döyülüb-söyüldüyünü bildirmişdi.
11:12
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs olunub.
Olay.az xəbər verir ki, E.Cəlilov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Aysunla Eşqin ötən ilin avqustunda ailə qurub. Onlar bir müddət əvvəl 8 aylıq evliliklərini sonlandırdıqlarını açıqlayıblar.
Rəylər