Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Həmkarları Pərvini ağ yuyub, qara sərdilər: “Pul verib çəkildiyi rollar sayılmır, istedadı varsa...” - FOTO
Bir müddət öncə “Şourum” verilişinə danışan aktrisa Pərvin Abıyeva həmkarlarından heç birinin geyim tərzini bəyənmədiyini və onlarda zövqün çatışmadığını bildirib. Bu isə onun həmkarlarını özündən çıxarıb.
Bununla bağlı Oxu.Az-a açıqlama verən aktrisa Arzum Kərimova Pərvini ağ yuyub, qara sərib:
“Pərvini bir xanım kimi bəyənirəm, şarmlı, özünə baxan xanımdır. Amma bundan əlavə, aktrisa kimi də öz üzərində işləsə, daha yaxşı olar. Yəni tək geyimləri üzərində deyil, aktrisalığı üzərində də işləsə, aktyorluq qabiliyyətini yüksəltsə, daha da yaxşı olar. Mən qalmaqallardan uzaq adamam, belə boş-boş iddialara da sərf edəcək vaxtım yoxdur. Mənim üstümə istedadla gəlsinlər, bax, buna deyərəm, hə. İstedadı varsa, ondan danışsın. Zövqə gəlincə, zövqlər müxtəlifdir. Pərvinin də illər öncə çəkilən şəkillərinə, əvvəlki görünüşünə baxsaq, məlum olacaq ki, o dediyi kimi də deyil. Yəni mənə istedadı ilə, hansısa bir uğurlu rolu ilə gəlsin. Desin ki, baxın, mən bu rolun öhdəsindən layiqincə gəldim. Yoxsa, pul verib çəkildiyi rollar sayılmır. Bunun üçün xüsusi istedad, qabiliyyət lazım deyil”.
Pərvinin bu sözlərini aktrisa Çimnaz Sultanovaya ünvanlandığını düşünənlər də olub. Aktrisa Ç.Sultanova isə Pərvinin bu sözlərinin ona ünvanlanmadığını bildirib:
“Mən heç düşünmürəm ki, Pərvin məni nəzərdə tutub. Pərvin mənim şəxsiyyətimə, mənim özümə heç nə deməyib. Deyə də bilməz. Pərvinlə gözəl münasibətimiz var. Hər kəsin öz zövqü var, öz zövqlərinə görə də geyinirlər. Qoy heç kimin xətrinə dəyməsin, amma ən zövqlü mənəm (gülür)”.
Modelyer, dizayner Şəlalə Maqsudova da Pərvinin fikri ilə razılaşmayıb:
“Pərvinin fikri ilə razı deyiləm, yanlış fikirdir. Bir az özündən razı dedi ki, zövqsüzdürlər. Düzdür, zövqsüz nümunələr də çoxdur. Ancaq zövqlü geyinən aktrisalarımız da var. Məsələn, Sənubər İsgəndərli gözəl geyinir. Məleykə Əsədovanın da bir çox geyimləri gözəldir”.
Aktrisa Zarina Qurbanova da Pərvinin fikri ilə razılaşmayaraq, zövqlü geyinənlər var deyib:
“Bu onun subyektiv fikiridir. Mən elə fikirləşmirəm. Mənə görə, zövqlü geyinənlər də var. Bəziləri deyir ki zövq pula bağlıdır, mənə görə pula bağlı deyil. Pullu olub zövqsüz də olmaq olar, pulsuz olub zövqlü olmaq da olar. Zövqdən əlavə paltarı daşımaq söhbəti var. Bədəni yaxşıdırsa, öz üzərində işləyirsə, gözəl də daşıyacaq. Çox davalara qarışmaq istəmirəm. Sonra hamısı cumur, aləmi qatırlar bir-birinə. Bekar adamlardır. Mən işimlə cavab verirəm. Mənə qalanda - o tip aktrisalardanam ki, gərək çox böyük bir qala gecəsi olsun ki, mən hündürdaban ayaqqabı geyinim. Hətta sonuncu qala gecəmdə, film təqdimatımda belə altı düz sport ayaqqabı geyinmişdim. Mənim üçün hər şeydən öncə rahatlıqdır. İnsan özünü rahat hiss etdikdə gözəlliyini də əks etdirəcək. İnsan görüntüyə yox, öz rahatlığına diqqət etməlidir ki, ruhu yorulmasın”.
Aktrisa Arzu Abdulova isə “Mənə Pərvinlə bağlı, ümumiyyətlə, heç nə maraqlı deyil”, - deyə cavab verib.
Dilşad Bəhruzqızı
Rəylər