Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ayxan Hacızadə: "Avropa ölkələrinə viza müraciəti üzrə qərar 10 gün ərzində verilməlidir"
"Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri arasında mütəmadi əsasda saziş layihəsi üzrə təkliflər mübadiləsi həyata keçirilir və şərhlər təqdim edilir".
Bu fikirləri "Report"a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
İdarə rəisi müsahibəsində İrəvanla Bakı arasında dayanıqlı sülhün imzalanması üçün atılmalı olan addımlar, iki ölkənin XİN başçılarının növbəti görüşü, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizi, mina xəritələri, Fransa-Azərbaycan münasibətləri, Azərbaycan və Gürcüstan arasında açıq qalan delimitasiya prosesi, BRICS-ə üzvlüyün Azərbaycana nə vəd edəcəyi və digər bir sıra məsələlərdən danışıb.
- Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə mütəmadi olaraq sülh müqaviləsinin təməlini təşkil edəcək təkliflər layihəsi göndərirlər. Bu təkliflər layihəsində tərəflərin ortaq məxrəcə gələ bilmədiyi məsələlər nədən ibarətdir? Ümumiyyətlə, Azərbaycan-Ermənistan sülh prosesində son vəziyyət necədir?
- 44 günlük Vətən müharibəsindən sonra məhz Azərbaycan tərəfi beş baza prinsipi olmaqla Ermənistanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması təklifi ilə çıxış edib, Azərbaycan tərəfindən təklif olunmuş ilk layihə üzrə 2022-ci ilin oktyabr ayından xarici işlər nazirləri arasında danışıqlar aparılıb.
Bununla yanaşı, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri arasında mütəmadi əsasda saziş layihəsi üzrə təkliflər mübadiləsi həyata keçirilir və şərhlər təqdim edilir. İndiyə qədər 10 belə mübadilə təşkil olunub. Sonuncu dəfə Azərbaycan tərəfindən iyun ayında təklif olunmuş şərhlərə Ermənistan tərəfi avqust ayının sonunda, təqribən 70 gün sonra şərhlərini göndərib. Ümumilikdə, son bir neçə həftə ərzində Ermənistan rəsmiləri bu istiqamətdə daha çox ziddiyyətli bəyanatlar səsləndirməklə kifayətlənirlər. Sülh prosesinin reallıqlarını təhrif edir və bu istiqamətdə müvafiq şərhlərlə çıxış edirlər.
İrəvan təklif edir ki, hazırda razılaşdırılmış müddəalar saxlanılmaqla Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansın. Ancaq bunun məqbul variant olmadığı Azərbaycan tərəfindən bir neçə dəfə bildirilib. İstənilən saziş layihəsi üzrə belə bir qayda var ki, hər şey razılaşdırılmadan heç nə razılaşdırılmış hesab olunmur. Layihə üzrə danışıqlar qapalıdır və təfərrüatı geniş ictimaiyyətə açıq deyil. Ancaq onu qeyd edə bilərik ki, layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni layihənin təqribən 80%-i razılaşdırılıb, bəzi müddəalar isə razılaşdırılmayıb, yəni yekun razılaşma yoxdur. Amma bu o demək deyil ki, Ermənistan tərəfin təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Çünki sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir. Saziş layihəsi üzrə açıq qalan müddəaların müzakirəsinə ehtiyac var. Ümumiyyətlə isə saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən konstitusiyasında müvafiq dəyişikliklər etməlidir. Ermənistan tərəfindən qanunvericilik aktlarında ərazilərimizə qarşı davam edən iddialara son qoyulmadıqca iki ölkə arasında həqiqi sülhdən söhbət gedə bilməz.
- Razılaşdırılmamış məsələlərin müzakirəsi üçün Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü gözlənilirmi və bu görüşün harada təşkil olunması nəzərdə tutulub?
- Sonuncu dəfə xarici işlər nazirlərinin görüşü ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə 2024-cü il iyulun 10-da Vaşinqtonda keçirilib. Bundan əvvəl 10-11 may 2024-cü il tarixlərində xarici işlər nazirləri arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb. Bu görüşlər çərçivəsində saziş layihəsi üzrə açıq qalan məsələlər müzakirə edilib və layihə üzrə danışıqların davam etdirilməsinin zəruri olduğu bildirilib. Ancaq hazırda sülh sazişi üzrə növbəti görüşün məkanı və tarixi barədə hər hansı bir qərar yoxdur. Sadəcə, onu deyə bilərik ki, Azərbaycan hər zaman danışıqlar prosesinin davam etdirilməsində maraqlı tərəf olub.
- Zəngəzur dəhlizi ilə bağlı da məlumat almaq istərdik. Dəhlizin açılması mümkün görünürmü? Əgər hazırkı mərhələdə mümkün görünmürsə, qarşısındakı maneələr nədən ibarətdir?
- Azərbaycan daim bölgədə kommunikasiya xətlərinin açılmasında maraqlı tərəf olub. Üçtərəfli Bəyanat çərçivəsində uzun müddət bu prosesin irəlilədilməsinə səy göstərilib. Ermənistan tərəfi isə hansı açıqlamalar verməsindən asılı olmayaraq, öz üzərinə bu istiqamətdə müəyyən öhdəliklər götürüb. Üçtərəfli Bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarətin necə təşkil olunacağı açıq-aydın yazılıb. Ancaq Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərini son dörd ilə yaxın müddətdə yerinə yetirməyib.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müvafiq infrastruktur, nəqliyyat layihələrinin həyata keçirilməsində daim maraqlı olub, bu istiqamətdə işlər görüb və davam etdirir. Ermənistan tərəfi isə son dörd ildə ancaq bu prosesə maneə törətməyə cəhd göstərib. Bunun müqabilində isə Azərbaycan kommunikasiya layihələrinin açılması üçün alternativ variantların da hazırlanması üzərində çalışıb. Elə bu fonda Azərbaycanın İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yollarının çəkilməsi barədə əldə olunmuş razılaşma və bu istiqamətdə aparılan işlər bir daha göstərir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin inkişafına müsbət töhfə verməkdədir.
Əgər Ermənistan tərəfi, həqiqətən də, bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ermənistan tərəfi göstərdiyi qeyri-konstruktiv mövqe ilə növbəti dəfə özünütəcrid siyasəti apardığını nümayiş etdirir.
- Bəs Ermənistanın Azərbaycana mina xəritələri verməsi məsələsi nə yerdədir? Bu istiqamətdə bir irəliləyiş varmı?
- Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkən, çoxsaylı mina qurbanları verən ölkəmiz mina təhlükəsi ilə mübarizə məsələsini daim gündəmdə saxlayır. Çünki postmünaqişə dövründə mülki əhalinin qayıtması və təhlükəsiz yaşaması üçün əsas şərtlərdən biri ərazilərin minalardan təmizlənməsidir.
44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə, Ermənistan, üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2 700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardandır. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.
Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində, demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları nəticəsində postmünaqişə dövründə 377 azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 54-ü mülki şəxs, 15-i hərbi qulluqçu olmaqla 69 nəfər həlak olub. Bu kimi hadisələrə son qoymaq, mina təhdidlərini aradan qaldırmaq üçün əsas şərtlərdən biri Ermənistanın mina xəritələrini təhvil verməsidir.
İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkanlarda baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyini sübut edir.
Bu təhdidə son qoymaq məqsədilə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsinə dair Azərbaycan tərəfindən dəfələrlə edilən çağırışlara baxmayaraq, bu ölkə uzun müddət ərzində, ümumiyyətlə, belə xəritələrin mövcudluğunu inkar edib. Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunmuş, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25% təşkil edib. Son dövrlərdə baş verən mina hadisələrinin 55%-dən çoxu təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarda baş verib.
Biz Ermənistan tərəfindən mina xəritələrinin təqdim olunması, eləcə də Azərbaycanda mina təhdidinin aradan qaldırılması istiqamətində dəstək göstərmək üçün ardıcıl tədbirlər görülməsi məqsədilə beynəlxalq ictimaiyyətə mütəmadi çağırışlar edirik, çoxtərəfli və ikitərəfli formatlarda bu məsələ daim gündəmdə saxlanılır.
- Bütün bu proseslərin fonunda bilmək istərdik ki, COP29-la bağlı Ermənistanla hansısa əlaqələr qurulurmu? Ermənistandan bu tədbirdə hansı səviyyədə iştirak gözlənilir?
- Məlum olduğu kimi, ötən ilin dekabr ayında əldə olunmuş razılığa əsasən, Ermənistan tərəfi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə namizədliyini dəstəkləyib. Bunun əvəzində Azərbaycan tərəfi də Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyib.
Qarşıdan gələn noyabr ayında onminlərlə iştirakçı iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya səfər edəcək. Bu məqsədlə Ermənistan daxil olmaqla bütün ölkələrə dəvət göndərilib. Ancaq Ermənistan tərəfinin COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə Azərbaycan tərəfində hər hansı bir məlumat mövcud deyil. Emənistanın baş naziri Nikol Paşinyan da bu barədə açıqlamasında qəti fikir bildirməyib.
- Azərbaycanın qonşuları arasında həm də Gürcüstanla münasibətlərdə maraq doğuran məqamlar var. Məsələn, Azərbaycan və Gürcüstan arasında demarkasiya prosesi hələ də tam başa çatmayıb. Maraqlıdır, hazırda proseslə bağlı danışıqlar nə yerdədir?
- Azərbaycan-Gürcüstan əlaqələri əsrlər boyu mehriban qonşuluq və qarşılıqlı anlaşma şəraitində inkişaf edib. Qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Strateji əhəmiyyət daşıyan və birgə həyata keçirdiyimiz nəqliyyat, enerji və digər infrastruktur layihələri ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, daha geniş regionda önəmli amil rolunu oynayır və əvəzolunmaz imkanlar açır.
Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə gəldikdə qeyd edək ki, bu olduqca zaman alan məsələdir. 1996-cı ildən etibarən iki ölkə arasında müvafiq komissiya delimitasiya üzrə iş aparır və indiyə qədər sərhədlərin üçdəiki hissəsi razılaşdırılmış hesab olunur.
Hesab edirik ki, Azərbaycan-Gürcüstan sərhəd xəttində mübahisəli deyil, razılaşdırılmamış məsələlər var. Bu da təbiidir. Çünki sərhəd məsələsi hər bir dövlət üçün vacib, eyni zamanda da mürəkkəb məsələdir. Odur ki, sərhəd xətti elə müəyyən edilməlidir ki, ona bir daha qayıdılmasın. Bu istiqamətdə hazırda işlər davam etdirilir.
- Bu gün gündəmdə olan məsələlərdən biri də Ermənistanın silahlanmasıdır. Bu prosesə əsas dəstək göstərən ölkələrdən biri, bəlkə də, birincisi Fransadır. Ümumiyyətlə, Azərbaycan və Fransa münasibətləri hazırda heç də ürəkaçan deyil. Fransa rəsmiləri tez-tez müsahibələrində Azərbaycan əleyhinə fikirlər səsləndirirlər və s. Bu gərginliyin həll yolu olduğunu düşünürsünüzmü?
- Fransanın 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra açıq-aşkar şəkildə anti-Azərbaycan mövqeyi tutması təəssüf doğurur. Fransanın hərəkətləri Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında münasibətlərin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşməsinə töhfə verir.
Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında, Frankofoniya təşkilatında və digər beynəlxalq platformalarda Azərbaycana qarşı təşəbbüsləri bu ölkənin neytral vasitəçi olması iddialarının tamamilə əsassız olduğunu sübut edib.
Fransanın Azərbaycana qarşı ittihamlarına baxmayaraq, bizim Fransaya qarşı atdığımız addımlar və rəsmi bəyanatlarımız yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub.
Tərəfimizdən dəfələrlə bəyan olunduğu kimi, Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda da ölkəmizə və digər qonşularına qarşı ərazi iddialarını davam etdirən Ermənistanın hərbi potensialının gücləndirilməsi sülh və sabitliyə təhdiddir və Ermənistanın bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək.
Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar.
Azərbaycana qarşı qarayaxma kampaniyasına baxmayaraq, dialoq kanalları həmişə bizim tərəfimizdən açıq saxlanılıb. Biz Fransa tərəfinin Azərbaycana qarşı hərəkətlərindən əl çəkəcəyini, bizə qarşı olan və regional sabitliyi pozan siyasətinə son qoyacağını gözləyirik.
- Azərbaycanın xarici siyasətində son vaxtlar əsas diqqətçəkən mövzulardan biri də BRICS-ə üzvlük üçün müraciət edilməsidir. BRICS-ə qoşulmaq Azərbaycana nə vəd edir?
- BRICS təxminən 18 ildir fəaliyyət göstərən beynəlxalq hökumətlərarası bir əməkdaşlıq platformasıdır. BRICS-də hazırda Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri üzvdürlər. BRICS dünyanın 30%-dən çox ərazisini, təxminən 43% əhalisini və 26% ümumi daxili məhsulunu (ÜDM) əhatə edir. Təşkilata üzv dövlətlər böyük təbii resurslara, böyük daxili bazara və əmək rezervlərinə, bir sıra üzvləri yüksək texnoloji sənayeyə malik ölkələrdir. BRICS-də BMT TŞ, "Böyük 20"lik, Qoşulmama Hərəkatı, Afrika Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional strukturlarına üzv olan dövlətlər bir araya gəlmişlər. Bütün bunlarla BRICS beynəlxalq münasibətlər sistemində özünəməxsus çəkiyə malik bir təşkilata çevirib.
BRICS çərçivəsində əməkdaşlıq daxili işlərə qarışmamaq, bərabərlik və qarşılıqlı mənfəətə əsaslanır. BRICS-in sənədlərində dövlətlərin suveren bərabərliyi və bir-birinin işlərinə qarışmamaq prinsipləri, ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülh və təhlükəsizliyin bərqərar olması üçün birgə işləmək qətiyyəti izhar olunur.
BRICS çərçivəsində genişspektrli əməkdaşlıq istiqamətləri mövcuddur. Ümumilikdə, BRICS çərçivəsində üç əsas istiqamət - siyasi və təhlükəsizlik, maliyyə və iqtisadi, mədəni və xalqlar arasında münasibətlər üzrə əməkdaşlıq aparılır. Bununla bağlı BRICS-in müxtəlif təsisatları, işçi qruplar, bank-maliyyə qurumlarından başlayaraq "Academic Forum" və "Think Tanks Council" kimi əməkdaşlıq mexanizmləri mövcuddur. BRICS əməkdaşlığının sahələri qismində o cümlədən terrorizm, kütləvi qırğın silahları, narkotiklərin qeyri-qanuni dövriyyəsi, kibercinayətkarlıq, iqlim dəyişikliyi, postpandemiya dövrünün çətinlikləri kimi təhdid və çağırışlar ilə mübarizəni göstərmək olar.
Azərbaycan regionda etibarlı tərəfdaş olmaqla beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunub-saxlanmasına töhfə verməkdə davam edir, beynəlxalq hüququn aliliyinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirir. Bu məqsədlə bir çox beynəlxalq çoxtərəfli platformalarda əməkdaşlığımız inkişaf etdirilir və dərinləşdirilir.
Ölkəmiz BRICS-ə üzvlük üçün rəsmi müraciəti cari ilin 2 aprel tarixində təşkilatın sədrinə göndərib. Bununla yanaşı, Azərbaycandan əlavə, 30-dan artıq ölkə təşkilata qoşulmaq üçün müraciət ünvanlayıb. Ümumilikdə, təşkilatda dünya iqtisadiyyatında əhəmiyyətli çəkiyə malik ölkələrin və fərqli coğrafiyaların təmsil olunması təşkilata artan maraqdan xəbər verir və maraqlı tərəflərdən biri də Azərbaycandır.
- Cari ilin fevral ayında Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov Kabildə Azərbaycan səfirliyinin açılması ilə bağlı rəsmi məktubu bu ölkənin xarici işlər naziri Mövləvi Əmir Xan Müttəqiyə təqdim etdi. "Taliban" rejimi hakimiyyətə gəldikdən sonra Azərbaycan-Əfqanıstan diplomatik münasibətlərində dəyişikliklər nədən ibarətdir?
- Əfqanıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. İki ölkə arasında diplomatik münasibətlər isə 16 noyabr 1994-cü ildə qurulub. Əfqanıstanın Azərbaycanda səfirliyi 2012-ci ilin noyabr ayından bəri fəaliyyət göstərir. Ölkəmizin Əfqanıstanda səfirliyinin təsis edilməsi haqqında Milli Məclisin qərarı isə 2020-ci il 30 dekabr tarixində qəbul olunub. İlham Məmmədov Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub və cari ilin fevral ayında Kabildə Azərbaycan səfirliyinin açılması ilə bağlı rəsmi məktubu bu ölkənin xarici işlər naziri Mövləvi Əmir Xan Müttəqiyə təqdim edib.
Azərbaycanla Əfqanıstan arasında uzun illər ərzində genişmiqyaslı əməkdaşlıq əlaqələri mövcud olub. Hesab edirik ki, səfirliyimizin fəaliyyətə başlaması ilə müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var və əlaqələr daha da inkişaf edəcək.
- Azərbaycanın digər ölkələrdə də yeni səfirlik və konsulluq xidmətinin açılması gözlənilirmi?
- Azərbaycanın xarici ölkələrdəki missiyalarının gücləndirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzində olub. Bununla yanaşı, Azərbaycan üçün əhəmiyyət daşıyan ölkələrdə diplomatik təmsilçiliklərinin sayının artırılması da əsas prioritetlərdən olub.
2023-cü ildə yeni diplomatik missiyaların açılması işi davam etdirilib. Azərbaycanın Slovakiyada (Bratislava şəhərində) səfirliyi təsis edilib. 29 mart 2023-cü il tarixində ölkəmizin İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin açılış mərasimi keçirilib. Bununla yanaşı, Azərbaycanın Fələstin Dövlətinin Ramallah şəhərində Təmsilçilik Ofisi fəaliyyətə başlayıb.
Ümumilikdə, Azərbaycanın xaricdə diplomatik missiyalarının ümumi sayı 91-ə çatıb. Bu il, həmçinin, Azərbaycanın Oman və Tailanda səfirləri təyin edilib və onlar artıq fəaliyyətə başlayıblar.
- Son olaraq Şengen vizası barədə məlumat almaq istərdik. Mütəmadi olaraq Azərbaycan vətəndaşları sosial media platformalarında Şengen vizasının alınmasında üzləşdikləri süni çətinliklərdən şikayətlənirlər. Azərbaycan XİN vəziyyətin sıravi vətəndaşlar üçün asanlaşdırılması istiqamətində Aİ ölkələrinin buradakı səfirlikləri ilə hansısa danışıqlar və məsləhətləşmələr aparırmı?
- Azərbaycan vətəndaşlarının xüsusilə Şengen ölkələrinə səfər üçün viza müraciətlərində üzləşdikləri çətinliklərdən xəbərdarıq. 2013-cü il noyabrın 29-da imzalanmış "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" Saziş əsasında təsis edilmiş Avropa İttifaqı-Azərbaycan arasında Birgə Viza Sadələşdirilməsi Komitəsi, o cümlədən Avropa İttifaqına üzv dövlətlər ilə keçirilən ikitərəfli görüşlər və Konsulluq məsləhətləşmələri çərçivəsində qeyd olunan problemlər dəfələrlə tərəfimizdən gündəmə gətirilib.
Xüsusilə nəzərinizə çatdırmaq istərdik ki, qeyd etdiyimiz sazişin 7-ci maddəsinin 1-ci bəndinə əsasən, sazişə tərəf olan ölkələrin diplomatik missiyaları və konsulluq bölmələri vizanın rəsmiləşdirilməsi üçün ərizənin və tələb olunan sənədlərin qəbulu tarixindən 10 təqvim günü ərzində vizanın rəsmiləşdirilməsi müraciəti ilə əlaqədar qərar qəbul etməlidirlər. Həmin maddənin 3-cü bəndinə əsasən isə ərizəçilərdən ərizənin təqdim edilməsi üçün görüş təyin edilməsi tələb olunduğu təqdirdə görüş, bir qayda olaraq, görüş üçün edilmiş müraciət tarixindən etibarən iki həftə ərzində baş tutmalıdır. Bu məsələlər daim Xarici İşlər Nazirliyinin diqqətində saxlanılır.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ