Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bu gün Xalq artisti Yaşar Nurinin doğum günüdür
Bu gün görkəmli teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Yaşar Nurinin doğum günüdür.
1951-ci il sentyabr ayının 3-də Bakıda, tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gələn sənətkar özünəməxsus milli koloriti ilə seçilən, lirik, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, hamının sevimlisi idi.
Aktyorun atası Azərbaycan kino və teatr tarixində çoxsaylı rolların mahir ifaçısı olub. Hər birimizin sevə-sevə izlədiyi "Yeddi oğul istərəm", "Ulduz", "Uşaqlığın son gecəsi", "Sehrli xalat" və s. filmlərdə rol alan Məmmədsadıq Nuriyevin aktyorluq istedadı, sözsüz ki, övladı Yaşar Nuriyə sirayət edib və hər iki sənətkar kino və teatr tarixində unudulmaz rolların mahir ifaçısına çevrilib.
Yaşar Nuri hələ kiçik yaşlarından səhnədə rol alıb. İlk dəfə on bir yaşı olarkən "Toy kimindir?" tamaşasında "Tapdıq" rolu ilə səhnədə rol alan unudulmaz aktyorumuz Yaşar Nuri televiziyada "Yelkən" verilişinin aparıcısı olub, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişlərində iştirak edib. Onun yaradıcılıq arealı bununla məhdudlaşmır. Dəyərli sənətkarımız müxtəlif dram dərnəklərində iştirak edib, görkəmli kino və teatr xadimlərimizdən dərs alıb.
Aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub. Sevilən sənətkarımızın Azərbaycan teatr səhnəsində "Övlad" komediyasında "Silva", "Bağlardan gələn səs" dramında "Pərviz", "Ölülər" əsərində "Məşədi Oruc", "Od gəlini" dramında "Altunbay", "Büllur sarayda" pyesində "Bayandur", "Bizim qəribə taleyimiz" pyesində "Davud", "Bəşərin komediyası və yaxud Don Juan" əsərində "Sqanarel", "Dəli yığıncağı" faciəsində "Sərsəm Salman", "Fəryad" əsərində "Rəhman", "Mesenat" əsərində "Ağamusa Nağıyev", "Sevil" əsərində "Əbdüləli bəy", "Qanlı Nigar" pyesində "Abdi", "Gülüstanda qətl" pyesində "Şahməmməd İsmiyeviç", "Afət" əsərində "Xandəmir" və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.
Yaşar Nuri, eyni zamanda, hamı tərəfindən sevilərək izlənilən televiziya tamaşalarında da yadda qalan obrazların görkəmli ifaçısıdır. Çoxlarımız Yaşar Nurinin baş rol ifaçısı olduğu tamaşaları sevə-sevə izləyirik. Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasının hazırladığı "Yollar görüşəndə", "Ömrün yolları", "Qatarda", "Evləri köndələn yar", "Qonşu qonşu olsa", "Kökdən düşmüş piano", "Topal Teymur", "Yarımştat", "Ac həriflər", "Göz həkimi", "Yaşıl eynəkli adam", "Səni axtarıram" trilogiyasında və bir çox teletamaşalarda bənzərsiz rolların mahir ifaçısına çevrilib. Bir çoxunun yaddaşında Yaşar Nuri "tamada Surxayzadə", "Gülərin Həsənağası", "Gülnarın Elçini", "çəkməçi Dadaşov", "ac həriflərin Həsən dayısı", "fotoqraf Əli bəy" və digər obrazlarda qalıb. Bu da aktyorun istənilən obrazı yaddaqalan və unudulmaz canlandırmasından irəli gəlir.
Böyük sənətkarın aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız "Dörd bazar günü", "Bəyin oğurlanması", "Ad günü", "Yol əhvalatı", "Yaramaz", "Yuxu", "Hər şey yaxşılığa doğru", "Lətifə", "Qətl günü", "Fransız", "Yoxlama" və s. filmlərdə rol alıb.
O, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda "Subaylarınızdan görəsiniz" tamaşasına quruluş verib, kinoda isə "Spasibo" filmini çəkib.
Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də dünyasını dəyişib. İkinci Fəxri xiyabanda dəfn edilib.
"Azərbaycan Respublikasının Xalq artisti" teqi üzrə xəbərlər
- Natiq Şirinovun oğlu təcili əməliyyat olundu
- Şəhid atası olan Xalq artisti: "Müharibə başlayanda könüllü olaraq döyüşlərə yollandı"
- Elza Seyidcahan: "İlhamə Quliyeva üçün ağlamağa dəyməz"
- Ağadadaş Ağayev məhkəmədə iştirak etmədi, həbsi tələb olundu
- Azərbaycanın Xalq artisti Şahlar Quliyev dəfn edildi
Rəylər