Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Aleksey Vedev: “Neftin qiyməti 150 dollara qədər qalxa bilər” - RF-dən MÜSAHİBƏ
Keçən ilin sonunda Danimarka investisiya bankı “Saxo Bank” 2024-cü il üçün proqnozunu dərc edib və bu proqnoza neft qiymətləri də daxildir. Ekspertlərin fikrincə, neftin bir barelinin maya dəyərinin 150 dollara qədər artacağını proqnozlaşdırmaq olar (hazırda “Brent” markalı neftin bir bareli təxminən 75 dollardır).
Bu xəbəri Oxu.Az-a şərh edən iqtisad elmləri doktoru, E.T.Qaydar adına İqtisadi Siyasət İnstitutunun maliyyə tədqiqatları laboratoriyasının rəhbəri, Rusiya İqtisadi İnkişaf Nazirliyinin keçmiş rəis müavini Aleksey Vedev qeyd edib ki, bəzi investisiya banklarının proqnozlarının əsas hədəfi həddindən artıq PR və diqqəti özünə cəlb etməkdir:
- Cəmi beş il əvvəl fəal şəkildə yaxın 15 ildə neftin qiymət dəhlizinin bir barel üçün 40-60 dollar olacağını, yəni aşağı qiymətlərin uzunmüddətli olacağını proqnozlaşdırır və yazırdılar. Amma biz bunun əksini gördük.
Təbii ki, neftin qiyməti ilə bağlı proqnoz vermək çətindir, amma əgər söhbət “Brent”dən gedirsə, o zaman düşünürəm ki, gələn il qiymətlərin bir barel üçün 70-85 dollar olacağını gözləmək lazımdır və bu, daha bir neçə il davam edə bilər.
Əlbəttə, həyatda hər şey mümkündür, məsələn, neftin qiyməti artıq qeyd olunan 150 dollara qədər qalxa bilər, amma mən bunu gözləmirəm. Amma eyni zamanda neftin qiymətində kəskin eniş də gözləmirəm.
- Başa düşdüyüm qədər, bu ssenaridə Azərbaycan, Rusiya və Qazaxıstanın neft hasil edən şirkətlərinin neft gəlirlərinin azalması və bunun səbəb olduğu nəzəri iqtisadi kataklizmlər təhlükəsi yoxdur?
- Bəli, məhz bunu nəzərdə tuturam. Mən öz nöqteyi-nəzərimdən ən çox ehtimal olunan ssenarini səsləndirdim. Bir barel üçün 70-85 dollar hər kəsə uyğun qiymətdir. Buna görə də, mümkün geosiyasi risklərə baxmayaraq, ölkələrimiz üçün müəyyən qiymət sabitliyini gözləyirəm.
- Bəs döyüşlərin getdiyi Yaxın Şərqdəki hadisələr, yəmənli husilərin Bab-əl-Məndəb boğazındakı hücumları, İranın müharibəyə cəlb olunma ehtimalı - bu amillər hansısa şəkildə qiymətlərə təsir edirmi?
- Şübhəsiz ki, təsiri var. Amma sizə xatırlatmaq istərdim ki, bir barelin maya dəyərinə daha çox şist neftinin hasilatı və dəyişməkdə olan mühitə kifayət qədər çevik reaksiya verən kiçik neft şirkətlərinin inkişafı təsir edir.
Geosiyasi təhlükələr həmişə mövcuddur və neft qiymətlərinə təsir edir, lakin yeni texnologiyalar bu riskləri kompensasiya edir.
- Keçən il Beynəlxalq Enerji Agentliyinin qiymətlərin artması ilə bağlı bəyanatı var idi. Bu səbəbdən OPEK neftin qiymətinin artmasından ehtiyatlı olmalıdır. Çünki bu, qlobal iqtisadiyyata zərər verə bilər və neftəsaslı yanacaqlardan yaşıl enerjiyə keçidi sürətləndirə bilər. Yəni qiymətlərin artması yanacağa tələbi azalda bilər və istehlakçıları elektrik enerjisi və digər bərpa olunan enerji mənbələrindən istifadə etməyə sövq edə bilər.
- Hesab edirəm ki, biz yaşıl enerjiyə kəskin keçidi gözləməməliyik. Bundan əlavə, bir çox dövlətlər artıq bundan məyus olublar, çünki indi onun əldə edilməsi çox bahadır. Bahalı enerji rəqabət üstünlüklərinin itirilməsi və xərclərin artması deməkdir. Son illərin praktikası göstərdi ki, OPEC+ (buraya Azərbaycan da daxildir - red.) balanslaşdırılmış siyasət aparır. Son iki ildə yaşadığımız neftin qiymət dəhlizi - bir barel üçün 75-85 dollar - həm tələb, həm də təklif baxımından kifayət qədər normaldır. Hesab edirəm ki, bu OPEC+ siyasəti gələn ildə də davam edəcək.
- Eyni zamanda Azərbaycan yaşıl enerjini inkişaf etdirir, bu il ölkəmiz mühüm tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının COP29 Tərəflərinin Konfransına ev sahibliyi edəcək...
- ... və bu çox vacib və düzgündür. Yaşıl enerji, neft gəlirlərinin toplandığı milli fondlar şəklində “təhlükəsizlik yastığı” olan ixracatçı ölkələr üçün mütləq, ardıcıl və sistemli şəkildə məşğul olmalı olduqları mövzudur. Əsas odur ki, bu, heç bir struktur caşqınlığına səbəb olmasın. Lazım olan təkamüldür.
- Anqolanın bu yaxınlarda OPEK-dən çıxması barədə nə düşünürsünüz? Bu, təşkilatı zəiflədəcəkmi?
- Hesab edirəm ki, OPEC-in və onun genişləndirilmiş OPEC+ versiyasının özəyini monetar maraqlar klubu təşkil edir. Hətta bu qrupa daxil olmayan ölkələr də neft hasilatına müəyyən məhdudiyyətlər qoyacaqlar. Axı qiymət sabitliyi qlobal iqtisadiyyatı ləngitməmək üçün son dərəcə vacibdir. Bunun fonunda hər kəs üçün kifayət qədər rahat qiymət diapazonunu saxlamaq da şərtdir. Bir ölkənin getməsi OPEK-in və bu təşkilatdan kənar ölkələrin mövqeyinə təsir etməyəcək. Hər kəs gündəlik neft hasilatının həcmini razılaşdıracaq.
Nair Əliyev
"Anqola" teqi üzrə xəbərlər
- Azərbaycanla Anqola arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır
- Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşüb
- Anqolada qəribə hadisə: 50 nəfərin ölüm səbəbi hər kəsi heyrətləndirir
- Pedro De Morais Neto: “Seçkiyə marağın olması Azərbaycanda yaradılan vəziyyətlə əlaqəlidir”
- Azərbaycanda universal poçt rabitəsi xidmətləri üzrə tariflər təsdiq edilib - CƏDVƏL
Rəylər