Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azalıb - SƏBƏB
Azərbaycandakı əhaliyə Rusiya Federasiyasından pul köçürmələrinin həcmi cari ilin ilk yarımilində 287.05 milyon ABŞ dolları olub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında göstərilir.
Qeyd olunur ki, Azərbaycandan Rusiyaya köçürülmüş fiziki şəxslərin pul baratları illik müqayisədə 9.09 milyon (23.6%) azalaraq 29.4 milyon dollara düşüb.
"Halbuki, keçən ilin müvafiq dövründə 38.49 milyon dollar pul köçürülmüşdü. Beləliklə, Azərbaycana Rusiyadan daxil olan pul köçürmələri Rusiyaya olan köçürmələri 257.65 milyon dollar üstələyib", - deyə məlumatda bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu azalmadakı səbəbləri tam olaraq izah etmək mümkün deyil.
"Təəssüf ki, göndərilən pul baratlarının təyinatı barəsində heç bir məlumat Mərkəzi Bankın statistikasında, adətən bu pul köçürmə platformalarında qeyd edilmir, şəxsi köçürmə adı ilə edilir.
Bunun qeydiyyatı aparılmır və bu haqda cəmiyyətə də məlumat vermir. Buna görə də dəqiq hansısa səbəbləri sadalamaq mümkünsüzdür.
Amma ümumi olaraq bildiyimiz ondan ibarətdir ki, Azərbaycana gələn pul vəsaitlərini ənənəvi olaraq yarısından çoxu, bəzən 60-70 faizə qədəri Rusiyada yaşayan azərbaycanlıların payına düşür. Düzdür, bizdən də ora gedir, amma bu, çox kiçik məbləğlərdir, böyük məbləğlər deyil.
Rusiya iqtisadiyyatının 2023-2024-cü ilinə baxsaq, görərik ki, 2022-ci illə müqayisədə həm 2023-cü, həm 2024-cü ildə Rusiya iqtisadiyyatı artır. Maraqlıdır ki, burada hətta əməkhaqları da artım sürətinə görə Qərbi üstələyir. Yəni Rusiya iqtisadiyyatında heç bir geriləmə yoxdur.
Amma görünən nədir? Xüsusən də bu, Rusiyada "Crocus City Hall" da baş verən hadisədən sonra həm bu ölkədə işləyən azərbaycanlıların, həm də Mərkəzi Asiya - Tacikistan, Özbəkistan kimi ölkələrin vətəndaşlarının rahat işləməsinə qarşı problemlər çıxmağa başladı və bu da ciddi şəkildə onların işləməsinə və pul göndərməsinə problem yaratdı.
Yəni, yeganə faktor məhz "Crocus City Hall"da baş verən terror hadisəsidir ki, ondan sonra Rusiyada sənədləri qaydasında olmayan şəxslər iş məsələsində əziyyət çəkməyə başladılar. Tutaq ki, əvvəl ailəsini də yanlarına aparmışdılar, kimsə nəsə demirdi, indi problem yaradırlar ki, işləyirsən, buna görə sənə iş icazəsi verilir, yanındakıları geri qaytar.
Məncə, yeganə səbəb məhz bu məhdudiyyətlərdir ki, təkcə Azərbaycanda yox, Mərkəzi Asiyada da, Tacikistanda da, Özbəkistanda da bunun təsirləri hiss olunur. Terrordan sonra qanunsuz, iş icazəsi olmayan miqrantlara qarşı qaydaları sərt tətbiq edirlər. Qaydalar həmişə var idi, amma tətbiq etmirlər, amma indi sərt şəkildə tətbiq edirlər və bunun da təsiri bu statistikada özünü göstərir", - deyə iqtisadçı vurğulayıb.
Əzizə İsmayılova