Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qadınların pensiya yaşını azaltmaq mümkündürmü?
Pərviz Heydərov yazır...
Bu aydan, yəni cari ilin iyulun 1-dən ölkədə qadınlar üçün pensiya hüququ əldə etmək yaşı daha 6 ay artırılaraq 64 oldu. Beləliklə də, 1 iyul 2024 - 30 iyun 2025-ci ildə kişilər 65, qadınlar isə 64 yaşında pensiyaya çıxa biləcəklər. Hansı ki, kişilər üçün bu hədd artıq, 3 ildir təmin olunmuş sayılır.
"Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya hüququ əldə etmək üçün yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq hər il 6 ay artırılmaqla 2021-ci il iyulun 1-dək 65-ə çatdırılmalı idisə, qadınlar üçün bu, 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək nəzərdə tutulub.
Bu isə o deməkdir ki, qadınlar üzrə pensiya hüququ əldə etmək yaşı bundan sonra hələ daha iki dəfə 6 ay artırılacaq ki, 65 yaşa çatsın. Bu da 2027-ci ilin iyulun 1-dək çəkəcək.
Qeyd olunan məsələ ciddi mübahisə obyekti sayılır. Sual olunur, qadınların pensiya hüququ əldə etmək yaşının kişilərlə eyni yaşda nəzərdə tutulması görəsən, nə dərəcədə məntiqidir? Bunu düzgün hesab etmək olarmı?
Sözsüz ki, yox. Qadınlar kişilərdən fərqli olaraq daha tez yaşda pensiya hüququ əldə etməlidirlər. Çünki qadınlar zərif cinsin nümayəndələri olduqlarından, ailədə aparıcı qüvvə sayıldıqlarından, uşaq dünyaya gətirən, onu böyüdüb boya-başa çatdıran, təlim-tərbiyəsində əsas və həlledici rol oynayan tərəf hesab edildiklərindən kişilərlə müqayisədə ümumiyyətlə, müəyyən güzəşt və imtiyazlara sahib olmalıdırlar.
O cümlədən, pensiya hüququ məsələsində də.
Belə ki, qadınların pensiya hüququ əldə etmək yaşları kişilərdən azı 3 il aşağı səviyyədə təşkil etməlidir. Bunu bir sıra xarici ölkələrin təcrübəsi də sübut edir. Elə ölkələr var ki, qadınlar ilə kişilər arasında pensiya yaşı əldə etmək hüququna sahib olmaq arasında 5 il fərq mövcuddur.
Bəs, bizdə niyə belə deyil? Nəyə görə qadınlarımızın pensiya hüququ əldə etmək üzrə yaş həddi hələ bundan sonra da iki dəfə 6 ay artırılaraq kişilərlə bərabər səviyyəyə - 65 yaşa çatdırılacaq? Səbəb və məqsəd nədir?
Səbəb əslində aydındır, məqsəd isə bəri başdan qeyd edim ki, müvəqqəti xarakter daşıyır. Məsələ bundadır ki, ölkədə hazırkı pensiya-sığorta sistemi mexanizmi vətəndaşlara 65 yaşdan tez pensiyaya çıxmaq və yaxud pensiya hüququ əldə etmək imkanı vermir. Hər şey vətəndaşın əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqları, yığa bildiyi pensiya kapitalı, iş stajı və sairədən asılıdır. Bunlar elə təşkil olunmalıdır ki, vətəndaşın gələcəkdə əldə edəcəyi aylıq pensiya məbləği qaneedici təşkil etsin, Dövlət Sosial Müdafiə Fondu (DSMF) maliyyə sarıdan dövlət büdcəsindən asılı olmasın.
Hazırkı yaş həddi bu məsələlər nəzərə alınaraq müəyyən edilib.
Yəni bütün bunlar əslində, kifayət qədər bəlli məsələlərdir. Lakin son illər DSMF-nin dövlət büdcəsindən asılılığı xeyli azalıb. Bu, yığımlarla bağlıdır. Belə ki, əvvəla, 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları ödənişlərinin DSMF-dən alınaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilməsi böyük əhəmiyyət kəsb etdi.
İkincisi, bundan əlavə, qeyd olunan ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə məcburi dövlət sosial sığorta haqlarının faizi artırıldı. Üçüncüsü, paralel olaraq, çoxlu sayda əmək müqaviləsi olmadan işə cəlb edilmə faktlarının aşkarlanması və sair hesabına, DSMF-nin büdcəsinin ildən-ilə artması müşahidə edilməyə başlandı ki, bu da sözügedən quruma dövlət büdcəsindən köçürməni azaltmaq üçün müvafiq imkanlar yaratdı. 2019-cu ildən start götürərək sözügedən Fonda dövlət büdcəsindən ödənişlər azaldılmağa başlandı.
Yeri gəlmişkən, adıçəkilən Fondun cari il büdcəsinə də məlum olduğu kimi dəyişiklik edilib. Belə ki, DSMF-nin büdcə gəlirləri və xərcləri ilə bağlı proqnoz 6 919,9 milyon manatdan 6 949,9 milyon manata çatdırılıb ki, bu, məcburi dövlət sosial sığorta haqları ilə bağlı proqnozun 5 288,1 milyon manatdan 5 478,1 milyon manata yüksəlməsi, əvəzində isə dövlət büdcəsindən ayrılan vəsaitin 1 392 milyon manatdan 1 232 milyon manata endirilməsi ilə xarakterizə olunub.
Sözün qısası, gedişat onu deməyə əsas verir ki, ölkədə kişilərin olmasa da, qadınların pensiyaya çıxmaq hüququnu hər halda yaxın gələcəkdə hətta 60 yaşa qədər belə salmaq mümkündür. Ancaq bundan ötrü, DSMF-nin maliyyə imkanları geniş olmalı, ölkədə özəl pensiya fondları fəaliyyət göstərməli, hər bir vətəndaşın işlədiyi yerdə istənilən məbləğdə pensiya kapitalı toplaya bilməsi üçün müvafiq imkan və şərait olmalıdır.
Ümumiyyətlə, bizdə bir çoxumuz pensiya hüququ əldə etmək məsələsinə hələ də çox bəsit yanaşırıq. Hər bir dövlət və hökumət istəyər ki, vətəndaşı ondan razı qalsın, işdən çıxdıqdan sonra yüksək səviyyədə müavinət və pensiya alsın, əhalisinin vaxtından əvvəl pensiyaya çıxmaq istəyini reallaşdıra bilsin və sair.
Ancaq bunun üçün müvafiq şərtlərin təmin olunması vacibdir. Ən böyük şərt isə ondan ibarətdir ki, gərək vətəndaşların əməkhaqları yüksək olsun, onlar lazımi səviyyədə sosial sığorta haqları ödəyə bilsinlər. Çünki dövlət bütün növ sosial və pensiya ödənişlərini sırf olaraq öz cibindən ödəyə bilməz.
Bu mənada, pensiya yaşı müəyyən edilərkən DSMF-in imkanları nəzərə alınır. Yəni, sözügedən məsələyə ölçü-biçi ilə yanaşılır. Başqa sözlə, pensiya ödənişləri üçün tələb olunan vəsaitin haradan və necə əldə olunduğu nəzərə alınır.