Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazir: "Azərbaycan dünyanın prioritet hesab etdiyi "yaşıl keçid"in əsas iştirakçılarından biridir"
"Azərbaycan bir sıra ciddi təşəbbüslər həyata keçirir. COP29-un fəaliyyət gündəliyində yer alan əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (IMFF) yaradılmasıdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə birlikdə keçirdiyi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumunda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"İqlim maliyyəsində mövcud olan boşluqların aradan qaldırılmasında bu fond mühüm rol oynaya bilər. Fondun kapitalının, əsasən, qalıq yanacaq istehsal edən ölkələr, eləcə də neft, qaz və kömür hasilatı ilə məşğul olan şirkətlər tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur", - deyə nazir vurğulayıb.
O bildirib ki, fondun əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə, eləcə də kiçik ada ölkələrində iqlim fəaliyyətinə investisiya yatırmaqla yanaşı, qalıq yanacaq ehtiyatlarına malik ölkələrin və bu sektorda fəaliyyət göstərən müəssisələrin "yaşıl keçid"ə olan töhfələrini artırmaqdır.
Nazir, həmçinin, qeyd edib ki, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (IMFF) fəaliyyətə başlaması üçün ilkin olaraq 1 milyard ABŞ dolları məbləğində kapital toplanması və ən azı 10 donor ölkənin fonda qoşulması planlaşdırılır:
"Fikrimizcə, COP29 çərçivəsində bu məsələ əsas müzakirə mövzularından biri olacaq".
"Bu gün Azərbaycan dünyanın əsas prioritet hesab etdiyi "yaşıl keçid"in əsas iştirakçılarından biridir. Ölkəmizin iqlim dəyişikliyi məqsədlərinin qlobal çağırışlarla sıx uzlaşması artıq bizim üçün müəyyən təcrübə yaradıb" , - deyə nazir qeyd edib.
O bildirib ki, böyük enerji şirkətləri ilə icra edilən "yaşıl" layihələr ölkəmizin təmiz enerji ölkəsinə transformasiyasına, ekoloji tarazlığı dəstəkləyən investisiyaların təşviqinə hesablanıb:
"Biz müəyyən öhdəliklər götürmüşük".
Nazir əlavə edib ki, Azərbaycanın "yaşıl keçid" üçün həyata keçirdiyi tədbirlər ölkəmizlə məhdudlaşmır:
"Məqsədimiz bir sıra regional, hətta qlobal təşəbbüsləri reallaşdırmaqdır. Azərbaycanda tətbiq edilən təcrübələrin, müəyyən mənada pilot layihələrin ən azı regional tətbiqini qiymətləndirməliyik. Ölkəmiz bu prosesə bir çox töhfələr verə bilər. Təbii olaraq, bu prosesi təkbaşına həyata keçirməməliyik. İstənilən siyasətin və alətlərin geniş effektinə nail olmaq üçün onu beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirməliyik".
Məhərrəm Əliyev