Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Konfederasiya prezidenti: "Laçın hava limanının tikintisinin iki ilə başa çatdırılacağı gözlənilir"
"İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün müraciətlərin sayı hər gün artmaqdadır və müraciətlərin əksər hissəsi yerli sahibkarlardan daxil olur".
Oxu.Az xəbər verir ki, bunu Əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi üzrə "DOST Müfəttiş" layihəsinin təqdimatı zamanı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
Onun sözlərinə görə, dövlət tərəfindən müəyyənləşdirilmiş sahibkarlığa dəstək mexanizmləri qısa müddətdə bu ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin sayını daha da artıracaq:
"Qarabağ və Şərqi Zəngəzurda investisiya mühitinin qurulması üçün növbəti mərhələ sayılan fiziki infrastrukturun böyük hissəsi artıq qurulub. İşğaldan azad olunmuş ərazilər elektrik enerjisi ilə tam təmin olunub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə qoşulub. Nəqliyyat infrastrukturu tam sürətlə bərpa olunmaqla, ölkənin digər şəhər və rayonlarının yol infrastrukturu ilə birləşdirilir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ilə təmin olunması məqsədilə dövlət proqramında su anbarlarının, suvarma və paylayıcı kanalların, nasos stansiyalarının, subartezian quyularının, hidroqovşaqların və digər su təsərrüfatı obyektlərinin mərhələli şəkildə təmiri, bərpası və yenilərinin tikintisinin 2026-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılıb.
Postkonflikt ərazilərində artıq iki beynəlxalq hava limanı fəaliyyət göstərir. Üçüncü aeroportun - Laçın Beynəlxalq Hava Limanının tikintisinin isə iki il ərzində başa çatdırılacağı gözlənilir".
Könül Cəfərli