Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İqtisadiyyat naziri: "Alternativ enerji mənbələrinə keçid prioritetlərimizdən biridir"
"Biz müəyyən öhdəliklər götürmüşük. 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında növbəti ortamüddətli dövrdə elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının və tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin artırılması kimi hədəflər qoyulub. Yaxud COP28 çərçivəsində SOCAR-ın metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsini misal göstərmək olar".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə birlikdə keçirdiyi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumunda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Gündəliyimizdən danışarkən biz, həmçinin, qeyd etməliyik ki, alternativ enerji mənbələrinə keçid prioritetlərimizdən biridir. Azərbaycan bərpaolunan enerji mənbələri potensialı yüksək olan ölkələrdəndir. Bu sektora xarici sərmayələr cəlb etmişik, Günəş və külək elektrik stansiyaları inşa edirik. Azərbaycan aşağıkarbonlu texnologiyalar, tullantılardan enerji istehsalı, yaşıl hidrogen, bioyanacaq, o cümlədən metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq imkanlarını fəal şəkildə araşdırır. Bərpaolunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik", - deyə nazir qeyd edib.
Məhərrəm Əliyev