Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ekspert: “Tarif Şurasının dərmanlarla bağlı qərarı iş adamlarını sadə ekspertizaya sövq edəcək” - FOTO
“Azərbaycanda sadələşdirilmiş ekspertiza tariflərinin mövcud tariflərdən 20-29% az müəyyən edilməsi təsərrüfat subyektlərinin adi ekspertizadan daha çox sadələşdirilmiş ekspertizaya üstünlük verməsini stimullaşdırır”.
Bu barədə “Report”a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
O qeyd edib ki, bu tip ekspertiza ölkəyə idxal olunmuş dərmanın keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir:
“Dərman vasitələri haqqında” Qanunun birinci maddəsinin 34-cü bəndində qeyd edilir ki, sadələşdirilmiş ekspertiza dərman vasitələrinin xarici qeydiyyatda tanınması və xarici qeydiyyatda tanınmış dərman vasitələrinin idxalına icazənin verilməsi məqsədilə edilən ekspertizadır. Sadə dildə desək, sadələşdirilmiş ekspertiza o dərmanlara tələb edilir ki, onlar artıq xaricdə tanınıb. Yəni artıq müəyyən ölkələrdə tanınmış dərmanlar sadələşdirilmiş ekspertiza vasitəsilə Azərbaycanda qeydiyyata alına bilər. Əgər beynəlxalq səviyyədə tanınan bir dərman Azərbaycana idxal olunursa, onun Azərbaycanda ekspertizası sadələşdirilmiş formada həyata keçirilə bilər. Çünki bu dərman beynəlxalq arenada qəbul edilib. Keyfiyyətsiz olsa idi, qəbul edilməzdi”.
E.Əmirov hesab edir ki, sadələşdirilmiş ekspertiza tariflərinin azaldılması, əvəzində adi ekspertiza tariflərinin artırılması dərmanların qiymətinə təsir etməyəcək:
“Təsərrüfat subyektləri 99,9% ehtimalla hansısa qiymət artımına getməyəcək. Çünki bunun heç bir iqtisadi əsası yoxdur. Ekspertiza beş ildə bir dəfə aparılır. Bir il ərzində isə pərakəndə ticarət şəbəkəsində apteklərdə əczaçılıq məhsulları və tibbi ləvazimatlara bir milyard manatdan artıq vəsait xərclənir. Statistikaya görə, bu ilin yanvar-oktyabr aylarında apteklərdə bir milyard 39 milyon manatlıq dərman vasitələri və tibbi ləvazimatlar satılıb. Hətta ötən il bundan da çox olub. Odur ki, bir dərmanın burada qeydiyyatı üçün tarifin azalması o dərmanın qiymətinin azalmasına imkan verməyəcək. Eyni zamanda tarifin artması qiymətin artmasına gətirməyəcək. Yəni beş il ərzində tarif dəyişkənliyi dərman qiymətlərinə təsir edəcək gücdə olmur”.
Onun sözlərinə görə, xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza üzrə müddətin 11 gün müəyyən edilməsi bu növ ekspertizaya yönəlik fəaliyyətin stimullaşdırılmasıdır:
“Adi ekspertizanın müddəti 90 gündür, sadələşdirilmiş ekspertizanın isə müddəti 11 gündür. Belə olduqda ölkəyə dərman idxal edən təsərrüfat subyekti beynəlxalq aləmdə qeydiyyatda olan dərman vasitələrinin idxalına üstünlük verəcək. Çünki həmin dərmanlar idxal edilərkən 11 gün ərzində tanınacaq, tarifləri aşağı olacaq, təsərrüfat subyekti keyfiyyətli məhsul idxal edəcək və əhali belə dərmanları daha çox istehlak edəcək. Bütün hallarda bu prosesin dərman təchizatının yaxşılaşdırılmasına və əhalinin bu qəbildən olan məhsullarla keyfiyyətli formada təmin olunmasına hesablanmış addım olduğunu düşünürəm”.