Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Cari ildə Sumqayıt Kimya Sənaye Parkında iki müəssisə fəaliyyətə başlayacaq
Bu il Sumqayıt Kimya Sənaye Parkında iki müəssisənin ("Kartaş Kimya" MMC-nin kimyəvi tikinti məhsullarının, "Az-Tex-Import" MMC-nin "IVECO" markalı az, orta və çoxtonnajlı yük avtomobillərinin istehsalı müəssisələri) fəaliyyətə başlaması nəzərdə tutulur. Bununla əlaqədar iyulun 17-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Kartaş Kimya" MMC-nin kimyəvi tikinti məhsullarının istehsalı müəssisəsinə media nümayəndələrinin tanışlıq səfəri təşkil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə İZİA məlumat yayıb.
Bildirilib ki, "Kartaş Kimya" MMC-nin direktoru Necmeddin Taşbağ media mənsublarına zavodun tikintisi istiqamətində görülmüş işlər, qarşıda duran hədəflər barədə məlumat verib.
Bildirilib ki, artıq kimyəvi tikinti məhsullarının istehsalı müəssisəsində tikinti işləri tamamlanmaq üzrədir. Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 250 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 20 milyon manatdır, layihə üzrə indiyədək görülən işlərə artıq 15 milyon manatdan çox sərmayə qoyulub.
Zavodda kimyəvi tikinti məhsullarının istehsalı ilə yanaşı, ölkə ərazisində ilk dəfə olaraq müxtəlif təyinatlı su izolyasiya materiallarının və zəmin döşəmə məhsullarının istehsalı nəzərdə tutulur.
"Kartaş Kimya" MMC-yə 2022-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılır. Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.
Tədbir çərçivəsində KİV nümayəndələri Sumqayıt Kimya Sənaye Parkının ümumi fəaliyyəti barədə məlumatlandırılıb. Diqqətə çatdırılıb ki, Cənubi Qafqazın ən böyük sənaye Parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 6.2 milyard manat olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Parkda hazırda 24 müəssisə fəaliyyət göstərir, bu il daha iki müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Yeni fəaliyyətə başlayacaq müəssisələr tərəfindən Sənaye Parkına ümumilikdə 40 milyon manata yaxın investisiya qoyulmaqla 300-dən artıq əlavə iş yeri yaradılacaq.
Bundan başqa indiyədək Sənaye Parkına 5.5 milyard manatdan çox sərmayə yatırılıb, 6800-dək artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 554 milyon manat investisiyanın yatırılması, 2200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək parkın rezidentləri tərəfindən ümumilikdə 11.6 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 4.1 milyard manatdan çox hissəsi (təxminən 35.3 faizi) ixracın payına düşür.
Cari ilin birinci yarısında Sumqayıt Kimya Sənaye Parkında 1.3 milyard manatlıq məhsul istehsal edilib, bunun da 455 milyon manatlıq hissəsi ixrac edilib.
"İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA)" teqi üzrə xəbərlər
- Elçin Kazımov: "Ağdam Sənaye Parkında iki mindən çox iş yerinin yaradılması nəzərdə tutulur"
- Azərbaycanda il ərzində 100 ədəd yük avtomobili istehsal ediləcək
- Kamran Rəhimli: "Açılışı olacaq iki müəssisə iki milyon manata yaxın vəsaitə qənaət edib"
- Sumqayıt Kimya Sənaye Parkında yük avtomobillərinin istehsalı müəssisəsi fəaliyyətə başlayacaq
- Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyasının qurulması nəzərdə tutulur